Sentyabrın 18-də ilk dəfə Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edib, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşada uzun illər tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır.
Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edilib.
Tədbiri açan Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, ulu öndər Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər Ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunub: “Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və bu il avqustun 29-da Prezidentimizin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilir. Digər maraqlı məqam ondan ibarətdir ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri yüksək səviyyədə bərpa olunur.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bugünkü tarixi tədbirə yalnız Üzeyir bəyin vaxtı ilə yaratdığı ansambl deyil, həmçinin ölkənin aparıcı sənətkarları, xalq və əməkdar artistləri, tanınmış ifaçıları qatılıb, onun adını daşıyan parkda milli musiqimizin xəzinəsi sayılan əsərləri ifa edirlər.
Nazir müavini Şuşanın mədəniyyət paytaxtı olaraq bundan sonra da bir çox yerli və xarici tədbirlərə ev sahibliyini edəcəyini vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini söyləyib.
Daha sonra Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların əsərləri səsləndirilib. Xalq artisti Mənsur İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.
Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur. 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alır. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirilib.
Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət ki, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri yenidən səsləndirildi. Şuşanın dağlarından Üzeyir musiqisinin sədaları hər tərəfə yayıldı.