Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərindəki ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə birlikdə Rusiya təbəəliyinə keçmək hüququ verilmişdi.
Rus qoşunlarının Qars, Ərdəhan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi hərbi əməliyyatlar zamanı türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı. Rus qoşunlarının komandanlığı İran erməniləri kimi, Türkiyə ermənilərini də yenicə işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək qərarına gəldi. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “Erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istədi.
1829-cu il noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə bildirdi ki, imperator onun təklifini bəyənmişdir. Bundan xəbər tutan Paskeviç dərhal əməli fəaliyyətə başladı. O, dekab rın 3-də Gürcüstanın mülki qubernatoruna məktubla xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə Gürcüstana və Rusiyaya məxsus digər vilayətlərə köçmək istəyən, bunun üçün maddi yardım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi barədə yerli qoşun rəislərinə icazə verib və bundan istifadə edən bir çox erməni ailəsi dərhal yola düşmüşdür.
Paskeviç ermənilərin köçürülməsi və köçürülən erməni ailələrinin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə yaratmışdı. Həmin komitənin fəaliyyətini tənzimləmək üçün 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirilmişdi.
Qars və onun ətraflarından köçürülən ermənilər yaşadıqları yerlərin iqlim şəraitinə uyğun olan Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. General-mayor Bereman da Qarsdan Gümrüyə yola düşən 400 erməni ailəsinə sənəd verdiyini bildirirdi.
İrəvan xanlığına, Gəncəbasara, Qarabağa və digər Azərbaycan torpaqlarına, həmçinin Gürcüstana köçürülən ermənilər yerli müsəlman əhalinin torpaqlarında — təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağətəyi bölgələrdə və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sərdarabad qalasında olan 270 ev belə həmin vaxt ermənilər tərəfindən tutulmuşdu.
Bir qədər keçdikdən sonra M.Vladikin ermənilərin bura köçürülməsi barədə yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.
1830-cu il yanvarın 22-də Paskeviçin Çernışevə göndərdiyi məlumata görə, Qars və ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında — Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi.
Türkiyə hökuməti də, İran kimi, onun ərazisində səpələnmiş halda yaşayan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyunca ərazilərdə yığcam şəkildə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də Osmanlı hökuməti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı ermənilərin Türkiyəyə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və fevralın 17-də yerlərdəki ermənilərə “əfvnamə” lər göndərdi. Türkiyə tərəfi, eyni zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşgird və s. bölgələrə öz nümayəndələrini göndərdi.
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və torpaqların satılması məsələsini həll etmək üçün Paskeviç öz nümayəndəsi mayor Vannikovu Ərzuruma göndərdi. Yeri gəlmişkən, bu ərazilərdəki erməni kəndlərinin əksəriyyəti əvvəllər onlara məxsus deyildi. Həmin kəndlər bir qədər əvvəl, yəni müharibə zamanı təhlükəsiz yerlərə köçməyə məcbur olan müsəlmanların tərk etdiyi kəndlər idi. Ermənilər bu yolla təkcə Qars bölgəsində 80 kəndə tamamilə, 15 kəndin isə yarısına yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən, Axılkələk və Axıska bölgələrindən) Türkiyənin digər bölgələrinə qaçan türklərin qoyub getdikləri əmlak və torpaqları, onların boşaltmağa məcbur olduqları kəndlərin taleyi Rusiya tərəfini əsla maraqlandırmırdı…
…Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şörəyel və “Erməni vilayəti”ndə yerləşdirildi. Həmin sənəddən məlum olur ki, Türkiyə paşalıqlarından Rusiya hüdudlarına (yəni Axıska paşalığı, Borçalı distansiyası, Pəmbək və Şörəyelə, Talın mahalı, Göyçə gölü ətrafı və Baş Abarana) 14044 erməni ailəsi köçürülmüşdür. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 5000-i, eləcə də Ərdəhandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şörəyel distansiyalarında məskunlaşdırılmışdı. Qarsdan köçürülən 2464 ailədən 2264-ü Pəmbək və Şörəyel distansiyalarında, 200-ü isə Talın mahalında, Bəyaziddən köçürülən 4215 ailə Göyçə gölü ətrafında və Baş Abaranda məskunlaşdırılmışdı.
Həmin sənədə aid əlavə qeyddə göstərilir ki, tam və dəqiq hesabat təqdim edilmədiyi üçün Türkiyədən neçə nəfərin köçürüldüyü dəqiq göstərilməmişdir. Lakin hesablama komissiyasının təxmini sayına görə, Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur.
“İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan ərazilərinə köçürülməsi)”, (Bakı, Azərbaycan-2010) kitabından