Türkiyədə bələdiyyə seçkiləri başa çatdı. Bu seçkiləri 51,64 % səslə Cümhur İttifaqı (AK Parti və MHP) və 37,57% səslə Millət İttifaqı (CHP, İyi Partiya) qazanıb (http://www.hurriyet.com.tr/secim/31-mart-2019-yerel-secimleri/secim-sonuclari).
Politoloq Cavid Vəliyevin fikrincə Türkiyədə keçirilən bələdiyyə seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partyası 2017-ci ildə keçirilən prezidentlik sisteminə keçid referendumunda və 2018-ci il parlament və prezident seçkilərində əldə olunan nəticələri qoruyub saxlaya bilib. Bu rəqəmlər bundan sonra 4 il yarım seçkilərin olmayacağı Türkiyədə ƏİP-in hakimiyyətini qoruyacağını və Rəcəb Tayyib Ərdoğanın prezidentlik sisteminin gücləndirərək davam edəcəyini deməyə əsas verir.
Ekspert hakim partiyanın 2014-cü ili bələdiyyə seçkilərində qalib gəldiyi bəzi böyük şəhərlərdə uduzmasının səbəbini Türkiyənin son illərdə iqtisadi olaraq geriləməsində görür. İstanbul bələdiyyə seçkilərinin həm Türkiyə siyasəti, həm Prezident Ərdoğan üçün olduqca əhəmiyyətli olduğunu vurğulayan müsahib bildirib ki: “Ərdoğan siyasətə İstanbulun Bələdiyyə sədri olaraq başlamışdır. İstanbul eyni zamanda bir çox böyük layihələrin mərkəzi kimi də əhəmiyyətə malikdir. Bu mənada İstanbul Rəcəb Tayyib Ərdoğan üçün böyük bir Türkiyə səhnəsi mənasındaydı. İstanbul şəhər olaraq büdcəsi toplamda 60 milyard lirə təxmini 11 milyard dollardır. Bu büdcə qalib gələn partiya üçün maliyə dəsdəyi hesab olunur. Digər tərəfdən Türkiyə seçicilərinin 19 %-ni təşkil etməsi səbəbi ilə “İstanbul seçkilərini udan Türkiyə seçkilərini udar” şüarı olduqca məşhurdur”.
Politoloqun fikrincə: “Seçkilərin qalibi sayılan ƏİP, CHP və MHP arasında Azərbaycanla münasibətlər haqqında fikir ayrılığı yoxdur. Hər üç partiya Dağlıq Qarabağ məsələsinin Azərbaycan ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini və Türkiyə-Ermənistan sərhədlərinin yalnız Dağlıq Qarabağın həllindən sonra mümkün olacağını müdafiə edirlər. Bu məsələdə bəlkə CHP içində fərqli mövqelər ola bilər, lakin CHP-nin əsas siyasətinə təsir edəcək gücdə deyildir. Ermənistanla sərhəd qapıları olan İqdır və Qarsda bələdiyyələrin Ermənistanla sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını müdafiə edən Xalqların Demokratiya Partiyasının nəzarətinə keçməsi diqqət çəkicidir. Bələdiyyələrin sərhədləri açma gücü və səlahiyyəti olmasa da, Qars və İqdır ilə Ermənistan arasında mədəni əlaqələrin artmasına səbəb ola bilər. Çünkü XDP-nin erməni təşkilatları ilə yaxın əlaqələri mövcuddur və hətta bu partiya 1915-ci il hadisələrinin “soyqırım” olaraq tanınmağını istəyir. Lakin onu da qeyd edim ki, İqdır bələdiyyə seçkiləri mübahisəli oldu. Seçki gecəsi nəticələr qalibin Cumhur İttifaqının namizədi İsa Yaşar Tezelin olduğu göstərirdi. Lakin tezdən nəticələr dəyişdi və XDP namizədi qalib gəldiyi nəticələr ortaya çıxdı”.
Cavid Vəliyev qeyd edib ki, seçkilərdən sonra Türkiyə daha çox iqtisadi problemlərin həllinə çalışacaqdır. Türkiyədə yaşanan bu iqtisadi geriləmə eyni zamanda dünya qlobal iqtisadiyyatında yaşanan problemlərdən gəlir. Seçkilərin nəticəsi daxildə və xaricdən gələn bəzi tənqidlərə baxmayaraq Türkiyənin demokratik bir ölkə olduğunu göstərir. Xarici siyasətində isə xüsusən Türkiyə-ABŞ siyasi, hərbi və iqtisadi münasibətləri əsas müzakirə mövzuları olacaqdır.
Digər ekspert Vüqar Zifəroğlu da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin əhəmiyyətini heç də türk xalqının seçkilərə hər zaman ciddi münasibət göstərməsi ilə deyil, növbəti seçkilərin 4 ildən sonra – 2023 (parlament və prezident seçkiləri ) və 2024-cü (bələdiyyə seçkiləri) illərdə olması ilə əlaqələdirib.
Politoloq bu bələdiyyə seçkilərini Türkiyədəki mövcud siyasi partiyaların qarşıdan gələn seçkilər üçün son hazırlıq mərhələsi və güc nisbətlərini müəyyənləşdirmək üçün bir sınaq meydanı kimi dəyərləndirib. Onun fikrincə, siyasi qüvvələr bu seçkilərə çox ciddi hazırlaşırdılar, maraqlı və həyacanlı qarşıdurmanın yaşanacağı da proqnozlaşdırılırdı. Seçkinin nəticələrinin prinsip etibarilə elə bir böyük sürpriz olmadığını bildirən Vüqar Zifəroğlu qeyd edib ki, İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə CHP-ə önə çıxsa da, ümumi nəticə etabarilə 2014-cü il seçki nəticələri ilə müqayisədə AKP-MHP koalisiyası müəyyən qədər öz səslərini qorumağa müvəffəq olub.
Müsahib qeyd edib ki, İstanbulda seçkiləri faktiki uduzan AKP müəyyən mənada seçicilərdən xəbərdarlıq da aldı. İqtidarın daxili siyasətə yönəlik iqtisadi islahatlarında müəyyən problemlərin yaranması, Qərbin məhz iqtisadi rıçaqlardan istifadə edərək keçən ilin avqustundan Türkiyəyə ciddi təzyiqlər etməsi, lirənin dollara nisbətdə dəyərdən düşməsi, müəyyən iqtisadi kataklizmlərin yaşanması hər halda orta statistik seçiciyə öz təsirini göstərmiş oldu. Bu təsir özünü CHP-nin səs artımında göstərdi. Ekspert qeyd edib ki, AKP ümumiyyətlə, Türkiyə boyu 2014-cü ildə seçkilərində 43,39% , 2009-cu il seçkilərində isə 38,6% səs toplamışdı. CHP isə 2014-cü ildə 25,5%, 2009-cu ildə 24,7% səs toplamışdı. Bütün bunlar 31 mart bələdiyyə seçkilərində səslərin faiz nisbətinin dinamikasını izləməyə bizə imkan verir. Politoloqun seçkinin sürpriz partiyası kimi dəyərələndirdiyi MHP öz səsini kifayət qədər artıra bildi. Amma seçkidə yenə özünü təsdiq edə bilməyən siyasi qüvvə İyi Partiya oldu. İyi Partiya müəyyən mənada CHP-nin kölgəsində qaldı. İyi Partiya ona həvalə edilən rolun öhdəsindən uğurla gələ bilmədi, sağ və sağ mərkəzçi elektoratın səsini qazana bilmədi. CHP-nin isə uğur qazanması onun seçdiyi namizədlərlə bağlı idi, CHP yerlərdə uğurlu namizədlər irəli sürə bildi. Bələdiyyə seçkilərində isə namizədlərin kimliyi son dərəcə önəm daşıyır”.
Ekspert bildirib ki, mövcud durum 2023 və 2024-cü il seçkilərinə qədər Türkiyənin siyasi həyatında çox maraqlı proseslərin gedəcəyini söyləməyə əsas verir. Öz liderliyini qoruyan AKP-yə MHP ilə koalisiya kifayət qədər faydalı oldu. Anadolu bölgəsini buna sübut kimi göstərmək olar. Amma növbəti illərdə biz müəyyən dəyişikliklərin də şahidi ola bilərik. Bu ilk növbədə yeni bir siyasi qüvvənin ortaya çıxmasına səbəb ola bilər. Əgər belə bir şey olsa çətin ki, gələcək seçkilərdə AKP öz liderliyini saxlaya bilsin. Çünki, yeni siyasi qüvvə sağ və sağ-mərkəzçi düşərgəyə sahiblənə bilər. Hər şey Türkiyənin daxilində gedən proseslərdən asılı olacaq.
1905.az