İyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Mövcud fövqəladə vəziyyət şəraitində keçiriləcək seçkilər Türkiyə siyasi siteminin dəyişdirilərək prezident üsul-idarəsinə keçirilməsi vəzifəsini asanlaşdıracaq. Lakin Türkiyədəki müxalif qüvvələrin fəallığı əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə Ərdoğanın işini xeyli çətinləşdirəcək. Türk müxalif partiyalarının əməkdaşlıq səviyyəsinin yüksəlməsi aşkar sezilir. Müxtəlif, çox vaxt bir-birinə ideoloji cəhətdən zidd mövqeləri ilə seçilən partiyaların alyanslarda birləşməsi diqqəti cəlb edir.
Politoloqlarımız Türkiyədəki seçkiqabağı vəziyyəti dəyərləndirdilər və proqnozlarını söylədilər:
Cavid Vəliyev seçkilərin çətin keçəcəyini düşünür və Ərdoğanın qalib gələcəyi fikrindədir: “24 iyun seçkiləri iki cəhətdən Türkiyə siyasətinin gələcəyi üçün əhəmiyyətlidir. Birincisi, seçkidən sonra Türkiyə rəsmən prezident üsul-idarəsinə keçəcəkdir. İkincisi, parlamentdə çoxluq hakimiyyətdə, yoxsa müxalifətdə olacaq? Prezident seçkilərində hazırda 6 namizəd yarışır və bunların 6-sı da Türkiyə ictimaiyyəti tərəfindən yaxşı tanınan namizədlərdir. Prezident seçkilərində bəzi namizədlər təmsil ettikləri partiyalardan daha çox səs toplaya bilərlər. Məsələn, AKP namizədi Rəcəb Tayyib Ərdoğan, CHP namizədi Məhərrəm İncə və XDP namizədi Səlahəddin Dəmirtaşın səsləri partiyalarının səslərindən çoxdur. 24 iyunda seçkilərin nəticəsi səs miqdarına görə, Rəcəb Tayyib Ərdoğan, Muharrəm İncə, Meral Akşənər, Səlahəddin Dəmirtaş, Təməl Qaramaloğulları və Doğu Pərincək prezident ola bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın şansı daha çoxdur, lakin seçkilərə 2 həftə qalmış ortaya çıxacaq anketlərin nəticələrinə baxmaq lazımdır. Birinci turda müxalifətin bir neçə namizəd çıxarması səsləri parçalayır və prezident Ərdoğanın işini çətinləşdirir. Prezidentin müəyyənləşməsi ikinci mərhələyə keçərsə, müxalif seçicilər Rəcəb Tayyib Ərdoğana qarşı ikinci mərhələyə qalan müxalif namizədə səs verə bilər. İkinci mərhələdə müxalif liderin də işi asan olmayacaqdır. Belə ki, Muharrəm İncə qalarsa, İYİ Partiyanın mühafizəkar seçiciləri İncəyə yox, Ərdoğana səs verə bilər. Meral Akşenər qalarsa, kürd seçicilər ona yox, Rəcəb Tayyib Ərdoğana səs verə bilər. Məncə, ən geci ikinci mərhələdə Rəcəb Tayyib Ərdoğan prezident seçiləcəkdir. Təxmini olaraq səs miqdarı 2017-ci il aprel referandumunun nəticələrinə uyğun ola bilər. Yəni Rəcəb Tayyib Ərdoğan təxminən 51 %, müxalifət namizədləri 49 %.”
Ceyhun Əhmədli Rəcəb Tayyib Ərdoğanın bu seçkilərdə qələbə qazanacağına bir o qədər də ümid etmir: “Həmişə olduğu kimi, yenə də Türkiyədə seçkiqabağı gərgin siyasi mübarizə şəraiti hökm sürür. Partiyalar iki cəbhədə birləşib. Bir tərəfdə MHP və AKP-nin yaratdığı “Cümhur” İttifaqı seçkilərə vahid namizədlə – hazırkı Prezident R.T.Ərdoğanla qatılır. Digər cəbhədə isə CHP, İYİ Partiya, HDP və Səadət Partiyası yer alıb. Bu dəfəki seçkilərdə MHP istisna olmaqla, bütün siyasi partiyaların Ərdoğana qarşı birləşdiyini görə bilirik. Meydanlarda CHP və İYİ partiya xüsusi fəallıq nümayiş etdirir. Türkiyədə iqtisadi vəziyyətin gərgin olması son vaxtlar xalq kütlələrinin AKP iqtidarına qarşı qəzəbini xeyli artırıb. Elə buna görədir ki, müxalif partiyaların son mitinqlərində böyük izdihamların yaşandığını sezə bilirik. Fikrimcə, ilk turda heç bir namizəd qəti üstünlük əldə edə bilməyəcək. Birinci turda Ərdoğanın 40-41 faizdən artıq səs toplayacağını ehtimal etmirəm. Milliyətçi kəsimin də “Cümhur” ittifaqının namizədini yox, Maral Akşənəri (İYİ partiya) dəstəkləyəcəyi düşüncəsindəyəm. CHP-nin xarizmatik namizədi Muharrəm İncənin ən azı 25 faiz, Maral Akşənər və Səlahəddin Dəmirtaşın (HDP) isə müvafiq olaraq 16 və 12 faiz səs toplayacaqlarını ehtimal edirəm. Qalan səslər isə digər namizədlər arasında bölünəcək. Qeyd etdiyim kimi seçkinin əsas taleyi 8 iyul tarixində keçiriləcək ikinci turda müəyyən olacaq. İkinci turda yaxşı “bazarlıq” edən cəbhə qələbəni bayram edəcək. Bu turda CHP-İYİ Partiya-HDP üçlüyünün qərarı önəmli olacaq. İkinci turda müxalifətin vahid namizədi Muharrəm İncə olsa, kürdlərin ona yekdilliklə dəstək verəcəyini düşünürəm. Dəmirtaşın özü də M.İncəni dəstəkləmək niyyətini bir neçə dəfə biruzə verib. Yox, əgər milliyyətçi baxışları ilə seçilən Maral Akşənər ikinci turda müxalifətin vahid namizədi olsa, kürd kəsim Ərdoğanın namizədliyini dəstəkləyəcək. Bu isə müxalifətin məğlubiyyətini rəsmiləşdirə bilər. Bir sözlə, hər şey 24 iyun seçkilərindən sonrakı müddətdə bəlli olacaq. Əgər ikinci turda müxalif partiyalar yaxşı uzlaşa bilsələr və müxalif partiyalar CHP-nin namizədi olan, Muharrəm İncənin ətrafında birləşsələr, fikrimcə, Ərdoğan məğlubiyyətlə üzləşəcək. İndiki situasiyada mən “Cümhur” ittifaqının seçkilərdə qələbə qazanacağı qənaətindən xeyli uzağam”.
Zaur Məmmədov Ərdoğanın qalib gələcəyinə şübhə etmir: “Təbii ki, seçkilərdə insanları ilk növbədə iqtisadi amil düşündürür. Seçkilərə iki növ insanlar gedir. Biri cəmiyyətin rifahını düşünür, digəri isə öz iqtisadi vəziyyətini cibini, şəxsi rifahını. Məsələ ondadır ki, Türkiyə cəmiyyəti hər iki ehtimalı düşünən cəmiyyətdir. Və düşünürəm ki, müasir geosiyasi şəraitdə Rəcəb Tayyib Ərdoğanın və AKP-nin qalib gələcəyi məndə şübhə doğurmur. Hərçənd bəzi ekspertlər hesab edir ki, Ərdoğan yalnız ikinci mərhələdə qalib gələcək”.
Cavid Vəliyev parlamentdə müxalifətin bu dəfə güclü mövqeyə malik olacağını düşünür: “Parlament seçkiləri isə daha çətin olacaqdır. İki ittifaq vardır. AKP və MHP-nin qurduğu və Böyük Birlik Partiyasının sonradan daxil olduğu “Cümhur” İttifaqı. CXP-İYİ Partiya-Səadət Partiyası-Demokratik Partiyanın qurduğu Millət İttifaqı. XDP, Hürdava Partiyası və Vətən Partiyası təkbaşına iştirak edir və Türkiyədə 10 % seçki baryeri olduğu üçün Hürdava və Vətən partiyaları Türkiyə Böyük Millət Məclisində olmayacaqdır. Lakin XDP-nin TBMM-də olub- olmayacağı olduqca kritikdir. XDP məclisə girərsə, TBMM-də balans müxalifət lehinə ciddi şəkildə dəyişəcəkdir. Səadət Partiyası Millət İttifaqı ilə seçkilərə girəcəyi üçün Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilər. Bir sıra ekspertlər Türkiyənin prezidentlik sisteminə keçməsindən sonra parlamentin əhəmiyyətinin azalacağını iddia etsə də, əslində parlamentin əhəmiyyəti artır. Belə ki, prezident ilə parlament arasında bir razılaşma olmazsa, sistem işləməsində problemlər olacaqdır. O səbəbdən partiyalar üçün prezidentlik postu olduğu kimi parlamentin kimin nəzarətində olacağı da əhəmiyyətlidir. Görünən odur ki, parlamentdə müxalifət bu dəfə daha güclü mövqeyə sahib olacaqdır. Ayrıca prezident seçkilərində ƏİP və MHP Rəcəb Tayyib Ərdoğanı dəstəkləsə də parlamentdə vəziyyət fərqli ola bilər. Məsələn, Kürd açılımı məsələsində AKP və MHP arasında fikir ayrılığı ola bilər. Parlament seçkilərində rəqabət sadəcə AKP ilə müxalifət partiyaları arasında getmir. Eyni zamanda müxalifət partiyalarının öz aralarında da rəqabət mövcuddur. MHP-nin səslərinin çoxunu İYİ Partiya əldə edibdir. Hətta CXP-nin 4-5 %-lik səsi də İYİ Partiyaya keçmiş vəziyyətdədir. CXP itirilən bu səsləri geri almağa çalışır. XDP-nin Kürd seçicilərinin dəstəyini almaq üçün də partiyalar arasında ciddi bir rəqabət vardır. Səadət Partiyanın seçkilərdə iştirakı ƏİP-in mühafizəkar seçicilərinin bir hissəsini itirməsinə səbəb ola bilər”.
Bu arada Türkiyədə də seçki ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. “Hürriyət” qəzetinin baş redaktoru Murat Yetkin yazır ki, seçkiqabağı əsas proqnozlarda qaldırılan əsas məsələ onunla bağlıdır ki, seçki marafonu Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə birinci turdaca başa çatacaq, yoxsa iyulun 8-də ikinci tur olacaq. Jurnalist 24 iyunda həm də parlament seçkilərinin keçiriləcəyinin perspektivi daha da mürəkkəbləşdirdiyini qeyd edir. Çünki hətta prezident seçkiləri qalibi birinci turda müəyyənləşdirməsə də, 24 iyunda parlament formalaşacaq. “Prezident birinci raundda seçilməsə, ən əsas namizəd olan Ərdoğan belə bir situasiya ilə üzləşə bilər ki, AKP MHP və BBP ilə ittifaqa rəğmən, parlamentdə əksəriyyəti təşkil etməyə bilər. Hətta ikinci turda seçilsə də, Ərdoğan son nəticə etibarilə elə parlament qazanar ki, lazım hesab etdiyi qanunları qəbul etməz”.
Beləliklə, Türkiyədə prezident və parlament seçkisinə bir ay qaldı. Ümümi rəy belədir ki, bu dəfəki seçkilər son illərdə keçirilənlərə bənzəməyəcək. Bir ay sonra isə Türkiyə siyasi palitrasının necə şəkillənəcəyi daha aydın görünəcək.
Gündüz Nəsibov
1905.az