Uydurma erməni soyqırımının yüzilliyi yaxınlaşdıqca erməni diaspor təşkilatları da aktivləşib. Hətta onların fəaliyyətləri qeyri-müsəlman cəmiyyətlərin sərhədlərini aşaraq islam ölkələri və Türkiyə ilə yaxın tarixi və iqtisadi əlaqələri olan Yaxın Şərq ölkələrində də genişlənib. Regionda baş verən hadisələrin yaratdığı yeni şəraitdən istifadə etməyə çalışan erməni təşkilatları kilsə ilə birlikdə ərəb və islam dünyasının nüfuzlu dövlətlərindən biri Misir Ərəb Respublikasında fəallaşaraq onu öz tarixi yalanlarına inandırmağa çalışırlar.
Misir erməni diasporunun geniş fəaliyyət göstərdiyi ərəb dövlətlərindən biridir. Sayları təxminən altı minə çatan erməni diasporunun nümayəndələri Misirin, əsasən Qahirə və İskəndəriyyə şəhərlərində məskunlaşıblar. Qahirədə onlar“ Erif”, “Hosaper” və “Tşahager” qəzetlərini və “Arik” (Ərəb erməni mədəniyyətləri divanı) ədəbi jurnalını nəşr etdirirlər. Misirdə katolik və ortodoks erməni patriarxlığı fəaliyyət göstərir. Qahirədə Erməni Xeyriyyə Cəmiyyəti, Qahirə Universitetindəki Erməni Araşdırmaları Mərkəzi də diasporun işində yaxından iştirak edib.
Erməni təşkilatları uydurma soyqırımın yüzilliyi ərəfəsində onu qəbul etdirmə iddialarını həyata keçirmək üçün hələ bir neçə il bundan qabaq fəaliyyətə keçiblər. Ermənistanın mühacirət məsələləri üzrə naziri Hiranuş Hakopyan Misirin “əl-Vatan” internet xəbər portalına 16 noyabr 2014-cü ildə verdiyi müsahibəsində soyqırımın yüzilliyini təntənəli qeyd etmək üçün hazırlıqlara hələ 2011-ci ildən başlandığını bildirib. Nazirin müsahibəsindən o da aydın olur ki, bu məqsədlə dünyanın 50 ölkəsində komitələr yaradılıb, onların hər birinə fəaliyyət göstərdikləri ölkələrdə tez-tez iclaslar, dəyirmi masalar, konfranslar keçirməklə cəmiyyəti uydurma iddialarına inandırmaq, həmin ölkələrin parlamentlərində uydurma “soyqırım”ı tanıyan qərarların qəbul edilməsinə nail olmaq tapşırığı verilib. Bu komitələr altı bölmədən ibarətdir və siyasi, mədəni, ədəbi, media və s. sahələrdə tədbirlər həyata keçirir. Komitələrin bölmələri siyasi elita ilə işləyərək “erməni soyqırımı”nın xeyrinə siyasi qərarların qəbul edilməsinə nail olmalı, mediada mütəmadi çıxış edərək sadə insanları, nəyin bahasına olursa-olsun, ermənilərin osmanlılar tərəfindən kütləvi şəkildə qırılması mifinə inandırmalıdır. Komitələrin vəzifələri sırasında aprelin 24-də planlaşdırılan “yüzillik” şousuna xidmət edən mədəni tədbirlərin, incəsənət sərgilərinin, konfransların, elmi simpoziumların və kitab sərgilərinin təşkil edilməsi də vardır.
Bu komitələrdən biri də “Erməni soyqırımı”nı anma üçün Qahirə komitəsidir. Son hadisələr nəticəsində Misirlə Türkiyə arasında yaranmış müvəqqəti soyuqluqdan məharətlə istifadə etməyi qarşısına məqsəd qoyan bu komitə artıq bu günədək bu sahədə müəyyən işlər görüb. Qahirə komitəsi fəaliyyətini bir neçə istiqamətdə qurub:
Siyasi müstəvidə
Komitə, ilk növbədə Misirin yeni seçilmiş hakimiyyətinin, xüsusilə prezident Əbdülfəttah Sisinin rəğbətini qazanmaqla, Misirin “Erməni soyqırımı”nı tanımasına nail olmağa can atır. Bu istək Ermənistanın rəsmi şəxslərinin dilindən də səslənir. Ermənistanın mühacirət məsələləri üzrə naziri Heranuş Hakopyan Misirin “əl-Vatan” internet xəbər portalına 2014-cü ilin 26 sentyabrında verdiyi müsahibəsində bildirir: “Misirdən ermənilərə qarşı törədilmiş soyqırımları tanımasını gözləyirik. Çünki Misirin ərəb regionunda, o cümlədən beynəlxalq müstəvidə çəkisini və aparıcı rolunu dərk edirik”. Erməni diasporu Misirin belə bir addım atmasına nail olmaqla digər ərəb və islam dövlətləri üçün ilk presedent ola biləcəyinə bel bağlayırlar. Təbii ki, bu hadisə baş verərsə, siyasi və iqtisadi, hətta mədəni sahələrdə mənfi nəticələr törədə bilər.
Erməni məsələsi komitəsinin üzvü dr. Armen Mazlumyan “əl-Vatan” internet xəbər portalına 2014-cü il 4 aprelində verdiyi müsahibəsində Misirdəki ermənilərin prezident Hüsni Mübarəkin devrilməsi və Mursinin prezident seçilməsi ilə nəticələnmiş 25 yanvar, eyni zamanda prezident Mursinin devrilməsi və Əbdülfəttah Sisinin prezident seçilməsi ilə nəticələnmiş 30 iyun inqilablarında yaxından iştirak etmələrini vurğulamaqla onların vəziyyətdən məharətlə öz xeyirlərinə istifadə etmək bacarıqlarını ortaya qoymaqla yanaşı, ölkə başçısı Sisiyə yarınmaq, onun rəğbətini qazanmaq məqsədi güddüklərini izhar edir.
Misirdə fəaliyyət göstərən xristian icmaları ilə avqustun 14-də keçirilmiş görüşdə katolik və ortodoks erməni kilsələrinin rəhbərləri prezident Sisiyə “Ermənilər Misirdə” və “Erməni xalqının qısa tarixi” kitablarını hədiyyə etmişlər. Bir neçə ay sonra isə (noyabrda) erməni nazir Hiranuş Hakopyan müsahibələrinin birində prezident Sisini də soyqırımın anım tədbirlərində görmək istədiyini dilə gətirərək “Əgər Sisi anım tədbirimizə gəlsə, başlarımızı dik tutarıq” demişdir. Bəlkə də bununla “kitabımızı” oxuyub yekun rəy bildirməyin vaxtının çatdığına işarə edilir.
Hətta son vaxtlar mediada erməni məsələsini Fələstin probleminə oxşatmaq cəhdlərinin artdığının şahidi oluruq ki, bununla da ərəb və islam dünyasının ağrılı və həll edilməmiş problemlərindən birinin adı ilə spekulyasiya məqsədi aydın hiss edilir. Lakin tarix Fələstin Azadlıq Təşkilatı daxilindəki fikir ayrılıqlarının dərinləşərək silahlı münaqişəyə keçməsində Fələstin mübarizəsinin fəaliyyətinə ağır zərbə vurmuş Əbu Nidal – Asala erməni terror təşkilatının yaradıcılarından Monte Melkonyan tandeminin fəaliyyətini hələ unutmayıb.
Mədəniyyət müstəvisində
Qahirə komitəsi uydurma soyqırımı tanıtma fəaliyyətləri çərçivəsində İskəndəriyyə kitabxanasında sərgilər keçirir və bu ilin aprelin 24-də simfonik orkestrin iştirakı ilə Qahirədə uydurma soyqırımı anımı münasibətilə gecə təşkil etməyi planlaşdırır.
Keçən ilin noyabrın 12-də Qahirə Film Festivalının idarə heyəti tərəfindən uydurma soyqırımdan bəhs edən Fateh Akının çəkdiyi “Kəsik” filminin festivalın açılış filmi təyin edilməsi Misirin özündə kino tənqidçiləri tərəfindən birmənalı qarşılanmadı. Bu addımı tənqid edənlər burada siyasi çalarların olduğunu qeyd etdilər. Təbii ki, festivalın idarə heyəti qərarlarını sırf texniki və yaradıcılıq baxımından əsaslandırmağa çalışsalar da Tariq əş-Şənavi kimi bir sıra misirli kinotənqidçiləri burada da iki dövlət arasında yaranmış soyuqluqdan istifadəyə çalışan erməni izinin olduğunu bildirdilər. Əş-Şənavi fikrini belə əsaslandırır: “Əgər “Kəsik” filminin seçilməsi siyasi müstəvidə mümkün idisə, bunu onun texniki səviyyəsi haqqında demək olmaz. Belə ki, film rejissorunun adının (Fateh Akın) çəkisinə baxmayaraq, bədii tərtibat baxımdan ortababdır və pis filmdən az fərqlənir. Bu səbəbdən də o, keçən avqust ayının sonunda keçirilmiş Venesiya festivalında heç bir mükafata layiq görülməyib”.
Türkiyənin arxivləri açmaq və o zaman baş vermiş hadisələri dərindən və obyektiv araşdırmaqla bağlı israrlı çağırışlarını qulaq ardına vuran erməni təşkilatları, alimləri öz yalanlarını dünyaya sırımaqdan ötrü çəkdirdikləri filmləri nümayiş etdirməyə yer də tapırlar. Bu günlərdə Misirin Vasat əl-Qahira rayonundakı “Zaviyə” kinoteatrında erməni patriarxlığının yardımı ilə erməni rejissorun çəkdiyi “Ayaqqabımı İstanbulda qoyub gəldim” filminin nümayişinə başlanması uydurma yüzilliyə hazırlıqları çərçivəsində baş tutan tədbirlərdəndir.
Dini müstəvidə
Misir qiptilərinin kilsəsi ilə erməni kilsəsi İsa Məsihin bir təbiətinə inanan Şərq kilsəsinə bağlıdır. Bəzi fərqləri çıxmaqla hər iki kilsə bir-birinə digər xristian məzhəblərindən daha yaxındır. Misirdə ermənilərin iki – ortodoks və katolik patriarxlığı fəaliyyət göstərir ki, bunlar da milli erməni məsələlərində eyni mövqedən çıxış edirlər. Ortodoks ermənilərin Qahirədə Ramses küçəsində və İskəndəriyyədə hər birində bir kilsəsi vardır. Katolik ermənilərin isə Vasat əl-Qahira və Misr əl-Cədidə rayonlarının hər birində bir kilsəsi vardır.
Qahirə komitəsinin fəaliyyəti içərisində, həm də kilsələrlə, din xadimləri ilə əməkdaşlığı daha da artıraraq onları uydurma soyqırımın yüzilliyinin təbliğinə cəlb etmək vəzifəsi də vardır. “Yüzilliy”in keçiriləcəyi 24 apreldə dünyada, o cümlədən Misirdə bütün kilsələrdə eyni anda zəng çalınması planlaşdırılır. Son zamanlar bəzi kilsə xadimlərinin çıxışlarında “erməni soyqırımı” ifadəsi tez-tez eşidilməyə başlayıb. Hətta Misirdə katolik kilsəsinin başçısı Tavadrus “əl-Yavm” qəzetinə müsahibə verərək 2011-ci il oktyabr ayında silahlılar tərəfindən kilsəyə basqın nəticəsində onlarla qiptinin ölməsi ilə nəticələnən Masbero hadisəsini ermənilərin guya osmanlılar tərəfindən soyqırıma məruz qoymasına bənzədib ki, bu da bir çox misirli siyasi təhlilçilər (məsələn, Əla Bəyyumi) tərəfindən sərt tənqid olunub, məsuliyyətsiz bənzətmə hesab edilib. Amma, görünür, “Erməni soyqırımı”nı anma üçün Qahirə komitəsi” (sonrakı yerlərdə, qısaca olaraq, Qahirə komitəsi kimi işlədiləcək) islam dünyasının əsas dini mərkəzlərindən biri sayılan əl-Əzhər idarəsini də yaddan çıxarmayıb. Uydurma soyqırımı iddialarını gerçək kimi təqdim etməyə çalışan misirli ermənişünas tədqiqatçı dr. Məhəmməd Rüfət əl-İmam “İslam hərəkatları portalı”nda (www.islamist-movements.com) yerləşdirdiyi bir məqalədə guya əl-Əzhər şeyxi olmuş Səlim əl-Bişrinin (1832-1916) hələ 1909-cu ildə türklərin erməniləri qırmasını tənqid edən fətva verdiyini iddia edir. İddiasını sübut etmək üçün bölüşdüyü fətvanın ərəbcə mətnindən də görünür ki, şeyx heç də ermənilərin türklər tərəfindən qırılması iddiasını təsdiq etmir, əksinə deyilənləri şayiələr adlandırır. Şeyx qeyd edir: “Yerli qəzetlərdən Anadolunun bəzi vilayətlərinin Osmanlı hakimlərindən olan müsəlmanların xristianlara hücum etməsi və onları düşməncəsinə qətl etmələri haqqında kədərli xəbərlər və pis şayiələr almışıq. Bizə gəlib çatmış bu şayiələrə inanmaq istəməzdik. Və onların yalan olmalarını istərdik. Çünki islam hər cür düşmənçiliyi qadağan edir, əxlaqsızlığı, qan tökülməsini, müsəlman, xristian və yəhudi olmağından asılı olmayaraq bütün insanlara zərər yetirilməsini haram buyurur…”. Sözünə davam edən şeyx daha sonra müsəlmanları qan tökməkdən, zərər yetirməkdən çəkindirir, onları islamın buyurduğu yolla getməyə çağırır. O da aydın olur ki, şeyx heç fətvasında türk sözü də işlətməyib. Amma erməni təşkilatları, nümayəndə heyətləri ərəb ölkələrinin, o cümlədən islam ölkələrinin paytaxtlarında keçirdikləri görüşlərdə məhz bu fətvanı özlərinin interpretasiyasında təqdim edərək hiyləgər gediş edirlər. “əl-Bələd” qəzeti 27 yanvar tarixli sayında Beynəlxalq Ərəb Erməni Hüquq Assambleyasının Qahirə bürosunun direktoru Tamer Diyabdan sitat gətirərək bildirir ki, Assambleyanın üzvlərindən ibarət nümayəndə heyəti əl-Əzhər şeyxi dr. Əhməd ət-Tıbin məsləhətçisi dr. Mahmud Azbla görüşüb. Görüşdə nümayəndə heyəti əl-Əzhər şeyxinə ünvanladıqları məktubu və yuxarıda adı çəkilən fətvanın fotosurətini təqdim edib. Həmçinin Assambleyanın sədri Hüsaməddin əl-Həbəş əl-Əzhər şeyxindən sələfinin yolu ilə gedərək “soyqırım”ı pisləyən fətva verməsini gözlədiklərini vurğulayıb. Bu gözləntilərini əsaslandırmaq üçün sözünü təhrikedici notla bitirir: “…Məqsəd həmin qırğınlar zamanı olanları islam şüarı və bayrağı altında aparıb müqəddəs müharibə kimi təqdim edən hər bir kəsi susdurmaqdır. Axı islam belə cinayətlərdən uzaqdır.” Qahirə komitəsi və digər yerli erməni təşkilatları bilirlər ki, əl-Əzhərin mövqeyi siyasi qərardan bu və ya digər dərəcədə asılıdır. Ona görə də siyasi və dini sahədə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
KİV və media müstəvisində
Uydurma soyqırımın yüzilliyi ərəfəsində Misir mətbuatında hadisənin təbliği və tanıdılmasına, ermənilərin məzlum simasını formalaşdırmağa çalışan materialların, məqalələrin sayı artmaqdadır. Tərəfimizdən aparılmış qısa monitorinq nəticəsində aydın olur ki, demək olar ki, Misirin mötəbər qəzet və jurnallarında, xəbər portallarında bu mövzuya həsr olunmuş materiallar əvvəlkilərə nisbətən çoxalıb.
Qahirə komitəsi təbliğat məqsədi ilə feysbuk şəbəkəsində rəsmi səhifə və rəsmi internet saytı www.100egypt.com açıb. Bu işə erməni milli komitəsinin Yaxın Şərq bölməsi də (ANCME) qoşulub.
Uydurma soyqırımı yad etmə hazırlıqları çərçivəsində Qahirə komitəsi dr. Məhəmməd Rüfətin müəllifi olduğu kitabçaları da dərc etdirib. Mətbuatda tədqiqatçı Əta Dirğamın bu mövzu ilə bağlı silsilə məqalələri yayılır.
Hüquqi müstəvidə
Erməni təşkilatları, o cümlədən Qahirə komitəsi əsassız iddialarını qanun müstəvisinə də daşımaqdan ötrü “dəridən qabıqdan” çıxırlar. “əl-Bələd” qəzetinin 21 oktyabr sayında nəşr edilmiş bir məqalədə Misirdə Türkiyəyə qarşı məhkəmə iddiasının irəli sürülməsindən danışılır. Qeyd edilir ki, “soyqırım” qurbanlarının ailə üzvləri adından bir vəkil məhkəmə iddiası irəli sürüb. Qəzetin verdiyi məlumata görə, iddia hazırda Misirin məhkəmə orqanı olan Dövlət komissarları şurasında baxılmaqdadır. Sənəddə Misirdən ermənilərə qarşı guya törədilmiş qırğınların bəşəriyyətə qarşı cinayət kimi tanınması tələb olunur. Bundan başqa, “Ankava” xəbər saytının verdiyi məlumata görə, Misirin İxvanlaşmasına qarşı Xalq Cəbhəsinin hüquq məsləhətçisi Tariq Mahmud misirli ermənilərin bir qrupu ilə görüşündə Osmanlının xələfi Türkiyənin vaxtilə baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı cinayət işinin açılmasının zəruriliyi barədə bəyanat vermişdir.
Son
Əksər erməni tarixçilərinin və siyasətçilərinin hadisələri istədikləri kimi təqdim etmək və insanları inandırmaq bacarıqları vardır. Bu “bacarığı” Osmanlı imperiyasında baş vermiş hadisələri özünəməxsus şəkildə dünyaya “sırımaq”, mülki azərbaycanlı əhaliyə qarşı Xocalıda törədilmiş soyqırımın məsuliyyətindən boyun qaçırmağa cəhd etmək, Suriyanın Kesab qəsəbəsində bu yaxınlarda baş vermiş hadisələri Türkiyənin üzərinə yıxıb az qala onu “soyqırımı” davam etdirməsi kimi dünyaya car çəkmək, “uydurma soyqırım”larını əsaslandırmaqda dəlil- sübut qıtlığını 1918-ci ildə, Xocalı, 20 yanvar hadisələri zamanı özləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların şəkilləri hesabına ödəmək səylərində də görmüşük.
Erməni ideoloqları özlərinə aid olmayan tarixi, dini rəvayətləri özləri ilə bağlı həqiqət kimi təqdim etməklə uydurma soyqırımı tanımağa dolayısı ilə təhrik edirlər. Onları qəbul etməyənləri isə təhqir etməkdən belə çəkinmirlər. Bunu Ermənistanın mühacirət məsələləri üzrə naziri Heranuş Hakopyanın “əl-Vatan” xəbər portalına verdiyi müsahibəsində dediyi sözlərdən də anlamaq olar: “Dünya sivilizasiyası Nuhun gəmisinin çırpıldığı Ararat dağından başlayır. Beləliklə ora (dağa) ayaq basan ilk insan üçün Ermənistan giriş yeridir. Bu qırğınları yad edən kəs yüksək mədəniyyətli insandır.” Amma erməni nazir onu da bilməlidir ki, erməni saxtakarlıqları ilə bəşər tarixi nə qədər yanlış istiqamətə yönəldilsə də, həqiqət gec də olsa öz yerini tutur.
Erməni təşkilatlarının ümidləri bu dəfə də puça çıxacaq. Belə ki, Misir və Türkiyə xalqları arasında dini, tarixi bağlar, əlaqələr sonda öz sözünü deyəcək, siyasi anlaşılmazlıq həll ediləcək.
Şıxəli Əliyev