Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya – orta əsr işgəncə alətləri”ni nümayiş etdirən sərgi açılıb. Latın dilində hərfi tərcüməsi istintaq, axtarış mənasını verən- inkvizisiya XIII-XIX əsrlərdə Papa III İnnokenti tərəfindən təsis edilib və katolik kilsəsi nəzdində xüsusi istintaq və məhkəmə orqanı olub.
500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiyasında istintaqın üç mərhələsi olub. İlk öncə təqsirləndirilən şəxs işgəncə otağına tək salınırdı. Burada divara mismarlanmış ip və zəncirlər, işgəncə “at”ı, qarmaqlar, işgəncə etmək üçün digər alətlər olurdu. Bu tamaşa bir çox hallarda qurbanı dərhal etirafa vadar edirdi. İkinci mərhələ işgəncənin özü idi. Bu zaman inkvizitorlar işgəncə alətini şəxsi istəkləri ilə seçirdilər. Üçüncü mərhələ isə əzablı ölümün özü idi.
Hazırda Şirvanşahlar Kompleksində sərgilənən 70-ə yaxın inkvizisiya alətləri İtaliyalı kolleksiyaçı Pyer Luici Kanovinin şəxsi koleksiyasındandır. Şəxsi kolleksiyasında ümumi sayı 200-ə qədər işgəncə aləti saxlayan kolleksiyaçı ilk eksponatı 35 il əvvəl alıb.
Sərginin bələdçisi Hacıbaba Mustafayevin bildirdiyinə görə, alətlər iki hissəyə: sorğu və öldürmə məqsədi ilə istifadə edilən alətlərə bölünür. Bu alətlər əsasən katolik məzhəbindən çıxmış protestantlara, kilsənin cadugər kimi ittiham etdiyi qadınlara və papanın fətvalarına qarşı çıxan etirazçılara işgəncə vermək məqsədi daşıyıb. Sərgidə tamaşaçıların ixtiyarına təqdim edilən alətlərin bir çoxu qədim qravüralar əsasında bərpa edilib.
Su işgəncəsi: Təqsirləndirilən şəxsin orta hissəsi bir qədər hündür masada yerləşdirilir. Qurbanın əl ayağı masanın kənarına bağlanır və cəllad bir neçə üsulla iş görür. Onlardan biri qurbanı çoxlu su udmağa məcbur etməkdir, sonra isə onun şişmiş və əyilmiş qarnı döyülürdü.
Yuxusuz qalma işgəncəsi: İppolito Marsili tərəfindən yaradılıb. İşgəncənin mahiyyəti qurbanı mümkün qədər oyaq vəziyyətdə saxlamaq olub. İlk zamanda o qədər də qəddar sayılmayan bu işgəncə növü zaman keçdikcə müxtəlif formalar alıb. Məsələn, qurbanı piramidanın üst hissəsinə qaldırıb aşağı salırdılar. Piramidanın üstü insana daxil olurdu. Ağrı o qədər şiddətli olurdu ki, təqsirləndirilən şəxs tez-tez huşunu itirirdi. Qurban özünə gələnə kimi prosedur təxirə salınırdı.
Payaya oturtmaq: Ən qəddar işgəncə növü sayılır və birbaşa ölüm hökmünü yerinə yetirmək məqsədi daşıyıb. Məhkumu çılpaq vəziyyətdə nazik və kəskin payaya otuzdururdular.
Qamçı: Bu qırmanc yüzlərlə növ qamçılama alətlərindəndir və çox geniş yayılan cəza üsullarından biridir.
Sorğulama kürsüsü: Əsasən Mərkəzi Avropada istifadə edilib. Məhbus çılpaq vəziyyətdə kürsünün üstündə elə otururdu ki, onun hər bir hərəkəti çox iti olan tikanların bədənə sancılması ilə nəticələnsin. İşgəncə bir neçə saat davam edirdi.
İspan atı: Caduğərlikdə və şeytanla əlaqədə təqsirli bilinən qadınlara tətbiq edilirdi. Qurban taxtanın üstünə elə oturdulurdu ki, taxtanın kəskin ucu qadının vaginasına sancılsın, bədəninin isə dayaq nöqtəsi olmasın. İşgəncənin əzabını artırmaq üçün ayaqlara daş bağlanırdı.
Tövbə köynəkləri: Daha çox əxlaqi işgəncə kimi təsnif etmək olar. Kiçik qanun pozuntularına yol verənlərə tətbiq edilirdi. Günahkarlar bu köynəyi məşhur ziyarətgaha, messaya gedəndə və ya rəsmi mərasimdə ibadət etmək üçün geyinirdilər.
Nürnberq qızı: İlk dəfə Nürnberq zindanında tətbiq edilib. Təqsirləndirilən şəxsin həyat üçün vacib olan heç bir orqanını zədələmədən bədən kəskin tikanlarla deşilərək sarkofaqa yerləşdirilirdi. Bir neçə gün orada saxlanılan qurbanın acısı uzunmüddətli davam edirdi.
Hazırladı: Ülviyyə Tahir, 1905.az