Vətəndaş cəmiyyətinin Qarabağ münaqişəsi ilə bağlı gördüyü işlər haqda nöbvəti söhbətimizi Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli ilə etdik.
Fuad Babayev: Bildiyimizə görə, hər iki təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün 1-ci qrant müsabiqəsinin qalibidir. Kiçik də olsa təqdimat edə bilərsinizmi?
Asif Əsgərli: Layihə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa ölkələrində tədbirlərin keçirilməsini nəzərdə tutur. Biz əvvəl də prezident yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının yardımı ilə Belçikada, Türkiyədə, Bolqarıstanda bu tipli tədbirləri keçirmişik. QHT Şurasının dəstək verdiyi bu tədbir isə Balkan ölkələrində, daha döğrusu Bosniya və Hersoqoviniyanın parlamentində keçirilməsi nəzərdə tutulub. Tədbirdə ölkənin parlament sədri Bakir İzzetbekoviçin iştirakı da nəzərdə tutulub.
Fuad Babyev: Tədbirin nə zaman keçiriləcəyi planlaşdırılıb?
Asif Əsgərli: İyun ayının 13-17 arasında keçirilməsi nəzərdə tutulur. Bilirsiniz ki, Bosniyada Avropanın sonuncu qətliamı olan Serebrenitsa faciəsi yaşanıb. Onu yad etmək üçün ucaldılmış xatirə memorial muzeyində Qarabağla bağlı xüsusi bir güşənin yaradılmasını da nəzərdə tutmuşuq. Eyni zamanda ölkənin müxtəlif dövlət qurumları ilə, həmçinin qonşu Balkan ölkələri; Monteneqro, Serbiyanın rəsmiləri ilə də bu mövzuda tədbirlər keçirəcəyik. Tədbir çərçivəsində kitabların, eyni zamanda audio vizual materialların, disklərin, video materialların da nümayiş etdirilməsi, paylanması nəzərdə tutulub.
Faud Babayev: Anar müəllimgilin layihəsi rus dilində “Qarabağ tarixi” sənədli filminin hazırlanması ilə bağlıdır…
Anar Xəlilov: Bizim bu mövzuya müraciətimiz ilk dəfə deyil. Yarandığımız 2003-cü ildən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna daim müraciət etmişik, profilimiz ona uyğun ixtisaslaşıb. Bu istiqamətdə hardasa 10-11 ci layihəmizdi. Bundan əvvəl ingilis və rus dilində film çəkmişik. Bu il isə lentə alacağımız film yalnız rus dilində olacaq. Şükürlər olsun ki, vətəndaş cəmiyyəti artıq bu səhədə ixtisaslaşıb. QHT lərin bir çoxu Qarabağ mövzusunda layihələrə müraciət edir, xarici dillərdə; fransız, ispan, ingilis dillərində kitablar, disklər, saytlar və filmlər çəkirlər. Ümumi vəziyyəti analiz edəndən sonra rus dilində məlumat azlığını gördük. Bəzən elə hesab edirik ki, keçmiş Sovet İttifaqına daxil olan respublikalar Dağlıq Qarabağ problemi ilə daha yaxından tanışdır. Amma nəzərə almaq lazımdır ki, SSRİ nin dağılmasından 27 il ötüb və yeni gələn nəsil problemdən xəbərsizdir. Xüsusilə, qardaş saydığımız Orta Asiya dövlətləri. Məsələn, ötən il Özbəkistanda olduq. Onların siyasətlə məşğul olan ziyalı təbəqəsinin problemdən xəbəri var, amma gənclərin və sadə əhalinin Dağlıq Qarabağda nə baş verdiyi , 20 faiz torpaqların işğalı, Xocalı faciəsi, Azərbaycanın qaçqın və köçkün problemi haqqında məlumatları yoxdur. Çalışırıq layihələrimiz əsasən xarici dillərdə olsun ki, beynəlxalq ictimaiyyət informasiya ala bilsin. Məlumatlandırmanı əsasən sosial şəbəkələr və xaricdə təhsil alan tələbələrimiz vasitəsilə edirik. Gənclər Fondunun maliyyə dəstəyi ilə yaradılmış, 5 dildə yayımlanan news.karabahkh.news saytımız var. Sosial şəbəkələr vasitəsilə çəkdiyimiz filmləri yayırıq. Bura “Qafqazın konservatoriyası”, rus və ingilis dilində “Qarabağ şəxsiyyətləri” filmi daxildir. 2009-cu ildə çap olunmuş 3 dildə “Qarabağ abidələri” albomu, “Qarabağ yaddaş” kitabı var. Biz Qarabağ deyəndə bütün işğal edilmiş rayonları nəzərdə tuturuq. Ona görə hər iki kitabda işğal altında olan bütün rayonlarımızın tarixi, mədəniyyəti, coğrafiyası, tarixi şəxsiyyətləri, milli qəhrəmanları və adət ənənələri haqqında geniş məlumatlar yerləşdirilib. Qarabağ təbiəti və mədəniyyəti haqqında ingilis dilində filmlər çəkmişik.
Fuad Babayev: Respublika daxilində bu mövzuda məlumat azlığı varmı?
Asif Əsgərli: Son zamanlar müəyyən qədər informasiyalar genişlənib, lakin ölkə daxilində yenə hadisələrin, Qarabağın və faciəyə gedən yolun tarixi haqqında tam dolğun məlumatların çatdırılmasına ehtiyac var.
Fuad Babayev: Debata girmək səlahiyyətliliyi zəruri müstəvilərdə bizim gənclərdə, ziyalı təbəqəsində nə yerdədir? Mənə elə gəlir ki, bu sahədə boşluq var.
Anar Xəlilov: Cəmiyyət rəngarəngdir. Hamının Qarabağ təbliğatçısı olmaq kimi missiyası da yoxdur, elə bir şərt də yoxdur. Amma missiyanı üzərinə götürən ziyalı təbəqəmiz – vətəndaş cəmiyyəti institutları, siyasətçilər, bununla məşğul olan diplomatik korpusumuz var. Təbii ki, bu təbəqə tam hazırlıqlı olmalıdır. Azərbaycan gənci ən azından Ermənistanın Azərbaycana təcavüzü, torpaqların işğalı, Xocalı faciəsi haqqında məlumatlıdır. Ola bilər gənc hansısa səbəbdən rayonların coğrafi mövqeyini yanlış bilsin. Burada missiya vətəndaş cəmiyyətinin üzərinə deyil, əsasən təhsilin, müəllimlərin üzərinə düşür. Biz orta məktəbdə təhsil alan dövrdə II dünya müharibəsi generallarının adlarına qədər bilirdik, sinif otaqlarında fotoları vardı. Hətta pionerə hər hansı müharibə iştirakçısının monumenti qarşısında keçirdik və bu faktdır. Bu gün kimsə Şuşa ilə Yevlağın yerini səhv salırsa, məsuliyyət ilk növbədə valideynin, sonra isə təhsilin üzərinə düşür. Amma qətiyyətlə deyirəm ki, bu gün vətəndaş cəmiyyəti 90 cı illərin sonu, 2000 ci illərin ilk on illiyindəki vəziyyətdə deyil. Bu illər ərzində püxtələşmiş, hazırlıqlı olan, debata çıxmağı bacaran təşkilatlarımız var.
Fuad Babayev: Bu kifayətdirmi?
Anar Xəlilov: Demək olmaz, kifayətdir. Amma bu sahədə yeni yetişmiş vətəndaş cəmiyyəti institutları barədə şəxsən mənim bilgim yoxdur. Sosial şəbəkələri, mətbuatı demək olar ki, hər gün izləyirəm və belə yönümdə fəaliyyət göstərən yeni bir təşkilat rastıma çıxmayıb. Biz zamanında təşkilat yaradanda özümüzdən əvvəlki təcrübəli təşkilatlara hökmən müraciət edirdik. Bizə və ətrfımızdakı təcrübəli təşkilatlara hələ ki, bu sahədə müraciət yoxdur.
Ülviyyə Tahirqızı: Sizcə səbəb nədir? Ola bilməz ki, yeni yaranan QHT-lərdə fəaliyyətini Dağlıq Qarabağ münaqişəsinə həsr etmək istəyi olmasın.
Anar Xəlilov: Vətəndaş cəmiyyətində yeni yaradılan təşkilatlar var. Ancaq onlar daha çox müasir dövrün tələblərinə uyğun istiqamətlərə gedirlər.
Ülviyyə Tahirqızı: Yəni Qarabağ müasir dövrün tələbinə uyğun deyil?
Anar Xəlilov: Qarabağ artıq mövcud, həll edilməmiş problemdir. Torpaqlarımız işğaldan azad edilməyib. Gənclərimiz daha perspektivli, gəlirli; insan azadlığı, gender kimi sahələrə meyl edirlər. Hansı ki, onlar xarici fondlardan da maliyyələşə bilirlər. Qarabağ problemi üzrə ixtisaslaşmış təşkilatların gəlirinin kifayət qədər olmasına inanmıram. Məsələn, biz indiyə kimi xarici təşkilatlardan maliyyələşməmişik.
Ülviyyə Tahirqızı: Bu sahədə fəaliyyəti artırmaq və yeni qüvvələri cəlb etmək üçün nə təklif edirsiniz?
Asif Əsgərli: Bu mövzu xalqımızın hər bir nümayəndəsi üçün mənəvi, hətta genetik problemdir. Amma indiki gənclər Avropanın yeni çağırışları olan mövzulara daha çox maraq göstərirlər, çünki bu sahədə maddi dəstək almaq daha rahatdır. Qarabağ məsələsini isə beynəlxalq deyil, yalnız milli donorlarla işləmək olur. Üstəlik daxili deyil, xarici auditoriya ilə işləməyə daha çox üstünlük veririk. Məsələn, italyan gənci Qarabağla bağlı daha çox maarifləndirmək lazımdır, nəinki orada yaşayan azərbaycanlını. Onun bu sahədə məlumatlı olmaq borcudur.
Ülviyyə Tahirqızı: Qarabağ münaqişəsinin tanıdılması istiqamətində illərlə ödənişsiz, maliyyə dəstəyi görmədən işləyən insanlar var. Onların böyük bir hərəkata çevrilməsinin qarşısını alan səbəblər nədir?
Asif Əsgərli: İnzibati mane olan yoxdur. Əsas maneə maliyyə çatışmazlığıdır. Bu elə sahədir ki, maliyyə yetərli olmalıdır. Təbii ki, mən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını qınamıram. Onun da bəlli bir limiti var, bütün mövzuları kənara atıb yalnız Qarabağ mövzusunu maliyyələşdirə bilməz. Bu gün çox insan var ki, bu işi təmənnasız və ya az maliyyə ilə həyata keçirirlər. Olub ki, Avropaya getdiyimiz tədbirə yol pulunu bir donordan, çap xərcini isə şəxsi insanlardan almışıq. Biz xarici tərəfdaşların Bakı toplantısını Şuşaya həsr etdik. Həmin tədbirin bir sıra xərclərini də dost tanışların yardımı ilə şəxsi hesabdan ödədik. Başqa bir çətinlik – bu sahə karyera qurmaq istəyənlər üçün əlverişli deyil.
Fuad Babayev: Erməni QHT-lərinin Qarabağ məsələsinə münasibəti necədir?
Anar Xəlilov: Bir misal çəkim. 2016 cı ilin dekabr ayında Brüsseldə Şərq tərəfdaşlığı təşkilatlarının konfransı keçirilirdi. Mən də qonaq qismində QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən nümayəndə heyətinin tərkibindəydim. Onda da Xocalı faciəsinin 25 illiyi ərəfəsiydi. İki dənə fotostend düzəltmişdim. Orada ilk dəfə nümayiş etdirilən şəkillər də vardı. Bizim nümayəndə heyətinin sədri Əvəz Həsənov çox böyük təzyiqlərlə üzləşdi. Onu həmin iclasda bizim nümayəndə heyətinin sədri vəzifəsindən çıxardılar. Ermənistan nümayəndə heyəti mənə fiziki güc tətbiq etdi, stendimi vəhşicəsinə dağıtdılar.
Fikirləşirəm, ola bilər ki, biz debatlara hazır deyilik, amma biz döyüşə hazırıq. Aprel döyüşləri bunun bariz nümunəsidir. O zaman gənclərin qarşısını saxlamaq üçün qurulan postun canlı şahidiyəm.
Hesab edirəm ki, tarixçi tələbələrimiz daha çox Qarabağ problemi istiqamətində təşkilat yaratmalıdırlar. Çünki, bir çox mübahisələr və diskussiyalarda biz məhz tarixi faktları bilmirik. Mən Peterburqda erməni ilə mübahisə edirdim, o da mənə abidələri sadalayırdı. Diqqətlə qulaq asdım, gördüm rusun yazdığı tarixi sadəcə yaxşı əzbərləyib. Dedim ki, bilirsiz, səhərdən danışdığınız tarix bizim eraya qədərki dövr idi. Müasir tarix də sübut edir ki, son minilliyin tarixi heç dəqiq deyil. Bizim erada mövcud olmuş bir dənə erməni dövləti və ya bir knyazlığını göstər. Bizim eraya qədər danışdığınız “olmuşlar” isə mifdir.
Sizə Ermənistan Elmlər Akademiyasının mənə göndərilən məktubundan danışım. Mən news.karabahkh.news saytının ana səhifəsinə ermənilərin Qafqaza gəlişlərinin 200 illiyi münasibətilə ucaltdıqları, sonradan dağıtdıqları abidənin fotosunu qoymuşdum. Yazıblar ki, razıyıq ki, biz Qafqaza 200 ildir gəlmişik. Bəs o zaman sizin Azərbaycan kitabında niyə yazır ki, Zəngəzur ərazilərində Babəki Səhl ibn Sumbat erməni əsillidir. Biz 200 ildir gəlmişiksə, IX əsrdə erməni əsilli adam orda nə gəzirdi. Mən ondan sonra həmin cavabı götürüb getdim tarix institutuna . Moskvada Gəncəsar monastrını gətirdim qoydum stola. Bir monastrın şəklinə baxın, üzərindəki emblem səkkiz güşəli ulduzdur. Bunu Monqol xanı Arzu xatunun şərəfinə tikdiriblər. Qarabağın xristian abidələri kitabımda bu barədə geniş məlumat vermişəm. Orda İsanın gözü qıyıqdı, saçı da buruq. Burada abidənin kim tərəfindən tikildiyi haqda müzakirə açmağa ehtiyac da yoxdur. Abidə özü azərbaycan dilində danışır ki, mən qıpçaq türkünün abidəsiyəm.
Asif Əsgərli: Bir problem də mən deyim. Biz mübarizəmizi adətən klassik metodla həyata keçirmək istəyirik. Avropada bu effekt vermir. Nə mənada? Yəni, Avropada qan, döyüş, vəhşət yağan şəkillərə maraq yoxdur. İndi məsələyə başqa cür yanaşırıq. Məsələn “Şuşaya azadlıq” tədbiri zamanı belə şəkillərdən istifadə etmədik. “Mədəni irsimizi qoruyaq” sloqanı ilə keçrdiyimiz tədbirdə yalnız Şuşanın mədəni abidələrinin şəkillərini nümayiş etdirdik. Avropanın diqqətini də bu yolla cəlb etdik. Tədbirə hətta türk dünyasına marağı olmayan ölkələr də gəldi; Yunanıstan, İspaniya, Serbiya, İtaliya, Finlandiya. Biz mədəniyyəti təqdim etməklə yanaşı eyni zamanda işğalı göstərdik. Avropa Birliyində belə bir ənənə var; hər il bir-iki şəhər Avropanın mədəniyyət paytaxtı seçilir. Və o mədəniyyət paytaxtlarında hər il yüzlərlə mədəni tədbirlər, festivallar olur. Məsələn, ötən il Bolqarıstanın Plovdiv şəhəri mədəniyyət paytaxtı idi. Biz də Azərbaycanın 100 illiyi, həm Qarabağ münaqişəsi ilə bağlı tədbiri həmin şəhərdə keçirdik. Ermənilər isə üç mədəniyyət festivalı keçirdilər. Fikrimcə, biz də Qarabağ mədəniyyəti, mətbəxi, musiqisi ilə bağlı tədbirlər təşkil edə bilərik və bura kütləvi maraq cəlb edə bilərik. Bu il Avropanın mədəniyyət paytaxtı İtaliyanın Matera şəhəridir. Hazırda italyan həmkarlarımızla danışıq aparırıq ki, o şəhərdə Azərbaycan-Qarabağ mədəniyyəti ilə bağlı bir tədbir təşkil edək. Fikrimcə, problemimizi belə tədbirlər vasitəsilə daha aydın təbliğ edə bilərik.
Anar Xəlilov: Ermənilər Kaliforniya, Los Anjelos, Nyu Yorkda hər il Şuşa ilə bağlı festival keçirilir, milli geyimlərində küçə boyu yürüş edirlər, Azərbaycan mətbəxini və Qarabağ atlarını nümayiş etdirirlər. Onlar Avropada və ABŞ da kifayət qədər fəaldırlar. Təkcə ABŞ ın insan az olan şərq sahillərində onların 300 dənə informasiya agentlikləri var. Nyu York, Vaşinqton, Kanada, Avropada saysız hesabsız informasiya agentlikləri var. Bizim diasporanın isə bir dənə də olsun informasiya agentliyi yoxdur. Yalnız gəlirlər ki, bizə pul verin gedək maddi əsaslarla Azərbaycan haqda mətbuatda yazı nəşr edək.
Ülviyyə Tahirqızı: Ermənilərin dünya üzrə mütəşəkkil baza yaradıb həmyerlilərini informasiya ilə təmin etdiyini bilirik. Belə təbliğat mərkəzləri hər situasiyaya uyğun konkret material toplusunu öz yerlilərinin əlinə verirlər, hərəkət trayektoriyasını da cızırlar. Məsələn, erməni tələbə Universitetdə azərbaycanlı tələbəyə qarşı istifadə edəcəyi bütün informasiya toplusu ilə təmin edilir. Amma onlar bizə qarşı münasibətdə yalana söykəniblər və bu yalanı əlimizdə olan faktlarla ifşa etmək mümkündür axı.
Asif Əsgərli: Ermənilərin məlumat bazası artıq formalaşıb. Bəli, saxtadır, yalandır, amma Avropada onlara çox inanırlar. Onların yalan məlumatı Avropa insanının beyninə oturuşub. Çünki, bu təbliğat illərlə gedib.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az