Şusaku Endo, Mario Varqas Lyosa və Con Maksvell Kutzeye adlı üç böyük insan ikicə həftənin içində üç ölkəyə qiyabi səfər etməyimi təmin etdilər.
Yaponiyada, Peruda və Cənubi Afrika Respublikasında oldum.
Çox minnətdaram yuxarıda adı çəkilən insanlara. Hərçənd ki, onlar məni tanımırlar. Heç zaman tanımayacaqlar. Və bu yazıdan da xəbərləri olmayacaq.
Mənsə onların sayəsində 3 ölkədən xəbər tutdum.
Endonun romanı məni Yaponiyaya apardı. Varqas Lyosanın “Təvazökar qəhrəmanı” ilə Peruda oldum. Kutzeye ilə Afrikanın cənubuna gedib çıxdım. Və sağ -salamat qayıdb gəldim Azərbaycana.
Diqqətimi çəkən nələr oldu?
Yazıçı Endonun 1986-cı ildə yazdığı romanın qəhrəmanı Suquro yazıçıdır. Kurimoto soyadlı gənc redaktoru var. Suquro onun kitablarını çap edən nəşriyyat tərəfindən qayğı ilə əhatə olunub. Qayğının “kalibr”i lazım ola biləcəyindən də çoxdur. Belə ki, Suquronun açıqlanacağı halda onu biabır edəcək fotolarını nəşriyyatın rəhbərliyi satın alır. Nəşriyyatın direktoru bu barədə 2-3 dəqiqəlik işgüzar söhbətdə yazıçıya məlumat verir. Üstəlik, ona minnət-filan da qoyan olmur. Təsəvvür edirsiniz? Üstəlik, Suquro elə də məşhur yazıçı deyil.
2010-cu ildə Nobel mükafatına layiq görülmüş Varqas Lyosanın 2013-cü ildə qələmə aldığı romanın qəhrəmanlarından birinin böyük şirkəti var. 80 yaşlı İsmael Karrera (qəhrəmanın adı belədir) şirkətini özü idarə edir, “krışa”sı-filanı yoxdur. Və o həmin şirkəti heç bir problem olmadan İtaliya firmasına sata bilir.
Varqas Lyosadan bir il qabaq, 2009-cu ildə Nobel almış Kutzeyenin 1999-cu ildə yazdığı əsərin çox maraqlı bir işlə məşğul olan qəhrəmanı var. Bu Bev Şoudur. Bev əsərin əsas qəhrəmanı deyil. Əsərin əsas qəhrəmanı professor Devid Luridir. Devid Lurinin əyalət universitetində az qala sərbəst qrafiklə dərs deyə-deyə rahat yaşaması başqa bir söhbətin mövzusudur. Qayıdıram xanım Şounun məşğuliyyətinə. Hə, bu xanım ucqar bir yaşayış məntəqəsində yerləşən klinikada çalışır. Klinika insanlar üçün deyil, heyvanlar üçün nəzərdə tutulub. Bu klinikaya əldən düşmüş itləri də gətirirlər. Xanım Şou heç kimə lazım olmayan itləri iynə vurmaqla öldürür. Çalışır ki, itlərin son dəqiqələri əziyyətsiz yaşansın.
Hər üç əsəri maraqla oxudum.
Üç böyük yazıçının sayəsində üç maraqlı ölkəyə qiyabi səfər etdim.
Bu kiçik yazıda “filoloji” araşdırmalar aparmağa cəhd etmədən diqqətimi çəkən bəzi məqamlardan danışdım.
Həmçinin maraqlı olan başqa məqamlardan xəbər tutmaq istəyirsinizsə… Hökmən oxuyun.