1988-ci ilin avqustu. Sovet İttifaqı 66 ildir ki, mövcuddur. Üç ildən çoxdur ki, Qorbaçovun “perestroyka”sı davam edir. Berlin divarı hələ uçurulmayıb. Bu hadisə hələ 1989-cu ilin 9 noyabrında baş verəcək. Akademik Aqanbekyanın “Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikri az qala bir ildir ki, səsləndirilib. Sumqayıt hadisələrindən yarım il keçir. Və cəmi il yarımdan sonra “Qara yanvar” gələcək…
…Mənimsə cəmi 17 yaşım var. Bakıdakı Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi yenicə bitirmişəm. Və A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinə qəbul olmuşam. Leninqrada yola düşməyə hazırlaşıram. Cəmi 4 ildən sonra—1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetini bitirəcəyim ağlıma belə gəlmir. Əlbəttə, diplom alacağıma inanıram. Amma bu diplomu tarixin tamamilə fəqrli mərhələsində alacağımı bilmirəm. 4 il sonra mənə üzərində artıq mövcud olmayan dövlətin – Sovet İttifaqının gerbi həkk edilmiş diplomu almaq nəsib olacaq. Və bu zaman məşhur sovet dövlət və partiya xadimi Andrey Aleksandroviçin soyadı artıq universitetin adı ilə yanaşı çəkilməyəcək. Bu kimin ağlına gələ bilərdi? Bəs Leninin, əlavə təqdimata ehtiyacı olmayan Vladimir İliçin adının arxivə göndəriləcəyi necə? A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin cəmi 4 il ərzində sadəcə olaraq Sankt-Peterburq Dövlət Universitetinə çevrilməsi ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində dünyada baş verən ağlagəlməz dəyişikliklərin içində itib-batır.
Birmənalı olaraq demək olar ki, həmin dövrün ən mühüm hadisəsi 8 dekabr 1991-ci ildə baş verib. Məhz bu tarixdə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları (Boris Yeltsin, Leonid Kravçuk, Stanislav Şuşkeviç) tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində Sovet İttifaqının mövcudluğuna xitam verən müqavilə imzalandı. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verdi. Yeni mərhələ – postsovet dövrü beləcə başlandı.
Bu ağır, təzadlı mərhələdə Azərbaycan dövlətçiliyini məhz tarixin ən böyük azərbaycanlısı – Heydər Əlirza oğlu Əliyev qoruyub möhkəmləndirə bildi. Xilas etdi və yaşatdı Azərbaycan dövlətini. Bunu yalnız böyük Heydər Əliyev edə bilərdi. Azərbaycanı sevən, bütün həyatını Azərbaycana həsr etmiş Heydər Əliyev. Bizi, adi sovet gənclərini Sovet İttifaqının ən mötəbər ali təhsil müəssisələrində oxumağa göndərmiş Böyük liderimiz.
1998-ci ilin avqustu. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındayıq. Bu gün Heydər Əliyevin adını daşıyan “Respublika” sarayında ümummilli liderimizin çıxışını dinləyirik…
Heydər Əliyev çıxışında tarixə ekskurs etdi: “Mən 16 il bundan əvvəl — 1982-ci ilin avqust ayının ya 29-da, ya da 30-da bu salonda Azərbaycandan kənarda olan ali məktəblərə göndərilən gənclərlə son görüşü keçirmişdim. Bilirsiniz ki, mən ondan sonra Moskvaya işə dəvət olundum, orada çalışdım. Mənim həyatımın sonrakı səhifələri də sizə məlumdur. Nəhayət, 1993-cü ildə yenidən Bakıya gəldim. Son görüşümüzdən 16 il keçibdir. Düzü, mən belə görüşlər üçün çox darıxmışdım. Çünki o vaxt, o illər bu görüşlər artıq ənənəyə çevrilmişdi. Burada danışan gənc qızlardan biri dedi ki, Heydər Əliyev 1974-cü ildən başlayaraq respublikadan kənara gedən tələbələrlə görüşürdü. Yəqin bir balaca dəqiqsizliyə yol verildi. Mən həmin tələbələrlə ilk dəfə 1969-cu ildə görüşmüşdüm. Ancaq ola bilər ki, bu səhvin də əsası vardır. Çünki mən 1969-cu ildə görüşərkən nə bu saray, nə bu salon var idi, nə də görüşmək üçün bu qədər adam var idi.
Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumata malik idim. Ona görə də bizim təhsilin nailiyyətlərini də, qüsurlarını, nöqsanlarını da bilirdim. Şübhəsiz ki, respublikanın başçısı kimi, məsuliyyətimi də dərk edirdim. Ona görə də mən birinci növbədə təhsil məsələlərinə ciddi fikir verdim.
Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən maraqlandım ki, bəs nə üçün bu qədər azdır? Çünki respublikamız geniş inkişaf yoluna başlamışdı və iqtisadiyyatımızın bir çox sahələrində mütəxəssislər çatışmırdı, bizim ali məktəblərimizdə də belə mütəxəssislər hazırlanmırdı. Yəni o vaxt respublikamızda belə fakültələr, kafedralar yox idi. Buna çox böyük ehtiyac var idi. Soruşdum ki, bəs nə üçün 50 nəfərlik yer ayrılıb? Mənə məlumat verdilər ki, respublikamıza hər il 50 nəfərlik limit verirlər. Ona görə də biz bundan artıq bir şey edə bilmərik. Onda mən maraqlandım ki, respublikadankənar ali məktəblərə kimlər gedir və nə yolla gedir?
Bu, müsabiqədənkənar qəbuldur. Demək, o vaxtkı mərkəzi şəhərlərin, yəni Moskva, Leninqrad və başqa şəhərlərin ali məktəblərinə qəbulun hamısı müsabiqə əsasında keçirdi. Müttəfiq respublikalara bəzi ixtisaslar üzrə mütəxəssislər hazırlanması üçün kadrlara güzəşt edərək, onlara müsabiqədən kənar limit verilirdi. Məsələn, Azərbaycana 50 nəfərlik limit verilmişdi.
Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmağın lazım gəldiyini bir daha dərk etdim. Çünki, birincisi, avqustun sonları idi, sentyabrın 1-də dərslər başlanmalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər. Yenə də maraqlandım ki, nə üçün belədir? Mənə məlumat verdilər ki, bilirsiniz, indi artıq Azərbaycanda ali məktəblər çoxdur, valideynlər öz övladlarını respublikadan kənara göndərmək istəmirlər. Ona görə də kim istəyirsə onu göndəririk. Beləliklə, milli tərkib bu cür olubdur.
Şübhəsiz ki, əgər biz respublikamızın gələcəyi haqqında həqiqətən düşünürdüksə, bu vəziyyət məsələyə səthi, bəlkə də biganə münasibətdən irəli gəlirdi.
Həmin il, 1969-cu il avqustun sonunda mən ilk dəfə sayı 50 nəfərdən az olan gənclərlə o vaxt işlədiyim iş yerindəki kiçik bir salonda görüşdüm, danışdım, onlara öz tövsiyələrimi verdim. Ancaq bu, mənim üçün də böyük bir siqnal oldu ki, bu işlə məşğul olmaq, həm də çox ciddi məşğul olmaq lazımdır.”
Böyük liderimizin bu məsələyə diqqəti sonrakı illərdə minlərlə Azərbaycan gənci kimi mənim də Azərbaycandan kənarda təhsil almağıma şərait yaratdı.
Və bu gün mən 1998-ci ilin avqustunda, sözügedən toplantıda çıxış edən şəxslərdən biri olduğumu fəxrlə xatırlayıram. İllər keçdi…
XXI əsrin ikinci onilliyində yaşayırıq. Həyat davam edir. Və biz Heydər Əliyevin xeyir-duası ilə Azərbaycandan kənarda təhsil almış mütəxəssislər onun xatirəsini böyük ehtiramla yad edirik. Ən Böyük azərbaycanlının – Heydər Əlirza oğlu Əliyevin xatirəsini: minnətdarıq Sizə, ulu öndər!
Fuad Babayev
15 dekabr 2014-cü ildə “Xalq qəzeti”ndə dərc edilib