Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operası Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında nümayiş etdirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, əsərin budəfəki nümayişi həm bəstəkarın yubileyinə dərin ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi mədəniyyətinin zəngin ənənələrinin təntənəsi kimi təqdim olunub.
Üzeyir Hacıbəylinin şah əsəri sayılan “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub və Şərqdə ilk opera kimi tarixə düşüb.
Tamaşada baş rolları Rəvanə Əmiraslanlı (Leyli) və Mirəli Sarızadə (Məcnun) ifa ediblər. Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Aytən Məhərrəmova, Məcnunun atası rolunda Mütəllim Dəmirov, anası rolunda Afaq Ağayeva, digər rollarda Fuad Əzizzadə (İbn Salam), Cahangir Qurbanov (Nofəl), eləcə də Nəzər Bəylərov (Zeyd) və Pərviz Verdiyev (Şeyx) çıxış ediblər.
Balet hissələrində Leyli rolunu Məryəm Şabakayeva, Məcnun rolunu Rüstəm Hacıyev, uşaq rollarını Laləzar İbrahimli (Leyli) və Adil Əlizadə (Məcnun) canlandırıb.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xoreoqraf isə Əməkdar artist Yuriy Lobaçevdur.
Solo tarda Əməkdar artist Elxan Mansurov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.