Qonaqlarımız Əlimürsəl Hacızadə və Əmirxan Məmmədvəliyev ilə Baykal Amur Magistralı, Ulkan qəsəbəsi və orada çalışmış həmvətənlərimiz haqqında danışdıq.
Fuad Babayev: Baykal Amur Magistralı (BAM) bizim üçün maraqlı bir fenomendir. Ümumiyyətlə, dünyada kifayət qədər nəhəng nəqliyyat, dəmiryol xətləri mövcuddur. BAM qədər nəhəng, genişmiqyaslı layihə çox azdır. BAM-ın ərsəyə gətirilməsinə Ümummilli Liderimiz Heydər Əliyev nəzarət edib, bu işə rəhbərlik edib. Və o zaman Azərbaycan orada iki stansiya – Ulkan və sonra Anqoya qəsəbələrini tikib.
Əlimürsəl müəllim, Əmirxan müəllim, siz ora neçənci ildə getmisiniz?
Əlimürsəl Hacızadə: Mən ora 1984-cü ilin yanvar ayında getmişəm.
Əmirxan Məmmədvəliyev: Mən də həmin ilin aprelində ora getmişəm və avqustda da qayıdıb gəlmişəm.
Fuad Babayev: Bəs necə oldu ki, getdiniz?
Əmirxan Məmmədvəliyev: Qeyd edim ki, artıq1983-cü ildə müdirimiz Söhrab müəllim başda olmaqla idarəmizdən 2 nəfər artıq orada işləyirdi: Ulkan dəmiryol stansiyasında və Ticarət Mərkəzinin içərisində mozaika yığırdılar. Bir il sonra onlar işlərini tamamlayıb qayıtdılar və bu dəfə mən getdim. Biz də orada bir məktəbin və bağçanın divarına mozaika yığdıq.
Biz ora gedəndə qar tam əriməmişdi; görürdün ki ağacların dibində hələ qalıb. Aprel ayının axırı qatarla yola düşdük, mayın əvvəlində Ulkana çatdıq. Bizi çox yaxşı qarşıladılar. Orada tikinti işlərinə İsrafil Hacıyev (o zaman “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin rəisi-red.) rəhbərlik edirdi. Gedən kimi işə başladıq. Səhər tezdən işə gedirdik, başlayırdıq mozaika yığmağa. Yəqin orada olan bəyaz gecələr haqqında eşitmisiniz. Elə olurdu ki, işə başımız qarışırdı, vaxtdan xəbərimiz olmurdu, hava da qaralmırdı… bir də baxırdın ki, axşam saat 11, ya 12-dir. Amma yenə də elə bilirdin ki, gündüzdür.
Qəsəbə tayqanın ortasında yerləşirdi. Bir də görürdün, gecə saat 4 radələrində elə ağcaqanadlar peyda olur ki, qalın paltarın üstündən belə, adamı sancırdı.
Təmkin Məmmədli: Orada azərbaycanlıların sayı nə qədər idi? Digər millətlərdən nümayəndələr də var idi?
Əmirxan Məmmədvəliyev: Azərbaycanlılar çox idi. Elə bilirdin ki, Bakıdasan, hara gedirdin, hər yerdə “salam-əleyküm” eşidirdin. Qəsəbənin əsas hissəsi azərbaycanlılardan ibarət idi. Doğrudur, ruslar da var idi, amma çox deyildilər. Onlar da əsasən Ukraynadan və digər respublikalardan gəlmişdilər.
Ulkana yola düşməzdən əvvəl Bakıda Mərkəzi Komitənin katibi Həsən Həsənov (1983-1988-ci illərdə Azərbaycan KP MK-nin Tikinti məsələləri üzrə katibi-red.) bizim eskizlərə baxıb bəyəndikdən sonra dedi ki, gedin bu işi görün. Bizə məzuniyyət verdilər. Beləcə işə başladıq.
Əlimürsəl Hacızadə: Bilirsiniz ki, o vaxtlar ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi və bütün bu işlər onun kurasiyasında idi. O hər zaman istəyirdi ki, harada bir qlobal proyekt varsa, orada azərbaycanlılar da iştirak etsinlər. BAM böyük bir proyekt idi. Xatırlayırsınızsa, o dövrlərdə “komsomol putyovkası” deyilən bir göndəriş vardı. Komsomol putyovkası ilə Azərbaycan SSR-in bütün rayonlarından – Kəlbəcərdən, Ağdamdan, Lənkərandan və s. yerdən çoxlu sayda azərbaycanlılar BAM-da işləməyə getmişdilər. Ulkanda elə bir gözəl atmosfer – mehribançılıq var idi ki, adam həsəd aparırdı. Mən ora çatanda 50-55 dərəcə şaxta var idi.
Əmirxan Məmmədvəliyev: Biz avqust ayında Ulkanı tərk etdik; həmin aydan sonra orada qar yağmağa başlayır.
Əlimürsəl Hacızadə: Biz ora gedəndə yanvar ayı idi.
Bəs gedişimiz necə oldu… Azərbaycan SSR Nazirlər Sovetindən AzTv-yə belə bir göstəriş gəlmişdi ki, televiziyadan bir neçə nəfər mütləq BAM-a getməli və orada süjetlər çəkilməli, film hazırlanmalıdır. Onu da qeyd edim ki, bu səfər mənim ezamiyyət şəklində ilk işim olub.
Fuad Babayev: O zaman neçə yaşınız vardı?
Əlimürsəl Hacızadə: O zaman 23 yaşım vardı və televiziyada rejissor assistenti işləyirdim. Səfər mənim üçün göydəndüşmə oldu. Niyə? O dövrdə AzTv-nin Gənclik redaksiyasında işləyirdim və baş redaktor Akif Məhərrəmov (Akif Əli – Azərbaycan yazıçısı, filoloq alim-red.) idi. Akif müəllimə dedim ki, olar mən də BAM-a gedim. Cavab verdi ki, ora bir az çətin yerdi, sən də təcrübəsizsən. Dedim ki, çox xahiş edirəm, mən də getmək istəyirəm. Beləcə, biz üç yoldaş ora yollandıq: Yusif Mədətov (şair Yusif Nəğməkar-red.) və AzTv-nin operatoru Gennadi Pastuşkov və mən. Pastuşkov yaşlı və çox təcrübəli bir insan idi. Ona görə də onunla getmək məndə özümə güvəni artırırdı. Yəni nəyisə bacarmasam, Pastuşkov kömək edə bilərdi.
Onu da deyim ki, BAM-a getmək elə də asan deyildi. Təsəvvür edin: Bakıda təyyarəyə mindik və Moskvaya uçduq, oradan İrkutska, sonra Ust-Kut adlı qəsəbəyə, Ust-Kutdan da “kukuruznik” deyilən təyyarə ilə başqa bir qəsəbəyə yetişdik. Hava soyuq, qar da beldən yuxarı. Daha sonra nə qədər də avtobusla, piyada yol getmişik. Nəhayət Ulkana çatdıq. Bizi gözləyirdilər və təmtəraqla qarşıladılar. Görünür burada da Ümummilli Liderin rolu vardı, yəni tapşırılmışdı ki, Azərbaycandan gələcəklər, çəkiliş edəcəklər. Bizi İsrafil Hacıyev qarşıladı, sonra bizə ikimərtəbəli evdə qalmağa yer verdilər.
Gedən gün axşam saat 6 radələrində operatorumuz dedi ki, qoy açıb kameraya baxım. O zaman çəkilişləri lent kamerası ilə edirdilər, biz də özümüzlə 1500 metr uzunluğunda 16 mm-lik lent aparmışdıq. Pastuşkov bildirirdi ki, kamera həmin yerin şəraitinə uyğun olaraq yağlanmalı, saz vəziyyətə gətirilməlidir, çünki qaldığımız yerdə 50 dərəcəyə yaxın şaxta var. Beləliklə, Pastuşkov kameraya bir lent qoyub çölə çıxır ki, yoxlasın, çəkiliş necə alınır. Ancaq kamera çöldə donur. Pastuşkov da əsəbi halda deyinməyə başlayır ki, demişdim axı kameranı yağlayın. Sonra mənə qayıdıb deyir ki, sən yemək bişir, özü də başlayır kameranı sökməyə və onu axırıncı detalına qədər sökür. Düşündüm ki, işimiz bitdi, bu kameranı kim yığa biləcək. Gözümü açdım ki, Pastuşkov kameranı necə sökmüşdüsə, eləcə də yığdı. Yığandan sonra kameranı da yağlayıb hazır etdi, sonra bildirdi ki, hər şey qaydasındadır, çəkə bilərik, gəl çölə çıxaq. Beləliklə, səhər tezdən işə başladıq.
O zaman yolun tikintisi davam edirdi, dəmir yolu Ulkana hələ gəlib çıxmamışdı, neçə kilometrlərlə uzaqda idi. Qəsəbə özü təzə-təzə formalaşırdı.
Təmkin Məmmədli: Bəs həmin o dövrdə qəsəbənin nə qədər əhalisi vardı? Bəzi yerlərdə beş min yazırlar.
Əlimürsəl Hacızadə: Məncə, təzə tikiləndə əhali çox az idi. 200-300 nəfər olardı.
Deməli, biz orada olarkən hər bir ailədə olmağa, onların şəraitini görməyə çalışırdıq. Beləcə, 18 gün orada qaldıq. Amma gedən kimi bərk xəstələndim. Səhərlər işləyirdim, axşamlar qızdırmam 39-40-a qalxırdı. Orada işləyən bir tibb bacısı on gün ərzində hər gün mənə istiliyimi salmaq üçün iynə vururdu. Yoldaşlarım mənə deyirdilər ki, evdə qal, özünə gəl, biz hər şeyi edərik; deyirdim ki, yox. Mən öz işimi görürdüm.
Orada tikinti təzə-təzə başlamışdı, baraklar şəklində çoxlu evlər var idi. Ən böyük tikili Ulkan dəmir yol stansiyası idi. Onu da qeyd edim ki, biz o vaxt orada olanda sizin bu mozaikanı görmüşdüm.
Əmirxan Məmmədvəliyev: 1983-cü ildə artıq orada ticarət mərkəzində mozaika vardı.
Fuad Babayev: Siz orada 36 il əvvəl olmusunuz. Hazırda mövcud sosial şəbəkələr arada olan uzaq məsafələri qısaldıb. Bəlkə siz Ulkanda olan insanlarla əlaqə saxlaya bilirsiniz? Yəqin ki, bu müddət ərzində o insanların bir çoxu dünyasını dəyişib. Pastuşkov necə, bəs sağdır?
Əlimürsəl Hacızadə: Pastuşkov rəhmətə gedib. O, çox gözəl insan və sənətkar idi. Doğrusu, oradan gələndən sonra Ulkanla elə bir əlaqəmiz olmadı.
Fuad Babayev: 2008-ci ildə kinorejissor Vaqif Mustafayev Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisi dövründəki fəaliyyətinə həsr etdiyi “Xüsusi təyinat” adlı sənədli film (https://www.youtube.com/watch?v=AN4ewISS5c4) çəkdi. Keçən il isə Faiq Hüsiyevin bu barədə filmi (https://www.youtube.com/watch?v=r52522kRRCo) televiziya kanalında nümayiş etdirildi. Bəs Sizin belə bir fikriniz olmayıb? Siz bu sonuncu filmin hazırlanmasında iştirak etmisiniz?
Əlimürsəl Hacızadə: Film çəkmək təşəbbüsü Faiq müəllimə aiddir. Keçən il BAM-ın 40 illiyi idi. Faiq müəllim də AzTv rəhbərliyinə müraciət etdi ki, bəlkə ora gedib bir film hazırlayaq. Bilirsiniz ki, məsafə böyük, buradan ora getmək də böyük xərc tələb edir. Amma rəhbərlik razılıq verdi. Halbuki elə indi də ora getmək o qədər asan deyil: çox uzaqdır, bir neçə nəqliyyat dəyişirsən. Amma Faiq Hüsiyev getdi və filmi çəkib hazırladı.
Fuad Babayev: Bəs Sizin 1983-cü ildə Ulkanda çəkdiyiniz kadrlar qalıb?
Əlimürsəl Hacızadə: Bəli, qalıb. O kadrlar AzTv-nin filmotekasında bugünə qədər durur. Onu da deyim ki, o zaman həmin o lentlərdən 15-17 dəqiqəlik üç hissədən ibarət film hazırladıq.
Fuad Babayev: Həmin dövrdə insanlar BAM kimi tikililərdə iştirak etmək üçün könüllü olaraq komsomol putyovkası ilə işləməyə gedirdilər. Və elə olurdu ki, həmin o yerdə də qalıb yaşayırdılar. Müasir dövrümüzdə vəziyyət necədir? O dövrdə olan yüksək entuziazm, ruh yüksəkliyi indi niyə yoxdur, nələr çatışmır? Sizcə əvvəlki kimi nələr olsa idi, yaxşı olardı?
Əmirxan Məmmədvəliyev: O zaman biz orada elə bil ki, bir ailə idik. Qəsəbədə hamı bir-birini tanıyırdı. Yeməkxanaya gedirdin, – “salam-əleyküm”, “nuş olsun”, – hamı Azərbaycan dilində danışırdı. Sanki Bakıda idin.
Fuad Babayev: Etiraf edək ki, “əsrin tikintisi” adlanan BAM qeyri-adi proyekt idi. Bunu statistikaya baxdıqda da görmək olar. Dəmir yolunun uzunluğu 4324 km, bunun da 1242 km hissəsi Amur vilayəti ərazisinə düşür. Magistral boyu salınmış 2230 körpüdən 11-i çox böyükdür. Dəmir yolunda 200 stansiya tikilib ki, Ulkan da onlardan biridir. Həmçinin 8 tunel tikilib. Tunellərdən birinin uzunluğu isə adamı lap dəhşətə gətirir: 15 343 metr (Buryatiya Respublikası ərazisindəki Severomuysk tuneli-red.).
Baykal-Amur Magistralı görünməmiş bir proyektdir: İrkutsk vilayətində yerləşən Tayşet şəhərindən başlayıb Xabarovsk diyarındakı Sovetskiy Qavan adlı dəmiryol stansiyasında bitir. Yəni harada bu uzunluqda dəmir yolu var!
Əlimürsəl Hacızadə: Nəzərə alın ki, bu layihəni tikənlərin əksəriyyəti komsomol putyovkası ilə gələnlər idi. Yəni məcburi heç kimi göndərmirdilər, könüllü gedirdilər. Bundan başqa, əminəm ki, Heydər Əliyevin adı da burada əhəmiyyətli rol oynayıb. Yəni azərbaycanlılar fikirləşirdilər ki, əgər Heydər Əliyevin SSRİ Nazirlər Kabinetində məsul olduğu sahələrdən biri də nəqliyyat sektorudursa, mütləq ona kömək etməli, BAM-ın tikintisində fəal olmalıyıq. Heç kəs bilmirdi BAM haradadır, amma gedirdilər.
BAM çox böyük layihə idi. Təsəvvür edin ki, qışda insanlar Ulkanda səhər saat 10-11-dən günorta saat 1-2-yə qədər çox çətinliklə işləyirdilər. Adamın əli donur, hava tez qaralır və s. Çox çətin idi, ancaq qayıtmayıb orada qalanlar da çox oldu. Yəni qurdular, yaratdılar və sonra da elə orada yaşamağa başladılar.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 28 avqust 2020-ci il tarixində baş tutub.
Materialda tass.ru saytının fotosundan istifadə edilmişdir.