Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə ərazimizin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir.
Həmçinin qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
F.Hüseynov, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib və bu əlaqələrin bundan sonrada davam edəcəyinə əminliyini ifadə edib.
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar.
Nümayəndə heyəti daha sonra Zəngilan rayonundan məcburi köçkün Salam Quliyevin mənzilində olub və ailə ilə söhbət ediblər.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Toivo Klaar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
https://az.trend.az/azerbaijan/politics/2863368.html