Politoloq Tofiq Abbasovla general Vasilyevin Dağıstana təyin edilməsini müzakirə etdik.
– 1986-cı ildə milliyyətcə rus olan Kolbinin Qazaxıstan KP MK-nın birinci katibi təyin olunmasını qazaxlar özlərinə qarşı təhqir kimi qarşılamış və geniş etirazlara başlamışdılar. Bu hadisə SSRİ-nin dağılmasına təkan verən hadisələrdən biri olmuşdu. 1948-ci ildən bəri Dağıstana da bu respublikadakı xalqlardan heç birinin nümayəndəsi olmayan adam rəhbərlik etməyib. Sonradan məlum oldu ki, Dağıstanın yeni təyin olunmuş prezidenti Vasilyevin atası qazaxdır, özü də polis general-polkovnikidir. Bu təyinatı necə dəyərləndirirsiniz?
– İlk növbədə bu təyinat Dağıstanda vəziyyətin çox gərgin və mürəkkəb olmasından xəbər verir. Rusiya rəhbərliyi – konkret Putin, Medvedev, Dumanın spikeri və başqaları Şimali Qafqazdan, xüsusilə Dağıstandan danışanda həmişə vurğulayırlar ki, orada korrupsiya tüğyan edir, klan sistemi var və s. Məgər Rusiyanın başqa bölgələrində korrupsiya yoxdur? Komi Respublikasının rəhbərini, Saxalinin qubernatorunu korrupsiyaya görə həbs etmədilərmi? İqtisadi İnkişaf naziri Ulyukayevi rüşvətxorluqda ittiham etmirlərmi? Kreml məmurlarının, Duma dəhlizlərində dolananların korrupsiyaya aidiyyatları yoxdurmu? Əşər Şimali Qafqaz respublikalarında korrupsiya varsa, Moskvada da var. Söhbət klanlardan gedirsə, ən böyük klan elə Moskvada əyləşib. Rusiyada apriori bütün bəlalara görə məsliyyəti Şimali Qafqazdakı müsəlman respublikalarının üzərinə yıxırlar. O ki qaldı Vasilyevin təyinatına, unutmayaq ki, o, ata tərəfdən qazaxdır və şərq mentalitetinə yaxın adamdır. Mən Çimkənddə hətta onun atasının məzarını da görmüşəm. Atası vəfat edəndən sonra anası Rusiyaya köçüb. Soyadını da uşaqlarına verib ki, gələcəkdə karyera baxımından problemləri olmasın. Çünki bu baxımdan Rusiya cəmiyyəti bir qədər məkrlidir. Hətta qarışıq ailələrdə uşaqların adları ilə bağlı ailə daxilində böyük diskussiyalar gedir. Beləliklə, Vasilyevin müsəlman mentalitetinə aidiyyatı var. Yadınızdadırsa, ondan əvvəl Sergey Melikovun təyinatı ilə bağlı söhbət gedirdi.
– Bəli, ləzgi əsilli generaldır. Rosqvardiyanın rəis müavinidir.
– Amma o, əsil hərbçidir. Vasilyev isə keçmiş polisdir. Mənə elə gəlir ki, Ramazan Abdulatipov güclü siyasətçi olsa da, Dağıstanda işləyə bilmədi. Hərçənd söyləyirlər ki, guya istefası yaşı ilə bağlıdır. Yaşına rəğmən, Abdulatipov gümrah adamdır. Abdulatipov bacarmadı və bu işi üzərindən atdı. Dağıstan çox riskli bölgədir
– Amma Ramazan Abdulatipovun təyinatından sonra Dağıstanda terror hadisələri xeyli azalmışdı.
– Onlar elə deyirlər. Dağıstan nahiyələrə bölünüb. Hərəsi bir klanın, bir komandirin, ya hansısa yaraqlınındır. Orada baş saxlamaq çox çətin məsələdir. Mənə elə gəlir ki, əvvəlcə orada Çeçenistan modelini tətbiq etməyə çalışıblar. Yəni Melikovun təyinatını istəyiblər. Lakin monitorinq aparandan sonra fikirlərindən daşınıblar. Çünki Çeçenistan etnik baxımdan monorespublikadır. Dağıstanda isə güclü klanlar var. Həm də ləzgilərin nümayəndəsi indiyə kimi heç vaxt birinci kürsüdə əyləşməyib. Mərhum Əziz Əliyevin şəxsində azərbaycanlılar olub, amma ləzgilər olmayıb. Ümumiyyətlə, ləzgilərin mövqeyi ancaq Dağıstanın cənubunda, Dərbənd zonasında güclüdür. Amma Mahaç-Qalada hakimiyyət rıçaqları veriləcək səviyyədə güc sahibi deyillər. Mənə elə gəlir ki, indi əsas məsələ Dağıstanda vəziyyəti cilovlamaqdır və Vasilyevin də təhlükəsizlik məsələləri ilə bağlı öz konsepsiyası var. Hər halda uzun müddət Rusiya Dövlət Dumasında təhlükəsizlik məsələləri komissiyasının üzvü və sədri olub. Bu baxımdan nisbətən neytral seçim edilib. Vasilyev sözsüz ki, keçid fiqurudur. Məncə, onun əsas vəzifəsi ondan ibarətdir ki, monitorinqi dərindən aparsın, qüvvələr nisbəti ilə bağlı öz müşahidələrinə rəhbərliklə bölüşsün. Vaxtilə Osmanlı və Qacarlar dövlətində vəziyyəti mürəkkəbləşdirəndən sonra ingilis kəşfiyyatı şəxsiyyət axtarışında idi. Nəhayət İrandakı rezident xəbər vermişdi ki, belə bir adam tapıb və o, öz sözünə əməl edəcək insandır. Beləcə Rza şahın namizədliyi üzərində dayanılmışdı. Görünür, Vasilyevin missiyası da etibar edilə biləcək şəxsin tapılması ilə bağlıdır. Çünki Dağıstanda avarların, darginlərin, kumıkların və başqalarının mövqeləri nəzərə alınmalıdır. Çünki boşluq yaranandan sonra Məhəmmədrəsul Məhəmmədovun tərəfdarları artıq onun gəlməsini bayram etməyə başlamışdılar. Lakin onu təsdiq etmədilər.
– Məhəmmədrəsul Məhəmmədov həm də çox yaşlıdır axı.
– Yaş məsələsi də ola bilər. Amma orada pay bölgüsü məsələsi də var.
– Hansı bir xalqın nümayəndəsinə etimad göstərilsə, yerdə qalanları təbii ki, narazı qalacaq. Ora daha çox avarlar rəhbərlik edib.
– Orada darginlərin də mövqeyi kifayət qədər güclüdür. Əsas qruplar laklar, avarlar, darginlər və kumıklardır. Bur dörd qrup dominant qrup sayılır. Onlardan hər hansı biri gəlirsə, o birilərinə də pay verilir.
– Yəni şərti olaraq desək, Livan variantıdır…
– Bəli. İndi görünən odur ki, orada vəziyyət təsəvvür etdiyimizdən də gərgindir. Əhalinin əlində xeyli silah-sursat var. Dini ekstremizm güclüdür.
– Dağıstan Azərbaycanın şimal sərhəddidir. Biz Rusiya ilə Dağıstan vasitəsi ilə həmsərhədik. Bu respublikada baş verənlərin bizə nə təsiri ola bilər?
– Heç bir dövlət istəmir ki, onun sərhəsləri boyunca gərgin nöqtələr olsun. 1990-cı illərin axırlarında, 2000-ci illərin ortalarında bizim xüsusi xidmət orqanlarımız həmin sərhəd boyunca dəfələrlə əməliyyatlar keçiriblər. İlqar Mollaçıyev hadisəsini xatırlamırsınızmı? Milliyyətcə azərbaycanlı deyildi, Dağıstan xalqlarından birinin nümayəndəsi idi. Amma Azərbaycan vətəndaşı idi. Azərbaycanda çoxlu cinayət törətmiş, adam öldürmüş, qarətlə məşğul olmuşdu. Əsas baza yeri Pankisi dərəsi və Dağıstan idi. Onların bu ərazidən trafikləri var və trafikin marşrutunu tez-tez dəyişirlər. Çünki istər-istəməz xüsusi orqanlar onların izinə düşür, təqib edirlər. Qonşu dövlətlər arasında strateji informasiyanın mübadiləsi mövcuddur. Bu baxımdan Dağıstanın turbulent respublika kimi qalması bizə lazım deyil. Dağıstan nə qədər gərgin olsa, bir o qədər bizim problemimiz çox olacaq. Çünki müxtəlif sürüşkən ünsürlər, axtarışda olanlar saxta sənədlərlə burdan-ora, ordan da bura keçəcəklər. Dağlar boyunca məxfi keçid var. Hətta bələdçilər Şəkidən, Qaxdan kimisə ora keçirə bilərlər. Dağıstanda terror şəbəkəsinin əsaslı bazası var, mövcuddur. Bunu heç kəs inkar edə bilməz. Bu baxımdan Dağıstan həm Rusiya, həm də Azərbaycan üçün böyük risklər mənbəyidir. Yadınızdadırmı, birinci Çeçenistan müharibəsi zamanı nə qədər həmin respublikfdan Azərbaycan çeçen ailələri axışdı. Vəziyyət gərginləşən kimi kimlərsə o tərəfə, bu tərəfə keçməli olacaq. Mən əminəm ki, Dağıstanda vəziyyəti bu tezliklə cilovlamaq mümkün olmayacaq. Dağıstan Çeçenistan deyil. Çeçenistanda ordu cüzi təmizləmə edə bildi. Yalnız Ramzan Kadırova tam səlahiyyət verildikdən sonra vəziyyət normallaşdı.
– Ramzan Kadorovla general Vasilyev arasında münasibətlər necə ola bilər? Kadırovla İnquşetiya prezidenti, həmçinin general olan Yevkurov arasında münasibətlər o qədər də isti deyil.
– Ramzan Kadırov Putinə “ata” deyə müraciət edir. Amma Yevkurov həqiqi generaldır, Əfqanıstanda xidmət edib, sülhməramlılara komandanlıq edib. Dağıstanda vəziyyəti nəzarət altına götürmək üçün ilk növbədə sərhədləri nəzarət altına götürmək lazımdır.
– Dağıstanın sərhədi Azərbaycanladır, daxili sərhədi isə Çeçenistanla və Kalmıkiya ilədir.
– Mən daxili sərhədi nəzərdə tuturam. Kalmıkiya ilə sərhəd səhralıqdır və istifadə olunmur. Burada Çeçenistan yaraqlılarının Dağıstana, Dağıstandakı bəzi ünsürlərin isə Çeçenistana keçməsi adi hal alıb. Ona görə də həmin sərhədi nəzarətə götürmək lazımdır. Ola bilsin ki, generallar – hərbi təcrübəsi olan şəxslər bu prosesdə daha səriştəlidilər. Amma bəlkə də hansısa mülki şəxs bu işin öhdəsindən gəldi. Onsuz da bu proses hərbiçilərin iştirakı ilə həyata keçirilməlidir. Dağıstanda, Şimali Qafqazda generalların hakimiyyətdə olmaları həmin bölgənin xalqları tərəfindən heç də birmənalı qarşılanmır. Bu, sadəcə vəziyyətin çox gərgin olduğunu göstərir.
– Dağıstanda azərbaycanlılar da yaşayır. Onlar Dağıstanın palitrasında, vəzifələrin bölgüsündə görünürlərmi?
– Azərbaycanlılar daha çox Dərbənd bögəsində yaşayırlar. Dərbənddə yaşayırlar və orada çox böyük təzyiqlərə məruz qalırlar – mədəni və humanitar baxımdan. Azərbaycanlıların əslində Dağıstanın taleyində haqqı böyükdür. Necə ki, vaxtilə Azərbaycandan Türkmənistana onilliklər boyu mütəxəssislər gedir və müxtəlif sahələri dirçəldirdilərsə, Dağıstanda da azərbaycanlılar çox çalışıblar. Dərbənd də tarixən azərbaycanlıların yaşadıqları bir yerdir. Qədimdən orada yaşayan çox böyük nəsillər var. Öz məscidləri, mədəniyyət mərkəzləri olub. Mahaç-Qalada da qismən azərbaycanlılar var idi. Mətbuatda, özəl biznesdə çalışırdılar. Dağıstan həm də ona görə mürəkkəb bölgədir ki, orada təşəkkül tapmış etno-dini struktur göründüyü kimi deyil. Yəni üzdə olan mənzərə ilə yanaşı, görünməyən tərəflər də var. Çünki dağıstanlıların Moskvada çox böyük diasporları var. Mən onların bəziləri ilə vaxtilə görüşmüşəm. Bu baxımdan Dağıstanda inteqrasiya məsələsi bir o qədər də asan deyil. Ümumən isə Dağıstanda azərbaycanlılara münasibət müsbətdir. Azərbaycan üçün Dağıstanın əhəmiyyəti böyükdür. Ramazan Abdulatipov çox istəyirdi ki, Azərbaycanla transsərhəd alış-verişi gücləndirsin. Hətta Dağıstan-Azərbaycan sərhədi boyunca azaq iqtisadi zona yaradılması planı da vardı. Hər halda mən hesab edirəm ki, Vasilyevin təyinatı təsadüfi deyil. Və o Dağıstana xüsusi təyinatlı şəxs kimi gəlib. Amma hələlik yerli klanlar onu qəbul etmirlər.
– General Vasilyevin təyinatı yerli xalqlara etmiadsızlıq deyl ki?
– Dağıstan dotasiyada olan bir subyektdir. Rusiyada dotasiyada olan subyektlər çoxdur. Amma Dağıstan daha çox dotasiya tələb edir. Orada çoxuşaqlılıq vüsət alıb, sosial təminat tələb edənlər çoxdur. Oraya çoxlu maliyyə gedir, amma büdcəyə daxilolmalar azdır. İndi infrastruktur dəyişimləri üçün də oraya maliyyə ayrılır. Yerli klanlar isə bu büdcə vəsaitini öz aralarında bölürlər. Düzdür, bu rəsmi şəkilə etiraf olunmur, amma həqiqət belədir. Təsadüfi deyil ki, Jirinovski deyirdi ki, Şimali Qafqazı tikanlı məftillə hasarlamaq, orada yaşayan insanların kənara çıxmalarına imkan verməmək lazımdır. Orada nə qədər istəyirlər doğub, artsınlar. Ona görə də Rusiya indi hesablamağa başlayıb ki, Dağıstana çox maliyyə qoyulur, amma verdiyi çox cüzidir. Başqa sözlə, xeyri zərərindən azdır. Həm də başa düşürlər ki, yerli klanları 1-5 gün ərzində pərən-pərən salmaq mümkün deyil, bura Şərq bölgəsidir. O struktura, sxemə girmək çox çətindir. Vasilyev orada nə baş verdiyi haqqında mərkəzi məlumatlandırmalıdır. Və mərkz burada nəyi, necə dəyişə bilər?
– Dağıstanda Vasilyevə qarşı açıq çıxışlar ola bilərmi?
– İnanmıram. Onlar bilirlər ki, Vasilyev də Şərq mentalitetli adamdır. “Nord-Ost hadisələri”ni xatırlayırsınızmı? O vaxt əməliyyatlar haqqında əsas məlumat verən, danışan şəxs Vasilyev idi. Həmin qaynar hadisələr zamanı Moskva Vasilyevi iərli çıxarmışdı. Hətta son əməliyyatla bağlı geniş açıqlamanı da Vasilyev vermişdi.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az