
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurasının ilk iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Rəssamlıq Akademiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində baş tutub.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev Akademiyanın yaranma tarixini, təsviri sənət məktəbinin ənənələrini və üç dildə aparılan tədris sistemini ətraflı təqdim edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Sərəncamı ilə Akademiyanın yaradılması ölkəmizdə təsviri incəsənət təhsilinin inkişafında mühüm mərhələ olub.
Natiq Əliyev həmçinin qeyd edib ki, Sərəncam nəticəsində rəssamların yaradıcı fəaliyyətinə xüsusi şərait yaradılıb, bir çox tanınmış sənətkarlara dövlət tərəfindən emalatxanalar hədiyyə olunub.
Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universitetinin Geleneksel Türk Sanatları üzrə araşdırmaçı mütəxəssisi Mehmet İşcan ənənəvi türk sənətlərinin tədrisi və müasir tətbiq sahələri haqqında məlumat verib.
Özbəkistan Rəssamlıq Akademiyasının sədr müavini, fəlsəfə elmləri namizədi Feruza Abıdjanova ali təhsil ocağının fəaliyyəti və əməkdaşlıq imkanları barədə söz açıb. Qırğız Respublikasının Turqunbay Sadıkov adına Milli İncəsənət Akademiyasının rektoru, professor Usukeev Aidarbek tədris ənənələri və sənət təhsilinin regional əhəmiyyətini qeyd edib. Macarıstan Rəssamlıq Universitetinin rektoru, professor İstvan Eros Avropa incəsənət təhsilində mövcud tendensiyalar və universitetin beynəlxalq əlaqələri barədə məlumat verib. Temirbek Yorqenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Zhudebayev akademiyanın tədris istiqamətləri və beynəlxalq layihələri barədə danışıb. Şimali Kipr Türk Respublikasının Arkin Yaratıcı Sanatlar və Tasarım Universitetinin rektoru, professor Asım Vehbi isə universitetdə tətbiq olunan Amerika təhsil modelinin xüsusiyyətləri haqqında çıxış edib.
Tədbirin sonunda Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov Rektorlar Şurasının yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq planları barədə məlumat verib. O, həmçinin sənət təhsili sahəsində institusional tərəfdaşlığın vacibliyini vurğulayıb.
İclasın qərarı ilə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və Macarıstanın ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurası yaradılıb. Şuraya ilk olaraq 2 il müddətinə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev sədrlik edəcək.
Rektorlar Şurasının koordinatoru Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədovdur.
Tədbir çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr və Macarıstan ali təhsil müəssisələri ilə Azərbaycan Rəssamlıq Akademiyası arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb. İmzalanan memorandum müvafiq universitetlərin tədris və elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, birgə tədqiqat layihələri hazırlamaq və mümkün olduqda fakültə, tələbə və işçi heyətinin qarşılıqlı mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








