Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra açıqlamasında bildirib.
Prezident Ərdoğan yanğın xəbəri daxil olduğu dəqiqədən etibarən bölgəyə aidiyyəti sahələrdən məsul nazirlərin və heyətlərin cəlb edildiyini deyib. Bildirilib ki, yanğının söndürülməsi üçün bölgəyə 156 texnika və 428 nəfərdən ibarət canlı qüvvə yönləndirilib. Hadisənin baş verməsində məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar başladılıb, hazırda bununla bağlı dörd nəfər saxlanılıb.
Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə gecə saatlarında yanğın baş verib. On saat davam edən yanğınsöndürmə işlərindən sonra alov nəzarət altına alınıb. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var.