Bu siyasət Cənubi Qafqazda daha çox Azərbaycan və Ahıska türklərinə qarşı amansızlıqla həyata keçirilirdi. Ermənistanda yaşayan xalqlardan yalnız birinə − azərbaycanlılara şamil edildiyi üçün siyasi repressiya kimi xarakterizə edilir.
İkinci dünya müharibəsinin sonuna yaxın SSRİ-nin Türkiyə ilə münasibətləri həddən artıq kəskinləşmişdi. 1945-ci il martın 19-da SSRİ Türkiyə 17 dekabr 1925-ci ildə imzaladığı dostluq və neytrallıq haqqında müqaviləni birtərəfli qaydada denonsasiya etdi. Hansı ki, həmin müqavilədə bir-birinə hücum etməmək və neytrallığa əməl etmək barədə öhdəliklər vardı. Müharibədən qalib çıxan SSRİ-nin sərhədlərini genişləndirmək siyasəti Stalin-Molotov doktrinasının əsasını təşkil edirdi. 1945-ci il iyunun 7-də SSRİ xalq xarici işlər komissarı V. Molotov Türkiyənin SSRİ-dəki səfiri S.Sarperi dəvət edərək Bosfor və Dardanel boğazlarında sovetlərə hərbi baza verilməsini, Qars və Ərdahanın SSRİ-yə qaytarılmasını tələb kimi onun qarşısına qoymuşdu. Belə bir məqamda ermənilərin Türkiyəyə qarşı ərazi iddiası da başlamışdı. Sovet rəhbərliyi bu problemi xaricdə yaşayan Türkiyə əsilli ermənilərin hesabına həll etmək niyyətində idi.
1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyasının 1-ci katibi Q. Arutyunov məktubla İ. Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılmasını xahiş edir. Həmin ilin iyunun 22-də arxiyepiskop Gevorq Çörəkçiyan ermənilərin katolikosu seçilir. Bu münasibətilə gələn din xadimləri Sovet hökumətinə müraciət edib Qars və Ərdahanın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Və 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Məqsədləri Ermənistan ərazisində yaşayan azərbaycanlıları oradan çıxarmaq və yurdlarına xaricdən köçən erməniləri yerləşdirmək idi.
Qars və Ərdahanın Ermənistana birləşdiriləcəyinə əmin olan ermənilər fürsətdən istifadə edib Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istəyirlər. Stalin Almaniya ilə əməkdaşlığına görə, Türkiyəni cəzalandırmaq istəyirdi. 1946-cı il avqustun 7-də SSRİ-nin verdiyi notada Türkiyənin müharibə dövründə Almaniyaya göstərdiyi hərbi yardımlar xatırlanmış, gələcək hücum üçün zəmin hazırlamışdı. Həmin dövrdə Türkiyənin etdiyi diplomatik manevrlər onu müharibədən qalib çıxmış SSRİ-nin cəngindən qurtardı. Türkiyənin ABŞ-la imzaladığı yardım haqqında müqavilə onu bütün təhlükələrdən xilas etdi. Bununla da SSRİ Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmək məcburiyyətində qaldı.
Ermənilər Qars və Ərdahanı Ermənistana birləşdirmək istəklərinə nail ola bilməsələr də, 1947-ci il dekabrın 23-də İ. Stalin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana kələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. 23 dekabr 1947-ci il tarixli qərarda azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından köçürülmələrinin səbəbi göstərilməmişdi. Yalnız qərarın 10-cu maddəsində Ermənistan və Azərbaycan nazirlər sovetlərinə tapşırılırdı ki, həmin qərarın yerinə yetirilməsi üçün bir ay müddətində konkret tədbirlər planı hazırlasınlar və SSRİ Nazirlər Sovetinə məruzə etsinlər.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarında Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirməyi planlaşdırır. Qərarda Salyan, Saatlı, Sabirabad, Əli-Bayramlı, Puşkin, Ağcabədi və Xıllı rayon icraiyyə komitələrinə tapşırılır ki, 1948-ci il fevralın 15-dək köçürülənlərin yerləşdiriləcəyi kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları lazımi nəqliyyat vasitəsilə təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək istəyən kolxozçuları aşkar etmək və uçota götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş izahat işləri aparılsın.
10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq, İ. Stalinin imzası ilə 754 nömrəli ikinci qərar qəbul etmişdi. Bu qərarda isə köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan nazirlər sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulmuşdu. Qərarların icrası ilə əlaqədar 1948-ci il iyulun 9-da Azərbaycan SSR Nazirlər Sovetinin sədri T. Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V. Molotova məktubla müraciət edir ki, köçürülənlərin qəbulu üçün hazırlıq işlərinin qeyri-qənaətbəxş olmasını, azərbaycanlıların əsasən Ermənistanın dağlıq rayonlarında yaşamalarını, Kür-Araz ovalığı rayonlarında yaşayış evlərinin olmadığını, torpağın yararlı hala salınmadığını nəzərə alaraq, Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli olan zonalara köçürülməsinə icazə verilməsini xahiş etmişdi. Plana əsasən 1948-ci ildə Ermənistandan 11.244 nəfər (2.278 təsərrüfat) köçürülməli idi. O cümlədən, yazda 6350 nəfər (1.159 təsərrüfat), payızda isə 4884 nəfər (1119 təsərrüfat) köçürülməli idi. Həmin ildə Ermənistan SSR-in Artaşad, Basarkeçər, Eçmiədzin, Noyemberyan, Hoktemberyan, Beriya adına, Vedi, Zəngibasar, Kotayk rayonlarından və İrəvan şəhərinin özündən azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşdu. Rəsmi məlumata görə 1948-ci ildə Ermənistandan Azərbaycana 2357 ailə (11046 nəfər) gəlmişdir. Lakin köçürülənlərin əksəriyyəti SSRİ Nazirlər Sovetinin qərarlarında göstərildiyi kimi, mənzillə təmin edilməmiş, köçürülənlər üçün nəzərdə tutulan imtiyazlar kağız üzərində qalmışdı. Köçürülmənin birinci ilində əhalinin əksəriyyəti qaramal tövlələrində, yaşamaq üçün yararsız olan uçuq-sökük ictimai binalarda yerləşdirilmişdi.(N.Mustafayevin araşdırmasından: AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi)
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından mümkün qədər sürətlə çıxarılmasını təmin etmək üçün Ermənistan hökumətinin ən qəddar üsullara əl atdığını həmin dövrün rəsmi sənədlərindən də görmək olar. Ermənistandan azərbaycanlıların köçürülmə məsələləri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Əliyevin Ermənistan SSR Nazirlər Soveti yanında Köçürülmə İdarəsinin rəisi Karapetyana və Nazirlər Soveti sədrinin müavini Piruzyana ünvanlanmış 28 noyabr 1949-cu il tarixli məktubunda qeyd edilirdi: “Son zamanlar Amasiya, Spitak və Vedi rayonlarının ayrı-ayrı təşkilatları köçürülmə barədə sənədlərin tam rəsmiləşdirilməsini, kolxozçuların köçürülməyə razılıq vermələrini gözləmədən, təsərrüfatları köçürmək üçün sürətli hazırlıq işləri aparırlar. Həmin təşkilatlar bu təsərrüfatların əmlakını bölüşdürür, kolxozları məcbur edirlər ki, yemi satsınlar və hətta nə vaxt yola düşəcəklərini göstərsinlər. Onlar kolxozçuların bu və ya digər rayona köçürülmək arzusunda olub-olmaması ilə hesablaşmırlar, halbuki hökumətin köçürülmə barədə qərarına əsasən, kolxozçuların nümayəndələri köçürüləcəkləri yerləri qabaqcadan görüb baxmalı və öz istəklərinə uyğun yerlər seçməlidirlər. Köçürülmə qaydalarının bu cür pozulması isə kolxozçuları məcbur edir ki, onlar yuxarı təşkilatlara şikayət etsinlər, onların köçmək istəmədikləri rayonlara köçürülmələrindən narazı olduqlarını bildirsinlər”.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələri birdəfəlik xəritədən silinsin. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin köçürülməyə psixoloji cəhətdən hazırlanması üçün müxtəlif şayiələr buraxırdılar. 1948-ci il mayın 3-də Ermənistan SSR-in daxili işlər naziri Xoren Qriqoryanın Mircəfər Bağırova göndərdiyi “Azərbaycanli əhalinin qarşıdan gələn köçürülmə ilə əlaqədar əhval-ruhiyyəsi haqqında arayış”da xüsusən dağlıq rayonlarda əhalinin köçürülməyə kəskin mənfi münasibət göstərildiyi qeyd olunur.
Digər tərəfdən, yaranmış fürsətdən istifadə edən Ermənistan rəhbərləri Gürcüstanla sərhəddə yerləşən strateji əhəmiyyətli azərbaycanlı kəndlərinin də köçürülməsi üçün müxtəlif üsullara əl atmışdılar. Noyemberyan rayonunun Ləmbəli və Aşağı Körpülü kəndləri Gürcüstanın Marneuli rayonu (Borçalı) ilə həmsərhəd olmaqla yanaşı, olduqca məhsuldar torpaqları var idi. Ləmbəli kəndini “Ermənistanın Kaliforniyası” adlandırırdılar. Ermənistan rəhbərləri bu kəndlərin sakinlərinin razılığı olmadan onları “könüllü köçmək istəyən” ilk təsərrüfatların siyahısına daxil etmişdilər. Ermənistan SSR Nazirlər Sovetinin 29 sentyabr 1948-ci il tarixli qərarına əsasən Ləmbəli kolxozu əsasında zeytun sovxozu, Aşağı Körpülü kolxozu əsasında isə subtropik bitkilər sovxozu yaradılması və həmin təsərrüfatlarda xaricdən gələn ermənilərin yerləşdirilməsi nəzərədə tutulmuşdu. 70 təsərrüfatdan (370 nəfər) ibarət Aşağı Körpülü kəndinin sakinlərinin bir hissəsi qonşu Qazax rayonuna, habelə Gürcüstanın Borçalı rayonuna, Noyemberyan rayonunun Yuxarı Körpülü kəndinə və Allahverdi filiz mədəninə köçürülərək kənd boşaldılmışdı.
SSRİ Nazilər Sovetinin yuxarıda adladı çəkilən qərarlarının icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, Ermənistanda deportasiya edilənədək mülayim iqlim şəraitində yaşamış, təmiz bulaq suyu içməyə adət etmiş əhalinin xeyli hissəsi Kür-Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və digər yoluxucu xəstəliklərdən məhv olmuşdur.
1951-ci ilin əvvəlindən etibarən, Azərbaycanda açıq səma altında qalan, tövlələrdə yerləşdirilən əhalinin bir hissəsi ağır şəraitə dözməyib Ermənistana – öz kəndlərinə qayıtmağa məcbur olurlar. İyunun 1-nə kimi 217 təsərrüfat geri qayıdır. Geri qayıtmaların kütləvi şəkil almağından qorxuya düşən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları qəbul etməkdən imtina edir.
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi ilə Naxçıvanla İrəvan arasında əvvəllər tamamilə azərbaycanlılar yaşayan ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə nail oldular.
XX əsrin 40-50-ci illərində Ermənistandan azərbaycanlıların respressiyaya məruz qoyularaq deportasiya edilməsi prosesi ilə bağlı materiallar “məxvi” qrifi altında saxlandığı üçün SSRİ dövründə tədqiq edilməmişdir. SSRİ Ali Soveti 14 noyabr 1989-cu ildə “Zorla köçürülmüş xalqlara qarşı repressiya tədbirlərinin qanunsuz və cinayətkar tədbirlər hesab edilməsi və onların hüquqlarının təmin olunması haqqında” bəyannamə və SSRİ Nazirlər Soveti buna müvafiq olaraq xüsusi qərar qəbul etmişdir. Həmin bəyannamədə bütöv xalqları zorla köçürmək praktikasını beynəlxalq hüququn əsaslarına, sosializm quruluşunun humanist təbiətinə zidd olan ən ağır cinayət kimi qətiyyətlə pisləmiş, repressiyaya məruz qalmış bütün Sovet xalqlarının hüquqlarının bərpası üçün müvafiq qanunvericilik tədbirlərinin görülməsi zəruri hesab edilmişdi. SSRİ Ali Sovetinin 14 mart 1991-ci il tarixli qərarı ilə repressiya olunmuş xalqların qanuni hüquqlarının bərpa edilməsi haqqında qərar qəbul etmişdir. Lakin adları çəkilən sənədlərdə deportasiya olunmuş xalqların sırasında Ermənistandan deportasiya olunan azərbaycanlıların adı çəkilməmişdir. Ona görə də indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızın öz tarixi vətənlərinə qayıtmaq hüququ tanınmadı və xalqımıza qarşı edilən tarixi ədalətsizlik bərpa olunmadı.
Prezident Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman xalqımıza qarşı siyasi qərarla həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması məqsədini daşıyırdı. Cəmisi iki bəddən ibarət olan bu fərmanın 1-ci bəndinə əsasən 1948-1953-cü illərdə azərbaycanlıların Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu tarixi cinayətə, etnik təmizləmə aksiyasına hüquqi-siyasi qiymət verilməsi üçün o vaxt qəbul edilmiş normativ sənədlər (Ümumittifaq əhəmiyyətli normativ və qanunvericilik aktları, Sovet hökumətinin, Kommunist Partiyasının qərarları, Respublika KP MK-nın və Nazirlər Sovetinin və digər icra orqanlarının qərarları, SSRİ Nazirlər Soveti Yanında Baş Köçürmə İdarəsinin və Azərbaycan SSR Köçürmə İdarəsinin arxivlərində saxlanılan fondların materialları, hesabatlar və s.), deportasiya olunanların əhval-ruhiyyəsi ilə bağlı “NKVD” və “KQB”-yə daxil olan məlumatlar, müraciətlər, yazışmalar və s., rayon arxivlərində saxlanılan sənədlər, deportasiya olunanların yazdıqları şikayət ərizələri və s. diqqətlə saf-çürük edilməli, sistemləşdirilərək sənədlər topluları şəklində çap edilməlidir. Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan materiallar və canlı şahidlərin ifadələri əsasında sənədli filmlər serialları çəkib dünyaya nümayiş etdirilməlidir.
R.Qarayeva
http://qat.az/index.php/ekhplore/garabagh-zhundaeliyi/15501-turkiyaeni-ishzhhaldan-aeli-dzh-khan-stalinin-1948-1953-dzu-il-deportasiya-dzinayaeti