Reuters xəbər verir ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı yeni sanksiyalara tətbiq etməyə hazırlaşır. Amerika prezidenti administrasiyasının rəsmi nümayəndəsi Sara Sanders bu barədə məlumat verib. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər artıq gələn həftə qüvvəyə minə bilər. Sanders qeyd edib ki, bunlar İranın öz nüvə proqramını inkişaf etdirməməsi üçün edilir.
Mayın 8-də Donald Tarmp ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxdığını bəyan etdi. 2015-ci ildə imzalanmış həmin sazişdə Tehranın nüvə sferasında fəallığını azaltması müqabilində BMT Təhlükəsizlik Şurasının və ABŞ-ın, Avropa Birliyinin tətbiq etdiyi sanksiyaları və məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılacağı bildirilirdi. Amerika prezidenti İran “öz nüvə ambisiyalarını həyata keçirməyə qərara alacaqsa” nəinki köhnə sanksiyalara bərpa edəcəyini, həm də yenilərinin tətbiq olunacağını vəd edib. Eyni zamanda dövlət başçısı yeni saziş bağlanıla biləcəyini söyləyib. İran Prezidenti Həsən Ruhani bəyan edib ki, Tehran əvvəl götürdüyü öhdəliklərə riayət edəcək (lenta.ru).
Bu arada ABŞ maliyyə naziri Stiven Manuçin artıq bildirib ki, Tehrana “Boeing” təyyarələrinin satışı ilə bağlı icazəni geri götürür. Avropa konsernləri bu vəziyyəti diqqətlə izləməkdədir. Çünki potensial zərərçəkənlər sırasında İrana nəzərdə tutulan 100 təyyarədən yalnız üçünü sata bilən və böyük ehtimalla 18 milyardlıq müqaviləni itirəcək fransız-alman “Airbus” şirkəti də var (ntv.ru).
“Finansial Times” yazır ki, indi Avropa bankları İranla bağlı istənilən razılaşmanın icrasına həvəssiz yanaşacaq. “New York Times” isə qeyd edib ki, Vaşinqtonun qərarından sonra Avropa konsernləri hər il 10 milyard dollar itirə bilərlər.
Politoloqlar Trampın nüvə sazişindən çıxmasını və İrana qarşı sanksiyaların bölgədəki vəziyyətə təsirini necə dəyərləndirirlər?
Elxan Şahinoğlu bu hadisənin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini düşünür: “ABŞ prezidenti Donald Tramp nüvə sazişindən çıxmaqla Avrasiya bölgəsindəki durumu daha da gərginləşdirəcək. Birincisi, İranın bundan sonra böyük əziyyətlə imzalanan nüvə sazişinə riayət etməsi sual altına keçəcək. İkincisi, İranda mühafizəkarların prezident Həsən Ruhaniyə qarşı təzyiqi artacaq və “axı biz deyirdik, Amerikaya inanmaq olmaz”, yanaşması güc qazanacaq. Üçüncüsü, İranı və Suriyanı hədəf alan İsrailin raket zərbələrinin sayı artacaq, bu isə avtomatik olaraq Fələstində və İsrail-Livan sərhəddində gərginliyi artıracaq, İran müttəfiqi “Hizbullah” vasitəsilə İsrailə qarşı həmlələrə baş vuracaq. Və ən nəhayət dördüncüsü, İranda bəlli mərkəzlər yenə Azərbaycanı hədəf almağa çalışacaq, bizi Amerika və İsraillə sıx əməkdaşlıqda ittiham edəcəklər”.
Zaur Məmmədov hesab edir ki, Trampın qərarının arxasında İsrail dayanır: “Almaniya və Fransanın son ana qədər Trampın 6+1 sazişindən çıxmayacağına dair ümidlərinin olmasına baxmayaraq, bu, baş vermədi. Trampın yəhudi dairələri və İsraillə çox sıx münasibətləri var. Bu qərarın da arxasında ilk növbədə İsrail amili dayanır. Obama dövründə ABŞ və İran arasında olan “açılımın” qarşısını almaq lazım idi. Məsələ ondadır ki, İran doğrudan da İsrailin milli təhlükəsizliyi üçün təhdiddir. Buna görə də nəyin bahasına olursa, olsun, İranı zəiflətməyə çalışır. İndiki siyasi kursun da əsil məqsədi iqtisadi sanksiyalarla İranı zəiflətmək və rejimin Vaşinqtonun istəklərini həyata keçirməsinə nail olmaqdır. Əgər bu baş verməsə, iqtisadi sanksiyalarla eyni vaxtda İranın Suriya və İraqdakı qüvvələrinin bombardman edilməsi və İrandaxili qüvvələrin mövcud hakimiyyətə qarşı üsyanı baş tuta bilər”.
Bütün hallarda növbəti həftədə hadisələrin hansı məcrada inkişaf edəcəyi daha aydın görünəcək.
Hazırladı:
Gündüz Nəsibov,
1905.az