ABŞ-da çıxan nüfuzlu “The Wall Street Journal” Amerika fotojurnalistinin “Ocaq axtarışı: Ed Kaşinin Azərbaycanın məcburi köçkünlərini əks etdirən fotoşəkilləri” sərlövhəli fotoreportajını dərc edib.
Məqalədə deyilir ki, son 20 ildə Azərbaycanda bu ölkənin Dağlıq Qarabağ regionunda öz doğma yurd-yuvalarını tərk edən məcburi köçkünlərin çoxminlik icması yaşayır. Müəllif yazır ki, onların bəziləri heyvandarlıq fermalarının baxımsız binalarına öz evi kimi baxır, bəziləri isə artıq 20 ildir doğma ev-eşiklərinə qayıtmaq həsrəti ilə yaşayır. E.Kaşi bildirir ki, bu insanların güzəranı çox çətindir.
E.Kaşi məcburi köçkünlərin və qaçqınların vəziyyətini göstərmək üçün VII Photo agentliyi tərəfindən bir həftə müddətinə Azərbaycana ezam olunub. Müəllif fotoreportajını “Həll edilməyən arzular” adlandırıb. Bu adın özü Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin həllini gözlədiyi münaqişənin bu günə qədər nizama salınmadığından xəbər verir.
Məqalədə deyilir ki, Ermənistan qoşunları regionu nəzarətdə saxlayır. Fotojurnalist vurğulayır ki, məcburi köçkünlər münaqişə həll edilən kimi öz doğma yurdlarına qayıtmaq istəyirlər. Onlar şəraitə uyğunlaşmağa çalışsalar da, heç biri burada qalıb yaşamaq arzusunda deyil. E.Kaşi sonda yazır: “Onlar yaşadıqları qəsəbələrə müvəqqəti sığınacaq kimi baxır, qaçqın statusunun tezliklə bitəcəyinə, həyatlarını doğma torpaqlarında yenidən quracaqlarına inanırlar”.
AzərTAc