Venesuellada balaca bir cizgi filmi çəkilib. Filmdə Uqo Çavesin cənnətə düşmə səhnəsi göstərilir.
Bəli, göstərilir ki, Çaves cənnətə düşür və onu öz nənəsi ilə birlikdə Kuba inqilabçısı Ernesto Çe Gevara, Çilinin keçmiş prezidenti Salvador Alyende, Argentinnın keçmiş birinci xanımıYeva Peron, Nikaraqua inqilabının lideri Auqusto Sandino və əlbəttə ki,Venesuelanın milli qəhrəmanı general Simon Bolivar qarşılayırlar…
Çox maraqlı filmdir. Baxmağa dəyər. Cəmi bir dəqiqə vaxtınız gedəcək. Əvəzində isə biləcəksiniz ki, cənnətdə, hər halda bu cizgi filminin müəllifləri belə düşünürlər, əsasən solçular yerləşdiriliblər.
Diqqət yetirin, Çe Gevara – 1959-cu il Kuba inqilabının komandantesi olub. Fidel Kastro və Kamilo Syenfueqos kimi.
Salvador Alyende Çili Sosialist Partiyasının yaradıcısı idi. 1970-ci ildə prezident seçkilərində qalib gəlmişdi.
Yeva Peron Argentina prezidenti Xuan Peronun həyat yoldaşı və çoxları üçün social ədalət simvolu idi.
Auqusto Sandino 1927-1934-cü illərdə Nikaraqua milli azadlıq hərəkatının (əslində müharibəsinin) lideri olub.
Simon Bolivarın adı Cənubi Amerikadakı ispan koloniyalarının azadlığı uğrunda mübariz kimi tarixdə qalıb.
Uqo Çavesin nənəsi nə işlə məşğul olub deyə bilmərəm. Amma, Uqo Çavesin nənəsi olmaq da cənnətə düşmək üçün yetərli sayıla bilər. Hər halda Venesuelada belə düşünən multiplikatorlar var…
Bəs Suriyada necə, cizgi filmləri çəkilirmi? Və əgər Bəşər Əsədin son vaxtlar tez-tez yayılan ölüm xəbərlərindən hansısa düz çıxsa, onun haqqında da cizgi filmi çəkilə bilərmi? Elə Venesuela ssenarisi üzrə.Yəni, Bəşər Əsəd cənnətə düşür və orada deyək ki, Səddam Hüseyn və Müəmmər Qəzzafi tərəfindən qarşılanır.
Bəşər Əsəd BƏƏS-in, ərəb sosialist partiyasının təmsilçisidir. Və onun vaxtilə elə həmin partiyanın İraq qanadının lideri olmuş Səddam Hüseyn tərəfindən qarşılana biləcəyini istisna etməməliyik. Mərhum Qəzzafinin də inqilab lideri olduğunu nəzərə alsaq, o da görüşə qatıla bilər. Həm də bu adamlar sağlıqlarında da Bəşər Əsədi tanıyıblar axı.
Amma Bəşər Əsəd sağdır və üstəlik onun nə vaxtsa cənnətə düşmək şansları elə də yüksək olmamalıdır. Hüseyn və Qəzzafi soyadlı məşhur şəxslərin də həmçinin.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 76-77)