…1828-ci il martın 21-də I Nikolay iki Azərbaycan xanlığı ərazisində “erməni vilayəti” yaradılması barədə fərman verdi və bu fərmanla çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət yaratmasına və bu yolda daha çox qan tökməsinə imkan yaratmış oldu.
Ona görə bəzi tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırlar. Hətta bunu erməni tarixçisi Anahid Terminas etiraf edirdi: “Ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi…”. Lakin artıq XX əsrin əvvəllərində Azərbaycanda bir milyondan çox erməni məskunlaşdırılmışdı.
Beləliklə, Gülüstan müqaviləsini Türkmənçay müqaviləsi əvəz elədi. 1828-ci il 21 martda Azərbaycan torpaqlarında – İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılan “Erməni vilayəti”nə gürcü knyazı, şair, general-mayor Aleksandr Çavçavadze rəis təyin edildi. Bu qurum 1840-cı ildə ləğv edildi və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olundu.
Həmin vaxt A.Çavçavadzenin kürəkəni, şair-dramaturq A.Qriboyedov isə İranda nazir-rezident (səfir) idi və o, bütün qüvvəsi ilə çarizmin Qafqazda müstəmləkəçilik siyasətini reallaşdırmağa çalışırdı. Lakin bu siyasət hər yerdə narazılıqla qarşılanırdı. Nəticədə, 1829-cu il yanvarın 30-da Qriboyedov və səfirliyin bir çox əməkdaşı İranda qətlə yetirildi. Təntənəli surətdə imzalanan Türkmənçay müqaviləsinin şərtləri də onu bu ölümdən qurtara bilmədi: “İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məhiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər…”
Arazı ayırdılar…
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi.
“I MADDƏ”yə əsasən, “Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.”
“III MADDƏ”yə əsasən, “İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir” və hər iki dövlət arasında sərhədlər bu şəkildə müəyyən edilir: “Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır…”
Türkmənçay müqaviləsindən danışarkən tarix elmlər namizədi, dosent Səməd Bayramzadənin Azərbaycan ərazisinə aid coğrafi yer adlarının təhrif edilməsi, saxtalaşdırılması ilə bağlı söylədikləri diqqəti cəlb edir: “İlk olaraq “Ağrı dağı” adı üzərində dayanaq. Sözügedən müqavilənin fars dili mətnində “Kiçik Ağrı dağı” ifadəsi işləndiyi halda, rus dili mətnində “kiçik Ararat dağı” ifadəsi getmişdir. Göründüyü kimi, müqavilənin fars dilindən rus dilinə tərcümə edilməsi işində ermənilər yaxından iştirak etmişlər.” Müqavilədə təhrif olunmuş belə yer adları isə onlarladır.
“V MADDƏ” ilə “İran şahı… Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.” Əvəzində isə ” İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi. Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.” (VII MADDƏ).
Bu gün Xəzəryanı ölkələr arasında Xəzərin hüquqi statusu ilə bağlı gedən müzakirələrin bir ucu da Türkmənçay müqaviləsinə gedib çıxır: “…Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.” (VII MADDƏ).
“Barışığa gələn yüksək tərəflər” əsasən ermənilərin mənafeyini nəzərə alaraq qərara aldılar ki:”… Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.” Eyni zamanda, “XIV MADDƏ” gizlindəki bir həqiqəti üzə çıxarır. Çar Rusiyası öz məqsədi naminə satqınlarla, xainlərlə əməkdaşlıqdan belə çəkinmir: “…Yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxt digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir…” Eyni zamanda “Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd” etsə də, tezliklə həmin ərazilər erməni köçü ilə doldurulur və həmin ərazilərdə “erməni vilayəti” yaradılır. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır.
Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan “Təsvir”də əksini tapmışdır. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəldi və ermənilər sonradan bu “şərəfə” Qarabağda abidələr ucaltdılar, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları elə özləri dağıtdılar. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Qarabağda möhkəmlənməyə çalışan ermənilər 1905-1906-cı illərdə Azərbaycanın digər yerlərində olduğu kimi burada da azərbaycanlılara qarşı genosid törətdilər.
Müqavilənin sonuna yaxın Azərbaycanın adı çəkilir (XV maddə) və onun sakinlərinə sanki bir təsəlli. “müjdə” verilir: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır.”
Birinci maddə ilə əbədi zamanadək sülh elan olunsa da, Türkmənçay müqaviləsinin müddəti, əsasən, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması və Romanovlar sülaləsinin devrilməsilə başa çatırdı. Lakin RSFSR və İran arasında 1921-ci ildə bağlanmış müqavilədə yenidən tarixi ədalətsizliyə yol verildi. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi...
Bəxtiyar Qaraca
“Azərbaycan” qəzeti