
Bakı şəhəri dekabrın 2-3-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun ikinci iclasına ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasın əvvəlində tədbir iştirakçıları ölkəmizdə geodeziya və kartoqrafiya sahəsində görülən işləri əks etdirən videoçarxı izləyiblər.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajanın, eləcə də TDT-yə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Görüş zamanı, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlar məlumatlandırılıb.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr – 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Tədbir panel sessiyalarla davam edib.
Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.
10:52
Dekabrın 3-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), nazirlik yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.
Qeyd edək ki, Bakıda təşkil olunan iclasda İşçi qrupunun ötən il 30 sentyabr – 1 oktyabrda Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçirilir.
Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.
Tədbirin sonunda Bəyannamənin qəbulu planlaşdırılır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









