Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həmçinin, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter almağa başladı.
Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu. Həmin maddəyə görə, şah öhdəsinə götürürdü ki, o ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst keçmək, hökümət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə onun satılması və onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir.
Bu maddə Türkmənçay müqaviləsinə xüsusi məqsədlə, yəni ermənilərin İrandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini təmin etmək üçün salınmışdı. Ermənilərin köçürülməsinin “hüquqi-siyasi” təminatı ilə birgə təşkilati tədbirlər də həyata keçirilmişdi (köçürmə komitəsi yaradılmışdı və s.).
1829-cu il Ədirnə müqaviləsi Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan ərazisinə köçürülməsi başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun göstərişi ilə tərtib olunan “Təsvir”də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, görərik ki, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil edirdi. “Təsvir”ə görə, Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbaycanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), 4.366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə), Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı (Ermənilər sonradan köçürülmə “şərəfinə” Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldıqdıqları zaman onları saxtalaşdırmışlar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
11.10.2014
Y.Mahmudov, K.Şükürov
“Qarabağ: real tarix, faktlar, sənədlər” (Bakı, Təhsil-2005) kitabından