Türk lirəsi sürətlə ucuzlaşmaqda davam edir. Bunun səbəbləri içində daxili siyasi, geosiyasi, iqtisadi amillər sadalanır. Zaman-zaman bu amillərdən bəzisi irəli çıxır, bəzisi isə arxa planda qalır.
Türkiyəli maliyyə analitiki Mahfi Egilmez bildirir ki, türk lirəsi dəyərdən düşdükcə, daxili qiymətlərin də yüksəlməsinə səbəb olur. Bununla yanaşı, tədiyyə balansındakı kəsir artır, faizlər yüksəlir. Nəticə olaraq artıma rəğmən, iqtisadiyyat yaxşılaşmır, əksinə daha həyəcanlı gələcəyə doğru irəliləyir (www.mahfiegilmez.com).
Qardaş ölkədə yaranmış durumla bağlı iqtisadi ekspertlərə müraciət etdik: Türk lirəsinin ucuzlaşmasının səbələri hansılardır və bu, Türkiyə iqtisadiyyatına hansı təsiri göstərir?
Elçin Cəfərov hesab edir ki, siyasi qeyri-müəyyənlik davam etdikcə, xarici tərəfdaşların və xarici investisiyanın ölkədən sürətlə çıxarılması şəraitində lirənin uculaşması prosesi davam edəcək: “Türkiyənin milli valyutası lirənin xarici valyutalara nəzərən ucuzlaşmasının səbəblərini həm siyasi, həm də iqtisadi sferada axtarmaq lazımdır. Siyası səbəblər arasında 2016-cı ilin yayında dövlət çevrilişinə cəhddən sonrakı formalaşan siyasi reallıq, ölkədəki fövqalədə vəziyyət rejimi, növbədənkənar seçki qərarının mövcudluğu, türk ordusunun ölkə sərhəddindən kənarda terrorçulara qarşı hərbi əməliyyatlar aparması, ABŞ və AB ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı son zamanlar yaranan fikir ayrılıqları aid edilə bilər. İqtisadi səbəblər arasında ilk nəzərə çarpanlar isə hazırda Türkiyənin müxtəlif regionlarında icra edilməkdə olan iri kapitaltutumlu inşaat layihələrinın çoxluğu, PF ilə birgə milyard dollarlıq AES-in inşaatı, iri xarici dövlət borcunun mövcudluğu ilk diqqəti cəlb edənlərdir. Qeyd edilməlidir ki, “4 lirə = 1 ABŞ dolları” 2015-ci ildən Türkiyədə başlayan devolvasiyanın psixoloji həddi hesab edilirdi və bu hədd artıq aşılıb. Lirənin gələcəyi ilə bağlı proqnozları optimist və pessimist olmaqla iki yerə ayırmaq mümkündür. Pessimist proqnoz bundan ibarətdir ki, siyasi qeyri-müəyyənlik şəraiti davam etdikcə xarici tərəfdaşlar, xüsusən ABŞ və AB-yə aid xarici investisiyalar ölkədən sürətlə çıxarıldıqları halda, lirənin ucuzlaşması prosesi labüd olaraq davam edəcək. Optimist proqnoz isə, tezliklə hər il olduğu kimi Türkiyəyə turist axını valyuta axını ilə də müşayət olunacaq ki, bu da ilin ikinci yarısından etibarən türk valyutasını dayanıqlı kursda saxlamağa imkan verəcəkdir. Ümumiyyətlə, bu gün Türkiyə iqtisadiyyatı sürətlə artan iqtisadiyyatlar arasında xüsusi yer tutur və milli valyutanın devolvasiyası müəyyən həddlərdə ölkə iqtisadiyyatının inkişafına stimullaşdırıcı təsir göstərə bilir”.
Samir Əliyev bildirir ki, türk lirəsinin sabitliyinə inamın olmaması xarici sərmayədarları Türkiyədən qaçırır: “2018-ci ilin 4 ayı bitmək üzrədir. Bu müddət ərzində türk lirəsi dollara nisbətdə 3,8-dən 4,08-ə düşüb. Yəni 7 faizədək ucuzlaşıb. Bu, dünyada dolların birmənalı olaraq ucuzlaşmasının baş vermədiyi zamanda olub. Türk lirəsinin ucuzlaşması daha çox Türkiyədə baş verən proseslərlə əlaqədardır. Türkiyədə siyasi gərginliklərin fonunda lirə ucuzlaşıb. Türkiyə uzun müddət “isti pul”ların hesabına investisiya artımına və iqtisadi inkişafa nail olub. Bu pullar daha çox qısa müddətə gələn pullar idi. Bu hadisələrin kökü 3-4 il əvvələ gedir və Türkiyənin Rusiya ilə münasibətlərinin korlanmasından tutmuş, bu gün baş verənlərə qədər olan dövrü əhatə edir. Türkiyədə baş verən terror aktları onun turizminə böyük zərbə vurdu. Son vaxtlar isə Suriya hadisələri və iqtisadi sahədə atılan addımlar, xüsusilə də Avropa ilə münasibətlrin pisləşməsi türk iqtisadiyyatına qoyulan Avropa sərmayəsinin azalmasına, mövcud sərmayələrin isə ölkədən getməsinə səbəb oldu. Biz Türkiyənin tədiyyə balansına baxsaq, cari hesablarda mənfi saldo yaranıb. Yəni ölkədən çıxan dollarlar, ölkəyə gələn dollardan çoxdur. Bu da Türkiyənin milli valyutasını təzyiq altında qoyur. Türkiyənin ixracı çətinləşib ki, buna neftin qiymətinin bahalaşması da öz təsirini göstərib. Bu da həm tədiyyə balansına, həm də iqtisadiyyata öz təsirini göstərir. Türk lirəsinin ucuzlaşmasının mənfi fəsadları olduğu kimi, müsbət tərəfləri də var. Türk lirəsinin ucuzlaşması Türkiyə mallarının rəqabətqabiliyyətliliyini artıracaq. Oxşar situasiyanı Rusiya da yaşamışdı. Rus rublu ucuzlaşan kimi, Rusiyada ixrac artmağa başladı. Mənfi fəsadları isə Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun azalmasına səbəb olmasıdır. Türk lirəsinin sabitliyinə inamın olmaması sərmayədarları Türkiyədən qaçırır. Yəni Türkiyədə uzunmüddətli yox, qısamüddətli sərmayələr üstünlük təşkil edir. Qısamüddətli səraməyələrin isə belə bir cəhəti var ki, hər hansı narahatçılıq olanda ölkəni tərk edir. Ölkədə sabitlik olmazsa, bu, türk lirəsinin daha da ucuzlaşmasına səbəb ola bilər”.
Aqil Eyvazov qeyd edir ki, mövcud vəziyyət əhalinin istehlak qabiliyyətini, alım gücünü azaldır, istehsal imkanlarını məhdudlaşdırır: “Türkiyədə lirənin dəyərdən düşməsinin və inflyasiyanın bir çox səbəbləri vardır. Burada əsas amillərdən biri, istehsalın və xidmətlərin maya dəyərini təşkil edən xərclərin yüksək olmasıdır. Yəni xammal-material xərcləri, sığorta haqları, əmək haqqı, icarə, enerji xərcləri, xüsusilə vergilər və faiz dərəcələrində artım məhsul və xidmətlərin baha başa gəlməsinə səbəb olur. Türkiyənin hazırda xarici borclarının həcmi 438 milyard ABŞ dollarıdır. Həm bu borcları ödəmək, eyni zamanda, daxili istehsal və sərmayə üçün lazım olan vəsait yenə də ABŞ dolları ilə xaricdən borc almaqla əldə edilir. Nəticədə, alınan borclara görə artmaqda olan və ödənilən faiz məbləğləri məhsulların və xidmətlərin maya dəyərini kəskin artırır. Bu da ölkədə əhalinin istehlak qabiliyyətini, alım gücünü azaldır, istehsal imkanlarını məhdudlaşdırır. Türkiyə dollarla ən çox borc alan ölkələrdəndir. Ciddi dəyişiklik olmasa, ilin sonuna kimi 1 dollar 7 lirəyə bərabər ola bilər”.
Bu arada Türkiyə mərkəzi Bankı elan edib ki, türk lirəsinin dəyərdən düşməsinin əsas səbəbi neftin qiymətinin qalxmasıdır (haberturk.com).
Gündüz Nəsibov, 1905.az