Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, iqtisadi inkişaf və təhsil sahələrində dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera planlaması üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, Qarabağ Universitetində keçid ballarının yüksək olması ictimaiyyətin universitetə və dövlətin bölgədəki təhsil siyasətinə inamını bir daha sübut etdi. Abituriyentlər və valideynlər bu təhsil müəssisəsinə böyük maraq göstərdi və yüksək ballarla qəbul prosesi universitetin nüfuzunu daha da artırdı.
Ramin Nurəliyev klinikanın açılmasının universitetdə tibb ixtisaslarının yaradılacağına dair mühüm bir addım olduğunu söyləyib: “Növbəti tədris ilində Qarabağ Universitetində ixtisasların sayı artırılacaq. Klinikanın fəaliyyətə başlaması tibb, stomatologiya və digər ixtisasların tədrisinə müsbət təsir göstərəcək. Beynəlxalq təcrübədə də universitetlərdə tibb ixtisasının açılması üçün ilk növbədə klinika və ya xəstəxananın olması tövsiyə olunur. Türkiyədə də bu prinsip tətbiq edilir.
Bununla yanaşı, Qarabağ Universitetində klinikanın açılması Azərbaycanın ali təhsil sahəsində inkişafına mühüm töhfə verəcək. Universitetin müasir texnologiyalar və avadanlıqlarla təchiz olunması, yüksək keçid balları ilə tələbə qəbulu, dövlətin dəstəyi və qayğısı onun qlobal rəqabət qabiliyyətini artıracaq.
Hazırda Azərbaycanda tibb ixtisasları yalnız Tibb Universitetində tədris olunur. Qarabağ Universitetində bu ixtisasın açılması həm bölgənin inkişafına xidmət edəcək, həm də onun Tibb Universiteti ilə rəqabət imkanlarını genişləndirəcək. Bu, təhsilin keyfiyyətinin yüksəlməsinə, universitetin beynəlxalq aləmdə tanınmasına və xarici tələbələrin cəlb olunmasına səbəb olacaq”.
Ekspert bildirib ki, qəbul imtahanlarında Qarabağ Universiteti Azərbaycanın aparıcı universitetləri ilə ciddi rəqabətə girdi: “Universitetin sürətli inkişafı, ona göstərilən dövlət dəstəyi və ictimaiyyətin marağı bu təhsil müəssisəsinin nüfuzunu daha da artırır.
Tibb ixtisasının açılması Qarabağ Universitetinin mövqeyini gücləndirəcək. Beynəlxalq təcrübədə tibb ixtisası yalnız müəyyən şərtlərə cavab verən universitetlərdə yaradılır. Bu baxımdan Qarabağ Universitetində klinikanın fəaliyyətə başlaması və gələcəkdə tibb ixtisasının açılması universitetin beynəlxalq reytinqini artıracaq və xarici tələbələrin bu universitetə marağını yüksəldəcək.
Eyni zamanda, klinikanın fəaliyyəti bölgədə yaşayan insanların tibbi ehtiyaclarını qarşılamaqla yanaşı, Tibb fakültəsinə qəbul olan tələbələrin nəzəri biliklərini təcrübə ilə möhkəmləndirməsinə böyük imkan yaradacaq. Klinikada aparılacaq təcrübələr tələbələrin tibbi biliklərə yiyələnməsinə və onların gələcək fəaliyyətlərinə mühüm töhfə verəcək.
Bütün bu addımlar Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınan, yüksək reytinqli bir təhsil müəssisəsinə çevrilməsinə xidmət edir”.