Politoloqlar Cavid Vəliyev və Ramiyə Məmmədova ilə Türkiyədə keçirilən son seçkiləri müzakirə etdik.
Türkiyədə keçirilən seçkilərin nəticələri ilə bağlı danışan Ramiyə Məmmədova seçkilərin nəticələrinin gözlənilməz olmadığını bildirdi və qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğanın bu seçkilərdə qələbə çalacağını hamı gözləyirdi. Amma o seçkilərdə ikinci tur olacağının labüdlüyünü məqalə və müsahibələrində vurğulayıb. Bu baxımdan seçkilərin birinci turdaca yekunlaşması onun üçün bir qədər gözlənilməz olub.
Cavid Vəliyev bildirdi ki, seçkilər ərəfəsində Türkiyə cəmiyyətinin fikirləri haçalanmışdı. Bir hissə seçkilərin ikinci turunun olacağını güman edirdi. C.Məmmədov da ikinci turun ola biləcəyini güman edib. Politoloq Rəcəb Tayyib Ərdoğanın topladığı 52 faizi çox yaxşı bir göstərici hesab etdiyini qeyd edib. Xüsusilə də seçkilərdə iştirak faizinin 87 faiz olduğu bir şəraitdə.
Seçkilərin nəticələri Azərbaycan üçün nə vəd edir, sualımıza cavabında Cavid Vəliyev qeyd etdi ki, Türkiyə-Azərbaycan münasibətlərində liderlər arasındakı dostluq böyük əhəmiyyət kəsb edir. O, liderlər arasındakı şəxsi əlaqələrin ən yaxşı dövrünün 1990-cı illərdə yaşandığını bildirdi. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış dostluq münasibətlərinin isə iki ölkə arasındakı əlaqələrə xüsusilə 2010-cu ildən sonra olduqca müsbət təsir göstərib. Buna görə də politoloq Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsini iki ölkə arasında əlaqlərin yenidən başlanması kimi deyil, qaldığı yerdən davamı kimi səciyyələndirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri istisna omaqla, iki ölkənin iştirak etdiyi digər böyük layihələrin Ərdoğan dövründə həyata keçirildiyini irəli sürən C.Vəliyev Azərbaycanın qardaş dövlətə 14-15 milyard ABŞ dolları civarında sərməyə qoyduğunu qabartdı və iki ölkə lideri arasında çox gözəl anlaşma olduğunu vurğuladı.
R.T.Ərdoğanın yenidən prezident seçilməsinin Qarabağ probleminin çözümünə hansısa təsiri ola bilərmi, sualımıza cavab verərkən Ramiyə Məmmədova bildirdi ki, Qarabağ problemini Türkiyə həll edə bilməz, bu məsələni Azərbaycanın özü həll etməlidir. Amma Ərdoğan Qarabağ probleminin həlli zəruriliyini öz çıxışlarında ən yüksək kürsülərdən dəfələrlə qaldırıb.
Cavid Vəliyev isə qeyd etdi ki, Qarabağ məsələsində Türkiyənin birbaşa təsiri var. Ən əsası isə Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. Və Qarabağ problemi ilə əlaqədar Azərbaycanın istədiyi şəkildə konkret mövqe sərgiləyən bir neçə dövlətdən biridir. Seçkilərdə bu məsələ ilə bağlı müxtəlif partiyalar öz mövqelərini bildirmişdi. Lakin ən açıq mövqe qoyan Ədalət və İnkişaf Partiyası idi. Onlar açıq-aydın elan etmişdilər ki, Qarabağ məsələsi Azərbaycanın istədiyi şəkildə həll olunmalıdır. Tutaq ki, Cümhuriyyət Xalq Partiyası bildirirdi ki, Qarabağ məsələsi həll olunsun, amma Ermənistanla da münasibətləri düzəltmək lazımdır. C.Vəliyev bildirib ki, Türkiyədə seçkilərdən sonra formalaşan balans Azərbaycanla münasibətlər baxımından olduqca əhəmiyyətlidir.
Ərdoğanın prezident seçilməsi Türkiyənin iqtisadi siyasətinə necə təsir göstərəcəyi ilə bağlı sualımızı cavablandırarkən, C.Vəliyev dedi ki, Türkiyə enerji məhsullarını idxal edən dövlətdir və buna görə də daim böyük miqdarda xarici valyutaya ehtiyacı var. Bu dəyişkənlik Türkiyə iqtisadiyyatına ciddi təsir göstərir. R.T.Ərdoğan indi enerji mənbələrinin çeşidləndirilməsinə üstünlük verir. Bu da öz növbəsində qiymətə və enerji təhlükəsizliyinə təsir edir. Bunun isə öz növbəsində iqtisadiyyata birbaşa təsiri var. Türkiyə iqtisadiyyatı yaxın keçmişdə Qərbdən çox asılı idi. Bəzi dövlətlər bundan Türkiyəyə qarşı manipulyasiyalarda istifadə edə bilirdilər. Ərdoğan dövründə bu asılılıq azaldılıb. Bundan sonra da onu davam etdirəcəkləri düşünülür. R.T.Ərdoğan Türkiyə iqtisadiyyatının təməl problemlərini həll etməyə cəhd göstərir. Bütün hallarda bunlar bir qədər vaxt alan məsələlərdir.
Türkiyənin Suriya və İraqda həyata keçirdiyi siyasəti ilə bağlı proqnozlardan danışarkən Ramiyə Məmmədova söylədi ki, Türkiyə ordusu yəqin ki, yaxın illərdə Suriyadan çıxmayacaq və bu ölkə ilə bağlı siyasətdə söz sahibi olacaq. Qəndildə keçirilən əməliyyat isə uğurla davam etməkdədir.
Türkiyə-ABŞ münasibətlərində ziddiyyətlər dərinləşəcək, yoxsa bir qədər yumşalacaq? Bu sualımıza cavab verən C.Vəliyev qeyd etdi ki, son dövrlərdə iki ölkə arasında münasibətlərdə bir yumşalma duyulur. Xüsusilə Çavuşoğlu və Pompeonun görüşündən sonra. Menbic məsələsində razılığın əldə olunması ən kritik məsələlərdəndir. F-35-in verilməsi çox mühüm hadisədir. Türkiyə-ABŞ münasibətlərində Tramp adaministrasiyası yox, Konqress “baryer” rolunu oynayır. Politoloq münasibətlərin əvvəlki qədər pis olmayacağını düşünür. Türkiyənin ABŞ-dan tamamilə uzaqlaşması və NATO-dan çıxmasını isə qeyri-ciddi məsələ sayır. Çünki Türkiyə buna getsə, həm Qərb, həm də Şərq üçün əhəmiyyətini itirər. Türkiyə bu gün Şərqdə Qərbin müttəfiqi olduğu üçün qiymətlidir. Şərqlə münasibətlərini isə nə qədər inkişaf etdirsə, Qərb üçün bir o qədər dəyərli olacaq.
Hazırladı: Gündüz Nəsibov, 1905.az