www.1905.az portalının suallarını “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev cavablandırdı.
– Siz 2018-ci ilin dekabrında Qurultayın qərarı ilə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilmisiniz. Bir ilin tamam olmasına 3 aya yaxın vaxt var və bu müddət ərzindəki planlarınız barədə fikrinizi bilmək istərdik.
– Doğru vurğuladınız ki, biz 2018-ci ilin dekabr ayında Dağlıq Qarabağın 80 mindən çox azərbaycanlı əhalisini təmsil edən 23 nəfər idarə heyətinin üzvləri bir araya gəldilər. İdarə heyətinin üzvləri də məhz həmin 80 min insan arasından seçilir. 23 nəfər idarə heyətinin üzvü də öz aralarında razılığa gələrək icmanın idarə heyətinin sədrini seçirlər.İdarə heyətinin üzvləri 2018-ci ilin dekabrında mənim namizədliyimi irəli sürərək təsdiqlədilər. O vaxtdan bəri biz intensiv fəaliyyət göstərmyə başladıq. Mənimlə yanaşı 23 nəfərlik idarə heyətində yeni simalar, gənc insanlar təmsil olunur. İcmamızda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin işğal olunuş Şuşa, Xocalı, Xocavənd, Xankəndi kimi şəhər və rayonlarından olan insanlar təmsil olunur. Bizim əsas məqsədimiz həm ölkə daxilində, həm də ölkə xaricində fəaliyyətimizi genişləndirmək idi. Buna görə icmanın dünyada tanınması və beynəlxalq nüfuzunun artırılması ilə bağlı fəaliyyətimizi daha da intensivləşdirdik. Biz həmişə Dağlıq Qarabağdakı dırnaqarası rejimin cinayətakar və separatçı nümayəndələrinin münaqişə ilə bağlı sənədlərdə, danışıqlarda tərəf kimi yalnız Qarabağ ermənilərini təqdim etməsi ilə qarşılaşmışıq. Ermənilərin işğalçı rejimi Dağlıq Qarabağ azərbaycanlılarını görməməzlikdən gəlirlər. Bizim də məqsədimiz bu məsələlərlə bağlı erməni mifini sındıraraq Dağlıq Qarabağ azərbaycanlılarının səsini dünyaya çatdırmaqdır. Bu məqsədlə biz səfirliklərlə, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə intensiv görüşlər keçiririk. Məsələn bilavasitə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, ATƏT-in fəaliyyətdə olan sədri, hazırda Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla, Minsk Qrupunun üzvü olan ölkələrin Bakıdakı səfirləri, Avropa Şurasının Bakı nümayəndəliyi ilə görüşümüz olub. İşimizə təbii ki, tənqidi yanaşırıq. Hesab edirik ki, fəaliyyətimizin az da olasa nəticəsi var. ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin 10 ayı ərzində iki dəfə regiona səfər ediblər. Həmsədrlərin regiona səfərlərinin yekun bəyanatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüş keçirmələri sənəddə xüsusi olaraq qeyd edildi. Xüsusəndə bu günlərdə həmsədrlərlə keçirdiyimiz görüş erməniləri çox qıcqlandırdı. Onlar icmamızın ünvanına qeyr-etik ifadələr yazdılar.
Bildiyimiz kimi 1992-ci ildə o vaxt kı, ATƏM-in (indiki ATƏT) Helsinkidə keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan, münaqişənin həllində maraqlı tərəflər kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının adları təsbit olunub. Amma bunu heç kim dilə gətirmirdi, sanki bunu üstünü toz basmış bir sənəd kimi kənara qoymuşdular. Bizim də məqsədimiz bu sənədin üstündəki tozu təmizləmək, insanlara göstərmək idi. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları çox mühüm sənəddir. Bu bəyanatlar danışıqların hansısa bir mərhələsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının üz-üzə oturub müzakirələr aparması üçün zəmindir. Bu hüquqi-siyasi müstəvidə bizim fəaliyyətimizin yaxşı mənada göstəricisi kimi qeyd olunduğunu deməyə imkan verir. İkinci vacib məsələ kimi ermənilərlə apardığımız informasiya müharibəsini qeyd etmək istəyirəm. Biz bunun üçün müxtəlif üsullardan, sosial medianın yeni tələblərini nəzərə alaraq mübarizə aparırıq. Bildiyimiz kimi heç bir təşkilat rəhbəri quru, söz yığını olan bəyanatları oxumur. Bunu nəzərə alıb biz işğal altında olan mədəni, tarixi, dini irsimiz, tarixi şəxsiyyətlərimiz haqqında ingilis, fransız, erməni dillərində video çarxlar, video müraciətlər hazırlayıb Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq təşkilatların sosial şəbəkələrdə mövcud olan ünvanlarına göndəririk.
– Bəli. Bu barədə ətraflı danışmaq üçün Sizə sual verəcəkdim. Tural müəllim, mən əgər düz başa düşdümsə, ötən ilin dekabrından keçən müddət ərzində az qala sıçrayışlı bir inkişaf olub. Yəni tarixin saxlancında tozlanmış sənədlərin yenidən stolun üzərinə qoyulması, ön plana çıxarılması məhz bu yeni idarəetmənin təzahürüdür. Amma bu əlbəttə ki, mütəxəssislərin bildiyi məsələdir. Diplomatik fəaliyyətlə məşğul olan bir insan kimi Siz gözəl bilirsiniz ki, azərbaycanlılar artıq danışıqlardan heç nə gözləmirlər, çünki danışıqlar artıq çoxdan dalana dirənib. Vaxtilə ümummilli lider Heydər Əliyevin sağlığında ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi qabardılırdı. Hazırda cənab prezident İlham Əliyev də artıq bu danışıqların imitasiyası mərhələsinə keçdiyini dəfələrlə vurğulayıb. Bu mənada danışıqların inkişaf edəcəyi növbəti raundda hər iki icma nümayəndələrinin iştirakı kimi məsələlər bizim auditoriyanın diqqətindən yayına bilər. Sizin interraktiv müstəvidə gördüyünüz işlər geniş auditoriyaya ünvanlanıb. İnteraktiv fəaliyyət, müasir standartlar dərhal insanların yaddaşında bir iz qoyur. Fəaliyyətinizdə hiss olunan yeni nəfəs, yeni ideyalar və onların gerçəkləşdirməsi barədə danışaq.
– Çox gözəl sualdır. Məlumdur ki, ATƏT vasitəçiliyi ilə gedən danışıqlar uzun illərdir davam edir. Elə xarici işlər naziri Elmar MəmmədyarovBMT Baş Assambleyasının 74–cü sessiyasında çıxışı zamanı konkret nəticələrin əldə olunmadığı barədə öz bəyənatını səsləndirdi. Bu da bir növ ATƏT-in Minsk qrupunun həmsədrlərinə, dünya ictimaiyyətinə də bir mesajdır ki, danışıqların nəticəsi yoxdur. Danışıqlar xatirinə danışıqlar uzun müddət davam edə bilməz, substantiv, nəticə yönümlü danışıqlar olmalıdır. Bu BMT kimi dünyanın əsas ali təhlükəsizlik qrumunun tribunasından səsləndirilən çox gözəl bir mesaj idi. Bu kimi məsələlərdə, yəni beynəlxalq hüquq müstəvisində haqq-ədalət bizim tərəfimizədir. Amma dünyada mövcud olan ədalətsiz yanaşma, ikili standartlar göstərir ki, bu sənədləri Ermənistan tərəfi bir o qədər ciddiyə almır, işğalçılıq siyasətini davam etdirir. Heç bir beynəlxalq ictimaiyyət, heç bir ölkə də ona konkret öz yerini göstərmir. Ona görə də biz fikirləşdik ki, yeni dönəmdə bu münaqişə ilə bağlı, xüsusilə də işğal olunuş ərazilərimizdən qovulmuş azərbaycanlıların tarixi köklərini, mədəni bağlarını göstərən yeni bir yanaşma ortaya qoyaq. Bizim Qarabağa mədəni və tarixi bağlılığımızı nümayiş etdirə biləcək auido-vizual materiallara ehtiyac var. Sizin qeyd etdiyiniz tendensiyaya misal olaraq biz videoçarxlar çəkməyə başladıq. Mən Azərbaycan mədəniyyətinin göstəricisi, Qarabağın rəmzlərindən biri olan tarda ifa edərək məhz videoçarxlar vasitəsilə ermənilərə Dağlıq Qarabağda yaşayan erməni icmasına siyasi mesaj verdim ki, biz birlikdə yaşamalıyıq. Gəlin bizim suverenliyimizi, ərazi bütövlüyümüzü qəbul edin, keçmişdə olduğu kimi firavan həyatımıza dönək. Bundan başqa erməni kilsəsinin qarşısında durub erməni dilində onlara müraciət etdim, tarixi şəxsiyyətlərimiz Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli haqqında, Qarabağ atı Qarabağ xalçaları ilə bağlı video-müraciət, videoçarx hazırladıq. Məqsəd dünyada olan yeni tendensiyalara uyğun olaraq insanların diqqətini cəlb etmək idi. Biz bu videoçarxları hazırlamazdan əvvəl Azərbaycanda nümunə olacaq təcrübəli bir video bloqqer axtarsaqda tapa bilmədik. Düzdür youtube kanalları, video bloqqerlər var. Amma onlar sırf studiya şəraitində fəaliyyət göstərirlər. Ona görə də biz Avropa video bloqqerlərinin təcrübəsinə müraciət etdik. Kabinetdə oturub rəsmi danışan şəxsə maraq bir o qədər də çox olmur. Mənim özüm hansısa bir video hazırlayanda bunu daha sərbəst şəkildə görürəm. Məhz belə yanaşma daha effektiv olur və ermənilər də buna görə qıcıqlanırlar. Onların çoxsaylı təhdid və təhqirləri, sosial şəbəkələrdə bizə qarşı fəaliyyətləri göstərdi ki, əslində hədəfə vura bilmişik. Bu istiqamətdə fəaliyyətimizi müsair tendensiyalara uyğun davam etdirəcəyik.
– Bəs Ermənistan icması nə edir, onların fəaliyyəti özünü nədə göstərir, onlar ümumiyyətlə görünürlərmi? Yəqin ki sizin fəaliyyətiniz ən çox onları qıcıqlandırır?
– Bizim fəaliyyətimiz həm onları, xüsusilə də dünyadakı erməni diaspor təşkilatlarını qıcıqlandırır. Çünki mənə yazanların elə əksəriyyəti Los Ancelesdəki, Avropadakı erməni diaspor təşkilatlarının nümayəndələridir. Erməni icması Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisidir, onlar hazırda Qarabağda mövcud olan cinayətkar rejiminin əsarəti altında yaşayırlar. Beynəlxalq təşkilatların informasiyasından, müxtəlif insanlarla ünsiyyətdən məlum olur ki, Qarabağdakı bəzi ermənilər keçmişdə olduğu kimi azərbaycanlılarla birgə yaşayışdan ötrü darıxırlar, keçmiş günləri xoş xatirələrlə yad edirlər. Yəni orada da rasional düşünmə qabliyyətinə malik insanlar fikirləşirlər ki, azərbaycanlıları qovub çıxarmaq və həmin əraziləri işğal altında saxlamaqla iqtisadiyyatı inkişaf etdirmək, ora iri sərmayə cəlb etmək mümkün deyil. Bu reallıqları ermənilər çox gözəl bilirlər və ona görə də onlar gec-tez səhvlərini başa düşəcəklər. Amma onda təbii ki, gec olacaq. Çünki keçən işğal illəri göstərdi ki, onlar fiziki cəhətdən torpağı əllərində saxlasalar da, ondan yararlana bilmirlər. Xocalıda dırnaqarası aeroport tikiblər, daha doğrusu bərpa ediblər. Amma ondan istifadə edə bilmirlər, çünki Xocalı aeroportuna Azərbaycan tam nəzarət edir. Qarabağda qanunsuz tədbirlər, festivallar keçirəndə də “Kukuruznik”lərdən (ötən əsrdə kənd təsərrüfatında gübrə səpmək üçün istifadə edilən “An-2” və ya “U-2” təyyarələri nəzərdə tutulur – red.) istifadə edirlər.
– Bəs Paşinyanın davranışlarını necə dəyərləndirirsiniz? Ermənistan cəmiyyətində hansı proseslər gedir? Bu proseslərin bizim əleyhimizə, yoxsa leyhimziə işləməyindən xəbər verir?
– Paşinyan özü populist fikirlər dalğasında hakimiyyətə gəlib və iqtisadi vəziyyəti zəif olan, Rusiyadan tam aslı olan…
– Ermənistan iqtisadiyyatının 95 faizi Rusiyanın əlindədir.
– Bəli. Enerji bazarı, hərbi və digər baxımlardan Rusiyadan tam aslı olan bir ölkənin baş naziri kimi düşdüyü vəziyyətdən çıxış yolunu yalnız populist fikirlərdə, populist çağırışlarda tapa bilərdi və elə bu çağırışlar vasitəsilə də hakimiyyətə gəldi. Bu zaman Paşinyan özünün və komandasının Qərb tərəfindən təqdim olunan guya demokratik obrazı ilə oynamağa başladı. Bu demokratik obraz adı altında müvafiq fikirlər səsləndirməyə, hərəkətlər həyata keçirməyə başladı. Hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamamilə öz sələflərinin əksinə olan bəyanatlar da səsləndirdi. Məsələn keçmişdə cinayətkar Köçəryan və Sarkisyan rejimləri də açıq-aşkar Qarabağ Ermənistandır demirdilər. Bu həm də Paşinyanla Dağlqıq Qarabağdakı cinayətkar rejim arasında olan ixtilafın göstəricisi ola bilər. Çünki Dağlıq Qarabağdakı cinayətkar rejim keçmiş Köçəryan-Sarkisyan rejiminin tör-töküntüləridir. Onsuz da bütün Ermənistanı Qarabağdan çıxan o ünsürlər idarə edirlər. İndi Paşinyanın Yerevandakı hakimiyyəti ələ keçirməsindən sonra Qarabağdakı ünsürlərlə onun qarşıdurması gündən-günə kəskinləşəcək. Mən heç də istisna etmirəm ki, gələcəkdə bu qarşıdurma yeni bir müstəviyə keçəcək. Təsadüfi deyil ki, Paşinyan bu yaxınlarda Los Ancelesə səfərində bir daha korrupsioner Köçəryan-Sarkisyan rejiminin mənimsədiyi pulların hamısının onlardan alınmasının mühümlüyünü vurğuladı. Ona cavab olaraq keçmiş xunta rejiminin nümayəndələri Paşinyanı populizmdə, təcrübəsizlikdə, siyasətdən uzaq adam olmaqda ittiham etdilər. Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərindəkı cinayətkar bir rejimlə rəsmi Yerevanındakı hakimiyyətin ixtilafda olması tamamilə təbii bir haldır. Çünki Ermənistanda hakimiyyətə gələn şəxs kimliyindən asılı olmayaraq təcavüzkar bir ölkəni təmsil edir.
– Həmin şəxs imici ciddi şəkildə zədələnmiş bir ölkənin başına gəlir.
– O məcburdur ki, hər dəfə yeni populist bəyanatlar səsləndirsin, müxtəlif hərəkətlər etsin ki, gündəmdə qala bilsin. Ermənilər yeni hakimiyyətdən vəd olunan on minlərlə iş yerini, çiçəklənən Ermənistanı istəyirlər. Bu isə yoxdur. Siz dediyiniz kimi Rusiyadan asılılıq, iqtisadi tənəzzül davam edir. Dünyadakı erməni diasporu nə qədər Ermənistanda yaşayan insanlara pul göndərəcək, bu daimi deyil. Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq maliyyə institutlarının statistikasına əsasən Ermənistanın regiondakı vəziyyətini müqayisə edəndə görürük ki, ölkənin iqtisadiyyatı, ümumi daxili məhsulun həcmi və büdcəsi bərbad vəziyyətdədir. Ona görə də bu kimi populist bəyanatların olmasını mən təbii qarşılayıram. Amma beynəlxalq hüquq və beynəlxaq norma və prinsiplər müstəvisində zaman həmişə Azərbaycanın tərəfindədir və heç vaxt da bizi tərk etməyəcək. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, biz icma olaraq danışıqların qısa bir zaman ərzində substantiv, nəticəyönümlü danışıqlar mərhələsunə keçməsini istəyirik. Çünki bizim nəsil, bizim yaş qrupuna aid şəxslər Dağlıq Qarabağdakı erməni icması ilə ünsiyyətdə olan sonuncu insanlardır. Bizdən sonra həm onlar tərəfdən, həm də bizim tərəfdən boşluq var.
– Böyük bir ünsiyyət defisiti var.
– Bəli. Gənclərimiz, yeni nəsil ümumiyyətlə bir-birilərini görməyiblər. Gələcəkdə bizim Qarabağda doğulub böyüyən erməni uşaqlarına azərbaycanlıların bu torpaqların əzəli sahibləri olmasını, etnik təmizləməyə məruz qalmasını izah etmək çətin olacaq. Amma onların ata-babaları bizimlə birlikdə yaşayıblar və qəbul edirlər ki, bu reallıqdan qaça bilməzlər. Nəsillər dəyişəndə bu məsələ bir az qəlizləşə bilər. Ermənistanda keçirilən sorğular da bunu təsdiqləyir.
– Nəyi?
– Gənc nəsil bizə qarşı daha radikaldır, daha aqresivdir.
– Azərbaycan mediasının, Azərbaycan ictimaiyyətinin, bizim çoxminillik məcburi köçkün ordusunun, Ermənistandan didərgin salınmış soydaşlarımızın sizin bu bir ilə yaxın fəaliyyətinizə münasibətləri necədir? Onlarla əlaqələriniz necə qurulub?
– Müsahibənin əvvəlində vurğuladığımız kimi biz xarici fəaliyyətlə yanaşı, daxili fəaliyyətlə də məşğul oluruq. Sizə deyim ki, bu heç də xarici fəaliyyətdən az əhəmiyyət kəsb etmir. Biz, icma üzvləri ilk növbədə özümüzü marifləndirməliyik. Tariximizi, beynəlxalq hüquqi sənədləri yaxşı öyrənməliyik ki, gələcək debatlarda, interaktiv dialoqlarda həmişə ermənilərə qarşı hazır olmalıyıq. Azərbaycandakı müxtəlif rayonlarda 60-dan çox yaşayış məntəqələrimizdə bizim icmanın üzvləri yaşayır. Biz mütəmadi olaraq onlarla görüşürük, tələbələrlə, gənclərlə müzakirələr aparırıq, mətbuatda imkan olduqca çıxışlar edirik. Yəni icmanın üzvlərini təşkilatlandırmaq, onlarda ruh düşkünlüyünə mane olmaq, onların həmişə belə nikbin əhval-ruhiyyədə olması üçün fəaliyyət aparmalıyıq və aparırıq da. Çalışırıq ki, yaşlı nəsil kimi gənclər də ora qayıtmaq arzusu ilə yaşasın.
– Bəli, ən mühümü odur.
– Mən erməni dilindəki video müraciətimdə erməni ictimaiyyətinə və xüsusilə də Dağlıq Qarabağ ermənilərinə deyirdim ki, baxın bu bizim Bakının mərkəzində olan erməni kilsəsidir, görün biz onu necə saxlamışıq. Siz Qarbağda bizim məscidlərimizə, maddi-mədəniyyət abidələrinə qarşı vandallıq edirsiniz, dağıdırsınız. Mənim bu video müraciətimə qarşı sosial şəbəkələrdə etiraz edənlər oldu. Bunlar saxta azərbaycanlı profili altında yazan ermənilər də ola bilər.
– İndi trol məsələsi çox dəbdədir. Bəlkə də elə trollardır.
– Bəli. Bunun axı nəyi pisdir? Düşmənə düşmənin öz dilində müraciət edirsən ki, mənim torpağımdan çıx get.
– Yəni bu ura-patriatizmin (yalançı vətənpərvərlik – red.) reaksiyasıdır.
– Bəli, hərə öz işi ilə məşğul olmalıdır. Məsələn Siz Azərbaycanda kifayət qədər tanınmış portallardan birinə rəhbərlik edirsiniz. Mən sizin saytınızı əvvəllər də izləmişəm, indi də izləyirəm. Bu saytda Azərbaycanın və Qarabağın tarixi, deportasiya, soyqırım və işğal faktları öz əksini tapıb. Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə məsləhət görərdim ki, onlar öz enerjilərini dünya erməniçiliyinə qarşı mübarizəyə sərf etsinlər. İnsanlarımıza sayt açmağa mane olan nədir? İnsanlarımıza informasiya müharibəsinə öz töhfəsini verməyə mane olan nədir? Hamının əlində video çəkməyə imkan verən smartfon var. Bu imkandan istifadə olunsa biz də çəkilən videoları paylaşa bilərik. Bunun üçün sosial şəbəkələrdə aktiv olmaq lazımdır. Əyləncə xarakterli məsələlərə 50 faiz vaxtını ayıranlar zamanlarının heç olmasa 5 faizini də Qarabağla bağlı şərh yazmağa sərf etsinlər.
– Sosial şəbəkələrdə arqumentli çıxışları ilə qarşı tərəfi susdurmaq potensiallı gənclərimiz çoxdur, amma onların az bir qismi öz potensialını bu istiqamətdə xərcləməyə hazırdır. Bizim çox savadlı, təhsil ənənələri olan bölgələrimiz işğal altındadır. O bölgələrdən çıxan ziyalı nəsillərin davamçılarının intellektual müstəvidə fəallığı necədir?
– Sözün açığı bu əsas ağrılı yerimizdir. Bloqasferada gənclərin fəal olmamasına görə ermənilərin şikayəti ilə bizim icmanın tvitterdəki rəsmi səhifəsi bir neçə ay bundan əvvəl bir neçə həftəliyə məhdudlaşdırıldı. Bizim əks fəaliyyətimiz və tvitter administrasiyasına göndərdiyimiz çoxsaylı məktublar nəticəsində tvitter səhifəmiz yenidən bərpa olundu. Bloqsferada bizim gənclərin ermənilərlə intellektual müstəvidə debatları çox azdır.
– Bir beyin mərkəzi kimi Tvitterdə biz zəifik. Azərbaycan seqmenti orada yox dərəcəsindədir.
– Beynəlxalq təşkilatların, rəsmi şəxslərin hamısının tvitter hesabı var. Bu məsələdə bizim indiki nəslin çox günahı var. Biz öz uşaqlarımıza ermənilərdən danışmırıq. Bu yaxınlarda biz xaricdə magistratura təhsili almağa gedən 47 nəfər gənclə görüşdük. Xaricdə onların fəaliyyətinin ümumi istiqamətləri haqqında tövsiyələrimizi verdik. Biz 20 sentyabr tarixində Polşaya səfər etmişdik, Polşada Azərbaycan diasporu ilə görüşərək onları da bloqasferada aktiv olmağa dəvət etdik. Youtuberlərimizin (ing: YouTuber – YouTube videohost platformasında videoçarxlar yerləşdirən şəxs – red.) əsasən şou biznes və əyləncə sektorunda çalışırıar. Mən başa düşürəm ki, evinə yorğun gələn şəxs daha çox əyləncəyə baxmağa meyil edir. Amma bütün dünyada bunun nisbəti gözlənilir. Hətta problemi olmayan, münaqişələrdən uzaq ölkələrdə də bloqasferada siyasi, hüquqi məsələlərə yer verilir.
– Türkiyədə bu məsələ çox güclüdür. Halbuki, Türkiyənin heç bir kvadrat sm torpağı da işğal altında deyil.
– Bəli. Yəni bunu insan özü etməlidir.
– İncəsənət Muzeyinin həyətində saxlanılan Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri ilə bağlı sual vermək istəyirəm. Onların yerini dəyişdirmək nəzərdə tutulur?
– O heykəllər muzeyin həyətindədir. Biz hətta onlarla bağlı vedeo çarx da hazırlamışıq. Çox istərdik ki, bu heykəllər Bakının məşhur yerlərindən birində qoyulsun. Biz bu heykəlləri turistlərə göstərməliyik. Bu şəxsiyyətlər dünya səviyyəli insanlar olub. Bu gün Uzeyir Hacıbəylinin əsərləri dünyanın ən böyük musiqi akademiyalarında tədris olunur. Bakıya gələn dünya şöhrətli mədəniyyət xadimləri Üzeyir bəyin güllələnmiş heykəlini niyə görməməlidirlər? Güllələnmiş bu heykəllər ermənilərin nə qədər çirkin xislətli xalq olduğunu göstərir.
– Bəs həmin heykəlləri aeroport yoluna və yaxud Azneft meydanına qoymaq olmaz?
– Gələcəkdə muzey rəhbərliyi ilə danışıb o heykəlləri qapalı yerdən çıxarmaq olar. Elə etmək olar ki, musiqili fəvvarələr etdiyimiz kimi güllələnmiş heykəlləri qoyduğumuz yerə insanlar yaxınlaşanda xarici dillərdə səsli məlumat verilsin. Üzeyir bəyin ölməz əsərləri, Bülbülün ifaları səsləndirilsin və.s.
Fuad Babayev, 1905.az