Rusiya ordusu Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edib. Yanvarın 31-i axşam və fevralın 1-nə keçən gecədən başlayaraq kamikadze dronları və ballistik, qanadlı raketlərlə Ukraynanın əksər əraziləri hücuma məruz qalıb.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, fevralın 1-nə keçən gecə paytaxt Kiyevdə də partlayış səsləri eşidilməyə başlayıb. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb. Kütləvi hava hücumu nəticəsində Xarkov, Poltava, Zaporojye, Xersonda mülki və enerji infrastrukturlarına ziyan dəyib, ölən və xəsarət alanlar var. Xarkov şəhər meri İqor Terexov “Telegram” səhifəsində məlumat verib ki, hava hücumu nəticəsində 16 yaşayış binasına ziyan dəyib, bir qadın həlak olub, 5 nəfər isə xəsarət alıb.
Poltava vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı Mirqorod şəhərinin enerji infrastrukturuna ziyan dəyib. Həmçinin Poltava şəhərində yaşayış binasına ziyan dəyib, mülki avtomobillər yanıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, Poltavada azı 2 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Yaşayış binasının birinci və beşinci mərtəbələrində yanğın baş verib. 12 avtomobil yanıb. 21 nəfərin həyatı xilas edilib.
Xerson vilayət Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu nəticəsində bir nəfər həlak olub, 4 nəfər yaralanıb. Hava hücumu zamanı 38 yaşayış məntəqəsi ziyan görüb.
Yerli hakimiyyət orqanlarının və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, fevralın 1-də gecə yarısından sonra Rusiya ordusu Zaporojyeyə 18 pilotsuz təyyarə zərbəsi endirib. Bu, şəhərə edilən ən kütləvi hücumlardan biridir. Müxtəlif ərazilərdə yanğınlar baş verib. İnfrastruktur obyektinə, çoxmərtəbəli binaya və fərdi yaşayış evlərinə ziyan dəyib. Təhsil müəssisəsinin binaları, avtomobillər, qarajlar və fərdi yaşayış evləri yanıb.
Baş verən kütləvi hava hücumundan sonra Ukraynanın bir çox ərazilərində elektrik enerjisinin verilişi kəsilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev