Türkiyədə zəlzələ nəticəsində indiyədək 9057 nəfərin həlak olduğu, 52 min 979 nəfərin yaralandığı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı Hatayda bildirib.
Türkiyə Prezidenti 60-dan çox ölkədən yardımlar gəldiyini deyib və bu sırada Azərbaycan başda olmaqla, İsrailin, Səudiyyə Ərəbistanının, Qətərin və digər ölkələrin dəstəyini xüsusi qeyd edib. Eyni zamanda, bu ağır dönəmdə çirkin kampaniyalar aparanları kəskin tənqid edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.
15:04
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 8574 nəfərə çatıb, 49 min 133 nəfər yaralanıb, 6 min 444 bina dağılıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu rəqəmləri Kahramanmaraşa səfəri çərçivəsində açıqlayıb.
Türkiyə prezidenti axtarış-xilasetmə işlərini yerində koordinasiya etmək üçün zəlzələ bölgəsinə gedib. Dövlət başçısı ilk olaraq Kahramanmaraş şəhər mərkəzində olub, oradan Pazarcık rayonuna və digər vilayətlərə gedəcək.
12:46
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 7108 nəfərə, yaralananların sayı 40 min 910 nəfərə çatıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:35-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
Hazırda zəlzələ bölgəsinə 100 minə yaxın heyət cəlb olunub. Zəlzələdən zərər çəkənlər üçün 70 mindən çox çadır qurulub.
Xatırladaq ki, təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyət rejimi tətbiq olunub, məktəblərdə dərslər fevralın 20-dək dayandırılıb.
12:17
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 6957 nəfərə, yaralananların sayı 38 min 224 nəfərə çatıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 9:45-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
Hazırda zəlzələ bölgəsində 96 mindən çox heyət fəaliyyət göstərir. Zəlzələdən zərər çəkənlər üçün 51 minə yaxın çadır qurulub.
Agentliyin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin cənub-şərqində dağıdıcı zəlzələnin təsirinə məruz qalan bölgələrə gedəcəyi gözlənilir. Dövlət başçısı axtarış-xilasetmə işlərini yerində koordinasiya edəcək.
10:58
Türkiyədə zəlzələ nəticəsində 6234 nəfər həlak olub, 37 mindən çox insan xəsarət alıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 6:15-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
Zəlzələnin ardından 647 afterşok qeydə alınıb.
Xilasedicilər zamanla yarışaraq dağıntılar altından sağ qalan insanları çıxarırlar. Məsələn, Şanlıurfada bir uşaq zəlzələdən 47 saat, Hatayda iki qadın 48 saat, Kahramanmaraşda bir kişi 52 saat sonra xilas edilib.
Qeyd edək ki, azərbaycanlı xilasedicilər üçü uşaq olmaqla 16 nəfəri dağıntılar altından sağ çıxarıb.
01:22
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 5894 nəfərə, yaralananların sayı isə 34 min 810 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezident Fuat Oktay canlı yayımda bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.