Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütövlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi–mədəni irsimizə hörmətlə yanaşmalı, onun dağıdılmasına yol verməməli idi. Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik, Qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqar İrəvanın Təpəbaşı məhəlləsində tarixi məscidimizdə içki istehlak edilməsi ilə bağlı Ermənistan tərəfinə hansı çağırışların edilməsinə dair şərhində yer alıb.
Sözçü, həmçinin qeyd edib: “Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla, Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbiristanlıq isə yerlə-yeksan edilib. Hələ dağıdılmamış Göy məscid isə başqa millətə məxsus abidə kimi təqdim edilir.
Ermənistan Qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son qoymalıdır. Beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar bu vəziyyətə səssiz qalmamalı, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar, Roma Papası bu məsələdə xüsusilə həssaslıq göstərməlidirlər”.