Xocavənd rayon Tuğ kənd sakini Ramiz Cahangirov doğma kəndinə 30 il əvvəl özü ilə gütürdüyü bir ovuc Vətən torpağı ilə qayıdıb.
Ramiz Cahangirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tuğ kəndində dünyaya göz açıb, orta məktəbi də burada bitirib. Kənd işğal olunanda buranı ən son tərk edənlərdən olub: “1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Tuğ kəndi ermənilər tərəfindən işğal edilib. Həmin gecə kənd sakinlərindən 57 nəfər kəndi tərk edə bilmədik. Xilas olmaq üçün kəndin aşağısındakı sovet əsgərlərinin olduğu inzibati binaya getdik. Bir gündən sonra Füzuli rayon ziyalıları gəlib bizi oradan apardılar. O vaxt kəndi tərk edərkən yerdən bir ovuc torpaq götürdüm. Dedim ki, bu torpağı haradan götürmüşəm, yenə də gətirib ora tökəcəm. Min şükür, Allah qismət elədi. Allaha duaçıyam. Müzəffər Ali Baş komandanımızın, igid oğullarımızın hesabına kəndimiz işğaldan azad olundu və mən kəndimizə qayıtdım. 30 il əvvəl götürdüyüm bu bir ovuc torpağı öz yerinə tökdüm”.
Ramiz Cahangirovun ata yurdunu, özünün tikdiyi evi dağılmış görüb keçirdiyi kədər hissi doğulub boya-başa çatdığı kəndinə qayıdışın sevincinin kölgəsində qalmışdı. “Kəndə gələrkən ilk olaraq doğulub boya-başa çatdığım ata yurdumu axtarıb tapdım. Ermənilər ata evimizi yerlə yeksan edib. Evimizdən əsər-əlamət qalmayıb. Sonra gənc ailəm üçün tikdiyim evimi tapdım. Evin ikinci mərtəbəsi dağıdıb, birinci mərtəbədən isə toyuq hini kimi istifadə edilib. Həyəti kol-kos basıb. İnanıram ki, tezliklə kəndimizə qayıdacaq, əvvəlkindən də gözəl evlər tikəcəkyik. Mən Tuğu tərk edəndə 34 yaşım var idi. 30 il Tuğdan kənarda yaşamışam. Allahdan arzum budur ki, itirdiyim 30 ili Tuğda yaşaya biləm,” – deyə R.Cahangirov bildirib.