
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq son dövrdə nəzərəçarpacaq dərəcədə institusionallaşıb və çoxqatlı inteqrasiya mərhələsinə keçib. Bu proses xüsusilə iqtisadiyyat, enerji və nəqliyyat sahələrində daha aydın görünür.
İqtisadi sahədə qarşılıqlı ticarət dövriyyəsinin artması və investisiyaların yüksəlməsi münasibətlərin artıq keçici xarakter daşımadığını, uzunmüddətli planlama ilə dəstəklənən struktur qazandığını göstərir. Azərbaycanın hidrokarbon infrastrukturu ilə Mərkəzi Asiyanın istehsal potensialının bir-birini tamamlaması Trans-Xəzər layihələrinin yenidən strateji gündəmə gəlməsinə səbəb olub.
Nəqliyyat və logistika inteqrasiyası isə Orta Dəhliz, Trans-Xəzər marşrutu, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Transəfqan dəhlizi kimi layihələr vasitəsilə həm ticarət, həm də siyasi bağları daha da dərinləşdirir. Bunlara mədəni və təhsil sahəsində qarşılıqlı əlaqələr, eləcə də çoxtərəfli diplomatik koordinasiya da əlavə olunur. Bu çoxşaxəli yaxınlaşma münasibətlərin artıq tarixi bağlardan çox, müasir regional memarlığın tələb etdiyi strateji tərəfdaşlığa çevrildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Hacı Bayram Veli Universitetinin müəllimi, ekspert Şuay Nilhan Açıkalın söyləyib.
O qeyd edib ki, noyabrın 16-da keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə Azərbaycan tamhüquqlu üzv kimi qəbul edilib. Beləliklə, əvvəlki “fəxri qonaq” statusundan çıxaraq qərarverici proseslərdə birbaşa iştirak edən bərabərhüquqlu aktor mövqeyinə keçib. Bu status dəyişikliyi yalnız simvolik deyil, eyni zamanda, regional əməkdaşlığın çoxqatlı xarakter aldığının göstəricisidir. Azərbaycanın tam üzvlüyü C5+1 kimi formatların C6+1 modelinə çevrilməsinə imkan yaradaraq regional diplomatiyada yeni tarazlıq formalaşdırır. Bundan əlavə, məsləhət mexanizminin institusionallaşmasına Azərbaycanın daxil olması bu strukturun davamlılığını da gücləndirir. Nəticə etibarilə bu addım ölkənin Mərkəzi Asiyadakı strateji legitimliyini əhəmiyyətli dərəcədə artırır.
“Tam üzvlük Azərbaycanın iştirak imkanlarını yalnız liderlər səviyyəsindəki sammitlərlə məhdudlaşdırmır. Bununla yanaşı, xarici işlər, iqtisadiyyat, nəqliyyat, enerji və mədəniyyət sahələri üzrə nazirlər səviyyəsində keçirilən toplantılarda da yer alacaq. 2035-ci il perspektivi ilə hazırlanacaq regional ticarət, investisiya və elektron ticarət proqramlarının hazırlanması və icrasında Bakının fəal rol oynaması gözlənilir.
Nəqliyyat sahəsində isə Trans-Xəzər dəhlizi, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və İnfrastrukturun İnkişafı Şurası kimi mexanizmlərə birbaşa töhfə verəcək. Beləliklə, Azərbaycan “Mərkəzi Asiya + Azərbaycan” formatının bütün alt sistemlərinin qurucu elementi kimi regional koordinasiyanın üzvi hissəsinə çevriləcək”,- deyə Şuay Nilhan Açıkalın vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə tam üzvlüyü ölkənin Cənubi Qafqazdakı geosiyasi mövqeyini həm gücləndirir, həm də şaxələndirir. Birincisi, Azərbaycanın geoiqtisadi mərkəz olma potensialı möhkəmlənir və ölkə Mərkəzi Asiya ilə Avropa arasında getdikcə böyüyən Orta Dəhlizin əvəzolunmaz qovuşuğuna çevrilir. İkincisi, Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşması Azərbaycanın iki regionu birləşdirən əsas güc statusunu möhkəmləndirir. Bundan başqa, Azərbaycanın altılı formata daxil olması onun xarici siyasətdə manevr imkanlarını genişləndirir və beynəlxalq platformalarda kollektiv regional kimliklə çıxış etməsinə şərait yaradır. Bu çərçivə iqtisadi şaxələndirməni dəstəkləməklə yanaşı, ölkənin xarici siyasət müstəqilliyini də artırır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








