Nağıllarımızın çoxunun sonunda göydən üç alma düşür…
Atalarımız bir çox məsələlərdə üçdən deyiblər…
Bunlar çoxdan olub.
İndi isə lap təzə xəbərə diqqət yetirək. Dünən məlum oldu ki, uzaq Kanada bu ölkənin vətəndaşı olmaq istəyən adamlara immiqrasiya sənədlərində üçüncü cinsi göstərməyə icazə verib. Bundan sonra eTA adlı elektron sistem Kanadaya gəlmək istəyən və sənədlərində üçüncü cinsin nümayəndəsi olduqları yazılan adamları da qeydiyyata alacaq.
Çox maraqlı məsələdir. Və böyük prosesin növbəti mərhələsindən başqa bir şey deyil.
Hələ bir neçə ay bundan əvvəl ABŞ-da rəsmi olaraq üçüncü cinsin mövcudluğu qəbul edilib. Bu qərarı Oreqon ştatının məhkəməsi verib…
Amerika tarixində ilk “nə kişi, nə qadın” olan insanın 52 yaşındadır. Ceymi Şup adlı bu amerikalı özünü “onlar” adlandırır və artıq məhkəmənin qərarına görə bunu başqalarından da tələb edə bilər. Şup 18 il orduda xidmət edib.
Onun uşağı da, həyat yoldaşı da var. Ordudan tərxis olunduqdan sonra hiss edib ki, daha özünü kişi kimi dərk etmir. Qadın hormonlaır içməyə başlayıb və cinsini dəyişib. Az sonra başa düşüb ki, qadın olmaq da istəmir. Və növbəti dəfə məhkəməyə üz tutub….
Qeyd edək ki, üçüncü cins Almaniyada, Hindistanda və Avstraliyada da var. Yeri gəlmişkən, cinsi mənsubiyyəti olmayan ilk sənədli adam da “yaşıl qitə”də, 2011-ci ildə peyda olub…
Belə getsə, dünyada başı daşdan-daşa dəydikdən sonra dilemmanı həll edə bilmiş ölməz Məşədi İbadın gəlinin cinsi mənsubiyyəti ilə bağlı sualını tam başa düşməyənlərin sayı artacaq.
Qeyd edək ki, 2011-ci ilin fevralından ABŞ-da pasport almaq üçün doldurulan sənədlərdə “ata” və “ana” qrafaları “valideyn 1” və “valideyn 2” qrafaları ilə əvəzlənib. Bu ölkədə bircinsli “ailə”lərdə yüz minlərlə aşyaşlı tərbiyə alır.
Belə-belə işlər.
Sonda maraqlı bir Samoa ənənəsi haqqında. Sakit okeanın cənubundakı eyni adlı arxipelaqın qərb hissəsində yerləşən bu ölkədə çox oğlan övladı olan ailələrdə sonbeşiyi qız kimi tərbiyə edirlər. Onların hətta xüsusi adı da var. Fa’afafine adlandırılan bu insanlar analarına ev işlərində kömək edirlər…
Fuad Babayev