Nigar İsmayılova-1986-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsinin “Tətbiqi Riyaziyyat” ixtisasını bitirib. Texnika üzrə fəlsəfə doktorudur. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tətbiqi və tanıma sistemlərində tətbiqi (2011-2014)” adlı dissertasiyanı müdafiə edib. Elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.
– Azərbaycan Mill Elmlər Akademiyası “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alim sırasında Sizin də namizədliyinizi irəli sürəcək. Bu uğura aparan yol haqqında, daha doğrusu bu yolun əsas mənzilləri haqda nələri deyə bilərsiniz?
– Bu yolun əsas mənzillərini ADNA-nın “Tətbiqi riyaziyyat” kafedrası və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə bağlayıram. 6 il təhsil aldığım və 2 il assistant kimi çalışdığım kafedradakı qocaman müəllimlər, qayğıkeş və tələbkar elmi rəhbər,həmçinin 6 ildir çalışdığım elmi-tədqiqat institutunun elmi şurası nailiyyətlərimin əsas təşəbbüsçüləridir.
-Dəqiq elmlərlə məşğul olan alim üçün Ermənistanın Azərbaycana təcavüzü, məruz qaldığımız soyqırım aktları və s. bu kimi məsələləri necə deyərlər elm müstəvisində öyrənilə bilməz. Elə deyilmi?
– Xeyr, məncə elə deyil. Çünki mənim də müəyyən dərəcədə tədqiqat apardığım qeyri-səlis çoxluqlar nəzəriyyəsi, ümumiyyətlə süni intellekt sahəsində əldə olunan nailiyyətlər bir çox faktların sübut olunmasında yararlı ola bilər.
– Erməni əsilli alimlərin sizin elmi maraqlar müstəvisində işləri ilə tanışsınızmı?
– Bəli, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi sahəsində bir sıra işlər var, məsələn, Ermənistan Milli Elmlər Akademiyasının əməkdaşı şahmat oyununda yüksək dərəcələrin təyin olunmasında qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə etmişdir, lakin qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi həmyerlimiz, Lütfi Zadənin əsərlərinə istinad göstərməmişdir və onun məqaləsidə hələ ki, istinad almamışdır. İrəvan Dövlət Universitetinin digər qrup alimləri qeyri-səlis məntiqin müəyyən modifikasiyaların ıaraşdırmışlar, dünyada qeyri-səlis çoxluqlar haqqında ilk material olan Lütfi Zadənin “Fuzzy Sets” məqaləsinə istinad göstərmişlər. Yenə də Ermənsitan Milli Elmlər Akademiyasının İnformatikavə Avtomatika Problemləri İnstitutunun bir sıra əməkdaşları neyron şəbəkələr vasitəsilə tanıma məsələlərini araşdırmışlar. Bu istiqamətlərdə xaricdə fəaliyyət göstərən erməni əsilli alimlər haqqında heç bir məlumatım yoxdur, çünki nə apardığım icmal xarakterli araşdırmalarda, nə də iştiraketdiyim Beynəlxalq səviyyəli konfrans və simpoziumlarda erməni soyadları müşahidə etməmişəm.
Hal-hazırda araşdırdığım bibliometriya və elm metriya sahəsində isə erməni əsilli alimlərin işlərinə ümumiyyətlə rast gəlməmişəm.
– Planlarınız haqda danışaq. Etiraz etmirsinizsə.
– Yaxın gələcək üçün planlarım Avropada bibliometriya ilə məşğul olan alimlərin və qurumların fəaliyyəti ilə yaxından tanış olmaq, onlarla elmi əməkdaşlıq yaratmaq, tədqiqatlarımda əldə etdiyim nəticələri nüfuzlu jurnallarda nəşr etdirmək və gənc alim marafonunu davam etdirərək ən qısa zamanda doktorluq dissertasiyasını müdafiə etməkdir.
Dadaş Musayev,
1905.az