Müstəqillik, özü ilə birgə “tolerantlıq” kəlməsini də gətirdi. Hərfi mənası dözümlülük, səbr anlayışlarını özündə ehtiva edən “tolerantlıq” kəlməsi nəzəriyyədə olduğu kimi təcrübədə də eyni meyarları ilə qoruya bilirmi? Ümumiyyətlə, 25 illik zaman kəsimində “tolerantlıq” anlayışı bizə nələri qazandırıb?
Bir millət olaraq sözün həqiqi mənasında tolerant xalqıq. Erməniliyin bu qədər təcavüzü, zorakılığı, haqsızlığı qarşısında başqa hansı millət dözüm gətirərdi, bilmirəm.
Tolerantlıqla ilkin tanışlıq əsasən seminarlar, konfranslar, təlimlər çərçivəsində olur. Kimlərə? Hansı məqsədlə? suallarına cavab axtarsaq:
Mövzu – “Tolerantlıq”;
Hədəf – Gənc fəallar;
Məqsəd – İnsanları müharibə edən xalqların sülh şəraitində yaşamalarına psixoloji hazırlamaq.
Məlum məsələdir ki, bu yöndə işlər, yerli və beynəlxalq QHT-lərin, dövlət dəstəyinin gücünə başa gəlir. İldə bir neçə dəfə, Qafqaz xalqlarının gənc və ya gənclik, orta yaş arasında fəallar cəlb olunur. Vurğu əsasən Azərbaycan və Ermənistan nümayəndələrinə edilir. Neytral zonada – Tiflisdə düzənlənən görüşlər sayəsində barışığın bir növ ilk zəmini qurulur. Bunun əsnasında da müəyyən araşdırmalar aparılır. Yəni, bitmək bilməyən səssiz müharibənin nəticəsindən asılı olmayaraq azərbaycanlı və erməni üz-üzə gəldiyi halda reaksiya necə olacaq? Bəsit dildə desək, iki düşmən xalqın real şəraitdə qarşılaşmasının dözümlülüyü sınanır, məşq edilir. Təbii ki, fərqli metodlarla. Kimlərəsə bu metod təsir göstərir, kimlərəsə yeni tanışlıqlar, Bakının stresindən bir neçə günlük də olsa, qurtulub huzurlu Tiflisdə istirahət üçün sadəcə bir fürsət yaranır. Bənzər seminarlarda dəfələrlə iştirak edən jurnalist olaraq mənə maraqlı tərəf həm də görüşün pərdəarxası epizodlarıdır. Yəni, iki ölkəni təmsil edən iştirakçıların bir-birlərinə münasibətdə səmimilik dərəcəsi, görüş zamanı və sonrası 180 dərəcə dəyişən mövqelər və s.
******
Ermənistan tərəfi görüşlərə daha çox 19-20 yaşlı gəncləri gətirməyi tərcih edir. Hansı ki, ömründə canlı olaraq görmədiyi azərbaycanlı obrazını təsəvvüründə, təkcə oxuduqlarına, eşitdiklərinə, televiziyada, internetdəki nifrət dolu təbliğata istinadən canlandırır. Üstəlik, beynəlmiləl sovet yetişdirməsi olan ermənidən çox məhz çox gənc yaşlı nəslin beyni ilə “işləmək” onlara görə daha effektlidir. Baxmayaraq ki, görüş üçün seçilən gənclərin əksəriyyəti savad və dünyagörüşdən kasad olmurlar. Amma buna rəğmən seçim zamanı azərbaycanlı ilə “davranmaq” təlimatları əvvəlcədən qrup rəhbərləri tərəfindən beyinlərə yeridilir. Bunun praktik davamı isə görüş zamanı baş verir. Həmin seminarların yazılı təsvirini versək, belə bir real mənzərə alınar. Görüş üçün ayrılmış məkanda erməni və azərbaycanlı nümayəndənin ilkin tanışlığı istehzalı, qınayıcı, havalı, tədqiqat xarakterli, bəzilərində nifrət dolu baxışlarla başlayır. Real ünsiyyət – peşəsi, sənəti, nələri sevib-sevməməsi haqda və ya boş, mənasız söhbətlər zamanı alışma prosesi gedir. Və kifayət qədər səmimi ortam yaranır. Azərbaycan və erməni nümayəndələri bir-birlərinə az qala “can” deyib “can” eşidirlər. Mən hələ eyni görüşün təkrar iştirakçılarını demirəm. O kəslər ki, məsələn, uzaqdan tanıyıb sənə doğru qaçaraq boynuna sarılan, öpüb qucaqlayan, sənin üçün necə darıxdığını deyib sənə bir neçə dəqiqəlik şok terapiyası yaşadırlar. O an qeyri-ixtiyari olaraq düşünürsən – qarşındakı əcəba həqiqətənmi sənin düşmənin, torpağını işğal edən ermənidir? Yox, ola bilməz. Bu qədər səmimi, canıyanan, gülərüz, mehriban, “getmə gözümdən, gedərəm özümdən” münasibəti yansıdan ermənidən düşmən olmaz. Və beynin başlayır ziddiyyətlər dolanbacında var-gəl eləməyə. Elə təzəcə bu düşüncələrə özünü alışdırırsan…
******
Seminar əsnasında Qarabağ mövzusuna toxunmaq yetərlidir ki, qarşındakı erməni “məsumiyyət” maskasını dəyişsin. Görüşə niyə, hansı məqsədlə gəldikləri unudulur və yerini aqressiv, şovinist, hətta ilk fürsətdə səni məhv etməyə hazır bir erməni dayanır. Çox az istisnalar yox deyil, təbii ki. Yəni, daha yeniyetmə yaşına yenicə qədəm qoymuş, beyni hələ nifrətlə, kin-küdurətlə dolmayan, ürəyi qan qusmayanlar var ki, düşünürsən bəlkə bu görüş onların beynində fırtına yarada bilər. Haqlını haqsızdan ayıra bilməsi üçün beyninin xilası üçün ümid yeri var. Amma hər şey düşündüyümüz qədər asan deyil. Zamanla o qənaətə gəlirsən ki, hələ “bişməmiş” gəncləri boşuna görüşlərə gətirmirlər. Elə qrup rəhbərləri də həssaslıqla seçilir. Xüsusi psixoloji hazırlıqlı, istənilən məqamda beyinləri, duyğuları “lazımi” istiqamətə yönəldə bilənlər tərcih edilir. Kiçik bir misal. Əbədi konflikt mövzumuz Qarabağ ətrafında söhbət, müzakirələr, gərgin diskussiyalar, nəticədə qarşılıqlı anlaşma, hər şeyin haqlı tərəfin xeyrinə həll olunacağına böyük ümidlər bəsləyirsən və… Təsadüfən xəbər tutursan ki, erməni rəhbər öz heyətini bir otel otağına yığıb gənc beyinlərdə hələ yenicə formalaşmış müsbət azərbaycanlı obrazını darmadağın etsin: “Azərbaycanlılarla mehriban olmağınıza gərək yoxdur!”, “Unutmayin ki, qarşınızda düşmən millətdir!”, “Qanımız-canımız bahasına aldığımız tarixi torpağımızı yenidən əlimizdən almaq istəyənlər azərbaycanlılardan dost olmaz!”, “Kimliyinizi, bura niyə gəldiyinizi, necə davranacağınızı unutmayın!”və s., və i.a. Bu tipli psixoloji metodlardan istifadə yetərlidir ki, beyinlər təmizlənsin. İkili münasibətlər sosial şəbəkələrdən də əksik olmur. Eyni seminardan qucaqlaşıb, öpüşüb, görüşüb ayrılan erməni və azərbaycanlı öz profillərində, paylaşımlarda, şərhlərdə və ya müvafiq qruplarda başlayırlar bir-birlərini “asıb-kəsməyə”. Xüsusilə qarşı tərəf, hər zamankı radikallığı, şovinistliyi, hətta deyərdim qəddarlığı birinciliyə layiqliyini hər cəhdində göstərir. Belə olan halda bu qədər əməyə, xərcə, əsəbə, şirin yalanlara hacət varmı?!
******
Bəs, azərbaycanlılar neyləyir? Oxucuda elə təsəvvür yaranmasın ki, məlum görüşlərdə azərbaycanlılar mələk məsumluğu ilə seçilirlər. Düzdür, millətimiz ermənilər qədər radikal, şovinist, millətpərəst, birlik olmağı bacarmır. Amma tolerant münasibətdə unutqanlığı, barışığa meylliliyi, abartılı, bir az da gülünc formalarda dostluq qurma cəhdləri ilə hər kəsi geridə qoyduğumuz da danılmazdır. Ünsiyyət zamanı əksər həmyerlilərimizin sözlə belə öz haqqını, dövlətinin maraqlarını qoruya bilməyən, yaxın tarixdən, siyasi proseslərdən səthi məlumatlara malik olmayan, iqnor münasibətə yaltaq gülücüklərlə təkrar yaxınlıq çabaları sərf edən, sosial şəbəkələrdə Azərbaycana və azərbaycanlıya söyüş yağdıran erməniyə “tolerant olaq” şüarı ilə göz yuman… Daha nələr, nələr. Bütün bu faktlar yetərli olur ki, bu görüşlərin yalnız və yalnız qrant “yeməyə”, pul qazanmağa hesablandığı qənaətinə gələsən.
******
Etiraf edim ki, özümün tolerantlıq hissim minimum həddədir. Bəzi hallarda isə ümumiyyətlə yoxdur. Tolerantlıq, konfliktologiya üzrə təlimlərdə dəfələrlə iştirak etdiyimdən xəbərdar dostlar, tanışlar, lap elə tanımayanlar bunu yanlış hesab edə bilər. Bəlkə də bu belədir. Düzdür, qaçqin, köçkün həyatını, güllə yağışını, ölüm qorxusunu, ya da işğal, məğlubiyyət, itki hissini Xocalı qurbanları qədər yaşamaq mənim taleyimə yazılmayıb. Baxmayaraq ki, Qarabağla bağlı uşaqlıq xatirələrim illər sonra belə içimi acıdacaq qədərdir, əzizlərim, doğmalarım arasında şəhidlər, məcburi köçkünlər, torpaq həsrəti ilə gözünü əbədi yumanlar olub. Amma və lakin. Ermənini sevməməyim onları ilk gördüyüm andan aqressiv reaksiya göstərəcəyim anlamına gəlmir. Hisslərimi cilovlamayacaq qədər aşırı dərəcədə emosional deyiləm. Amma erməninin azərbaycanlını sevməməsi qənaətinə hələ torpaq davası çıxmazdan əvvəl, sovet dönəmində, böyüdüyüm beynəlmiləl ortamda, uşaq yaşlarımdan anlamışam. Baxça dömənimdə, sonra da orta məktəbdə erməni millətindən olan tərbiyəçilərin, pedaqoqların “sevgisizlik sindromu”nun müxtəlif təzahürləri sayəsində bu qənaətə gəlmişəm ki, xeyri yoxdur, atam balası. Ən məsum erməniyə belə gözünün yağını da yedirsən, “zəhərdir” deyib öz zəhərilə ətrafı bulandıracaq. Ona görə də, dəyərli oxucu, bütün bunları dərk edib erməniyə antipatik duyğular bəsləməyimi və bu duyğuların nə zamansa simpatiya, sevgi, dostluq ilə əvəzlənə bilməyəcəyini məzur görün, lütfən.
Sevda Babayeva-Birer
1905.az