İsveçrənin müstəqil www.infosperber.ch internet portalında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı “Ermənistan: kütləvi deportasiya soyqırımı idi?” başlıqlı məqalə dərc olunub. Tarixçi alim Hakkı Keskinin qələmə aldığı məqalədə saxta erməni iddiaları, bu iddiaları əsassız sayan Doğu Pərincək və İsveçrə dövləti arasında məhkəmə çəkişməsi, Avropa İnsan Haqları Məhkəməsinin yaxın günlərdə gözlənilən qərarı ilə əlaqədar “erməni soyqırımı“ mövzusuna elmi mənbələr əsasında qiymət verilib.
Məqalənin girişində 1948-ci il BMT Konvensiyasında soyqırımına verilmiş tərif (“…milli, etnik, irqi və ya dini qrupu tam və qismən məhv etmək məqsədilə törədilmiş hərəkətlər…“) şərh olunur və Osmanlı İmperiyasında deportasiya qərarının arxasında ölkənin şərq əyalətlərindəki erməni əhalisinin sistemli şəkildə qətl edilməsi kimi məqsədin gizlənmədiyi bildirilir və deportasiya qərarına aparan tarixi hadisələr izah edilir.
Məqalədə xüsusilə qeyd olunur ki, işğalçı Fransa və Böyük Britaniya Osmanlı İmperiyasında “Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə” təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib və Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə qurulub. 32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. Tarixçi alim məqalədə sual verir ki, “əgər həqiqətən də erməni əhalisinə qarşı soyqırımı törədilmişdisə, o zaman Osmanlı dövlətinin düşməni olan və mühakimənin neytral məhkəmə tərəfindən keçirilməsini rədd edən Böyük Britaniyanın qurduğu məhkəmə niyə müqəssirlərə qarşı heç bir dəlil-sübut tapa bilmədi?”.
Eyni zamanda, soyqırımı məsələsinə ciddi tarixi qiymətin verilməsinin tərəfdarı olduğunu qeyd edən H.Keskin tarixçilərdən ibarət beynəlxalq araşdırmaçı qrupun yaradılması məqsədilə 2001-ci ildə Türkiyənin dövlət başçısına müraciət etdiyini bildirir. Diqqətə çatdırılır ki, 2005-ci ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidentinə tarixi hadisələri birgə araşdırmaq və arxivləri açmağa dair məktubla müraciət etsə də, qarşı tərəf bu müraciəti cavabsız qoymuşdur.
1915-ci ildə baş vermiş hadisələrdə ermənilərin özlərinin günahkar olduğunu dəlillərlə sübut edən alim, bununla belə həmin vaxt həyatını itirmiş hər bir vətəndaşın, xüsusilə də yüz illər boyu üzərində yaşadığı ölkəyə sadiq insanların həlak olmasına görə qəlbən kədərləndiyini yazır. Lakin xarici qüvvələr tərəfindən qızışdırılaraq separatçılıqla məşğul olan və çar Rusiyasının ordusuna əlaltılıq edən ermənilərin qətlə yetirmiş olduğu günahsız insanlar nədənsə dünya ictimaiyyətinin diqqətini cəlb etmir.
H.Keskin məqaləsində bildirir ki, böyük beynəlxalq dəstək və maliyyə resurslarına arxalanan erməni lobbiçiləri yüz il bundan əvvəl baş vermiş hadisələrə dair ciddi elmi diskussiyanın aparılmasının qarşısını hər yolla alır, saxtalaşdırılmış mənbələrə söykənmiş versiyaları dünya ictimaiyyətinə yeganə düzgün mövqe kimi sırıyır və bununla da arxiv materiallarına istinad edən tarixçiləri bir araya gətirən elmi tədbirlərin keçirilməsinə imkan vermirlər.
Tarixçi alim yazır ki, “erməni məsələsi” öndərlərinin getdikcə yüksələn səsi və fəaliyyəti, həmçinin bir məqsədə xidmət edir: Dağlıq Qarabağ və onu əhatə edən rayonların (Azərbaycan ərazisinin beşdə birinin) Ermənistan tərəfindən işğalını və 1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qırğınları ictimai diskussiyadan sıxışdırıb çıxarmaq. Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon insan qovularaq qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə dair BMT-nin dörd qətnaməsinə, eləcə də Avropa Şurası və Avropa Parlamentinin qərarlarına məhəl qoymur.
Tarixçi alim məqalənin sonunda bildirir ki, hədən artıq ziddiyyətli olan həmin dövrə yalnız mövzuya bələd tarixçilər tərəfindən arxiv materialları və mənbələr əsasında aydınlıq gətirilə bilər. Tarixçilərdən ibarət komissiyanın yaradılması isə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına yol açar. Bu mövzudan müxtəlif məqsədlər üçün alət kimi istifadə edilməsi həqiqətin ortaya çıxmasına və problemin həllinə töhfə verə bilməz.
http://azertag.az/