A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli və Heydər Əliyev Mərkəzinin Tədbirlər və sərgilər departamentinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovla Ağqoyunlu imperiyasının banisi Həsən Padşah Bayandurdan danışdıq.
Fuad Babayev: Tofiq müəllim, Həsən Padşah Bayandur haqqında özünü savadlı sayan orta statistik Azərbaycan vətəndaşının nələri bilməsi vacibdir?
Tofiq Nəcəfli: Həsən Padşah Bayandur XV əsrdə Azərbaycan dövlətçilik tarixində mühüm yeri və rolu olan Ağqoyunlu imperiyasının banisidir. Orta əsr qaynaqları, hətta “Diyarbəkiriyyə”nin müəllifi Əbubəkr Tehrani də (Kitab-i Diyarbəkriyyə – HəsənPadşahın əmriilə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında kitab – red.) Həsən Padşahı Sahibqran, yəni Zöhrə (Venera – red.) və Müştəri (Yupiter – red.) ulduzlarının qovusduğu yerdə, xoş gündə doğulmuş şəxs kimi təqdim edib. Vaxtilə Əmir Teymur, Fateh Sultan Mehmed, Sultan Süleyman kimi hökmdarlar da xoşbəxt ulduzların qovuşduğu anda doğulan şəxslər kimi tarixə düşüb.
Həm Adil, həm də Qalib Sultan kimi tarixə düşmək çox nadir hökmdarlara nasib olub. Belə cahangirlərdən biri də Həsən Padşahdır. Həsən Padşahın adı ilə bağlı olan rəsmi sənədlərdə və ya onun dövründə tikilmiş xanəgahlarda, məscidlərdə qoyulmuş kitabələrdə Ağqoyunlu dövlətinin banisi Adil Sultan, Qalib Sultan, Xilafətin sahibi və İslamda çoxdan gözlənilən, axır zamanda insanlara ədalət bəxş edəcək imamı kimi təqdim olunub. Müasir dövrdə istinad etdiyimiz multikultural dəyərlərə biz XV əsrin II yarısında Həsən Padşahın dövründə də rast gəlirik. Misal üçün Diyarbəkirdə Ulu Caminin üzərindəki kitabədə Həsən Padşaha aid olunan epitetlərin hamısı var. Bəzən sual verilir ki, Həsən Padşahın o dövrdə müsəlmanlar və qeyri-müsəlmanlar arasında birliyi təmsil edə biləcək imam kimi zühür etməsi kitabədə necə öz əksini tapıb? Bu məsələ tarixşünaslığımızda geniş tədqiq olunmayan sahələrdən biridir. Ağqoyunlu sarayının təsəvvüf zümrələri və təriqətlərlə əlaqələri Həsən Padşahın dövründə başlayıb. Həsən Padşah bütün həyatı boyu fərq qoymadan hər məsləkdən və məzhəbdən olan təriqət rəhbərlərinə hörmət göstərib. Bunlar arasında Səfəviyyə, Xəlvətiyyə, Gülşəniyyə, Nəqşbəndiyyə, Nurbəxşiyyə, Kübraviyyə, Nemətullahiyyə və Bayramiyyə təriqətləri önəmli yer tuturdu. Nəqşbəndiyyə təriqətinin 4-5 şeyxi həmin dövrdə sarayda yaşayırdı. Həsən Padşahın xüsusi hörmət bəslədiyi təriqət şeyxləri arasında Dədə Ömər Rövşəni və xəlifəsi İbrahim Gülşəni də önəmli yer tutub. Özü də Xəlvəti təriqətinin üzvü olub. Dövlətin ərazisində 4 min təkkə və zaviyənin fəaliyyət göstərməsi də Həsən Padşah dövründəki tolerantlığın bariz nümunəsi idi.
Fuad Babayev: Həsən Padşahın sarayı harada yerləşir?
Tofiq Nəcəfli: Təbrizdə Sahibabad bağında yerləşir. Vaxtilə Qaraqoyunlu hömdarı Cahanşahın sarayı da, Müzəfəriyyə külliyəsi də orada idi. Həsən Padşah da Təbrizdə Nəsriyyə mədrəsəsini tikdirib. Özü də orada dəfn olunub. Ümumiyyətlə, Həsən Padşahın milli dəyərlərə xüsusi önəm verməsi, dövrünün tanınmış alimlərini, şeyxlərini, dərvişlərini saraya dəvət etməsi, cümə günlərində keçirilən məclislər, o məclislərdə onları dinləməsi o dövr üçün mühüm işlər idi. Orta əsrlərdə cəmiyyətimizdə xalq islamı deyilən mühüm bir ənənə olub. Həsən Padşah xalqa yaxınlaşmaq üçün onun nümayəndələrinə mühüm önəm verib, onları himayə edib.
Fuad Babayev: Həsən Padşahın dövrün tanınmış təsəvvüf rəhbərlərinə münasibəti necə olub?
Tofiq Nəcəfli: Həsən Padşahın böyük hörmət bəsləyidi təsəvvüf rəhbərlərindən biri Baba Əbdürrəhman idi. Baba Əbdürrəhmanın Təbrizdə fəaliyyət göstərdiyi dövrdə vaxtilə Cahanşahın Müzəfəriyyəsini ona təkkə kimi verib, onun 500 müridi həmin təkkədə yeməklə təmin edib. Baba Əbdürrəhman Sultanın süfrəsinin başında oturub. O, Həsən Padşaha ilahi yardım vəd etməklə, gələcəkdə qazanacağı qələbələr barədə xəbər verməklə mühüm şöhrət qazanmışdı. Baba Əbdürrəhman Həsən Padşahın Qaraqoyunlu hökmdarı Cahanşaha, Teymuri hökmdarı Əbu Səidə qarşı apardığı mübarizədə qalib gələcəyini öncədən söyləyərək “İran və Turan sənindir” demişdir.
1456-cı ildə Baba Əbdürrəhman Həsən Padşah Ağziyarətdə olan zaman məclisində qılıncı kasaya vuraraq deyir ki, bu Cahanşahın baş sərkərdəsi Rüstəm bəyin başıdır. 1457-cı ilin mayında Dəclə çayının kənarında Həsən Padşahın qalib gəldiyi döyüşdə Qaraqoyunlu sərkərdəsi Rüstəm əsir düşür. Cəllad onu edam etməyə gələndə Rüstəm qılıncın iti olub-olmadığını soruşur ki, əziyyət çəkməsin. Qılıncı ona göstərəndə o, həmin qılıncı qəbul etməyərək deyir ki, məni Məhəmməd Tuşmalın qılıncı ilə öldürün. Bu isə vaxtilə Baba Əbdürrəhmanın kasaya vurduğu qılınc idi. Həmin hadisədən sonra bütün Ağqoyunlular Baba Əbdürrəhmanın kəramətinin şahidi oldular.
Fuad Babayev: Bizim orta və ali məktəb dərsliklərində Ağqoyunlu hökmdarı Həsən Padşah tarixdə tutduğu yerə adekvat tədris edilir?
Tofiq Nəcəfli: İstər orta, istərsə də ali məktəb dərsliklərində Həsən Padşah haqqında müəyyən informasiya verilir. Həsən Padşahın tarixi xidmətləri, daxili və xarici siyasəti haqqında məlumat verilsə də, müəyyən məqamlara daha geniş yer ayrılmasını məqsədəuyğun sayıram.
Fuad Babayev: Sirr deyil ki, adi insanlar informasiyanı həm də bədii ədəbiyyatdan alırlar. Mən vaxtilə Cəlal Bərgüşadın “Sıyrılmış qılınc”, Əlisa Nicatın “Qızılbaşlar”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əzizə Cəfərzadənin “Bakı-1501”, Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanlarını oxumuşuq. Məncə, Həsən Padşaha bədii ədəbiyyatda Babək, Şah İsmayıl Xətai kimi yer ayrılmayıb.
Tofiq Nəcəfli: Mahmud İsmayılovun “Uzun Həsən” adlı tarixi romanı var.
Fuad Babayev: Maraqlıdır ki, həmin romandan geniş oxucu kütləsinin xəbəri yoxdur.
Tofiq Nəcəfli: Təbii ki, təbliğatdan çox şey asılıdır. “Uzun Həsən” romanı ötən əsrin 90-cı illərində bir dəfə kiril qrafikası ilə nəşr edilib. Ona görə də gənc nəslin bu kitabdan xəbəri yoxdur. Bundan başqa XV əsrdə Azərbaycan tarixində baş verən tarixi hadisə və proseslər Tahir Kazımovun 4 kitabdan ibarət epopeyasında da öz əksini tapıb. Bu epopeyanın 2017-ci ildə nəşr edilmiş 3-cü cildi məhz “Həsən Padşah Bayandur” adlanır. “Kitab-i Diyarbəkriyyə” kimi qiymətli mənbəyə əsaslananhəmin nəşrlərin elmi məsləhətçisi mən olmuşam.
Fuad Babayev: Mən istərdim Səbuhi müəllim bizə Heydər Əliyev Mərkəzində Həsən Padşahla bağlı təşkil ediləcək sərgi haqqında məlumat versin. Bu sərgi nə vaxt açılacaq?
Səbuhi Əhmədov: “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi noyabrın 1-də açılacaq. Sərgiyə hazırlıq mərhələsində mənbələrlə iş, materialların toplanması kifayət qədər vaxt apardı. Mən Tarix İnstitutunun Orta əsrlər şöbəsinin yetirməsiyəm. “XIII- XV əsrlərdə Azərbaycanda hərb sənəti” mövzsunda müdafiə etdiyim namizədlik dissertasiyamda da Uzun Həsənin hərbi əməliyyatları ilə bağlı məqamlara toxumuşam. Biz Yusif Ağayevlə birlikdə Türkiyədə Üsküdardan Otluqbeliyə qədər həmin hərbi əməliyyatların keçirildiyi yerlərdə olmuşuq. 2006-cı ildə Yusif Ağayevlə birlikdə mənim “Ağqoyunlu – Osmanlı müharibəsi (1472-1473-cü illər)” kitabım rus dilində çap edildi. Bu kitab ABŞ-da Miçiqan Universitetində də nəşr edilib. Vikipediyanın rus və ingilis versiyasındakı hərbi əməliyyatların sxemləri həmin kitabdan götürülüb. Ümumiyyətlə, Uzun Həsənin hərbi fəaliyyəti, ordusunun quruluşu, Ağqoyunlu dövlətinin silahları ilə bağlı mənim bir neçə məqaləm Türkiyədə nəşr olunub.
Daha sonra mən Küveytə dəvət aldım. Orada çox unikal İslam İncəsənət Muzeyi (Dar əl-Əttar əl-İslamiyyə – red ) var. Mən bu muzeydə Ağqoyunlu və Qaraqoyunlu dövlətinə aid silahlar ola biləcəyini düşünmürdüm.
Londonda yaşayan kolleksiyaçı Nəsir Xəlili ümumilikdə 25 mindən artıq eksponat toplayıb. Onun zəngin kolleksiyasında Uzun Həsənə və Ağqoyunlu dövlətinə aid silahlar var. Biz Uzun Həsənə aid silahların əsasən Əsgəri muzeydə (İstanbul Harbiye Askeri Müzesi – red.) saxlanıldığı qənaətində idik. Amma əslində Ağqoyunlu ordusuna aid material və silahlara dünyanın bir çox məşhur kolleksiyaçılarının eksponatları arasında da rast gəımək mümkündür.
Devid Aleksander İslam dünyası silahlarının ən yaxşı bilicisi sayılır. O Nyu-Yorkdakı Metropoliten Sənət Muzeyinin silah fondunun müdiri idi. Devid Aleksanderin fikrincə, “Tülbənd” deyilən dəbilqə növü ilk dəfə Dərbənd – Şamaxı – Təbriz üçbucağında, yəni faktiki olaraq tarixi Azərbaycan ərazilərində icad olunub və buradan bütün Şərqə Ağqoyunlular dövləti sayəsində yayılıb. Onun ehtimalına görə Uzun Həsən orduda hərbi islahat keçirməsəydi hər hansı tayfa birliyinin Yaxın Şərqi nəzarətə alması, teymuriləri məğlub etməsi mümkün olmazdı.
Çox maraqlıdır ki, Uzun Həsənin Əbu Səidlə Mahmudabad döyüşünu Qərb tarixşünaslığında “Qarabağ uğrunda döyüş”adlandırırlar. Çünki Əbu Səidin məqsədi Qarabağı ələ keçirmək idi. Bütün bu amilləri nəzərə alaraq biz Uzun Həsənlə bağlı sərgi təşkil etmək qərarına gəldik. Tofiq müəllim dəfələrlə qeyd edirdi ki, biz Ağqoyunlu dövlətinin banisini Uzun Həsən deyil, Həsən Padşah adlandırmalıyıq.
Fuad Babayev: Mən elə o barədə Sizə sual vermək istəyirdim.
Səbuhi Əhmədov: Tarixdə Gödək Pipin (VIII əsrdə yaşamış Karolinqlər sülaləsindən olan ilk Frank kralı), Gonbul Lüdoviq (1108-1137-ci illərdə Fransa kralı – red.), Gözəl Filip(1285–1314-cü illərdə Fransa kralı – red.) və bir çox başqa hökmdarlar öz ləqəbi ilə tanınıb.Bizim sərgidə Həsən Padşah Sultan rütbəsi ilə göstərilir.
Tofiq Nəcəfli: Adil Sultan ən mühümüdür.
Səbuhi Əhmədov: Təbii ki,bütün bu məqamlar sərgidə əks olunmalıdır. Biz sərgi üçün 2D formatında 12 dəqiqəlik film sifariş vermişik. Bu Uzun Həsənin həyatından bəhs edən animasiya filmidir. Yəni rəsmlər və fotolar əsasında çəkilmiş filmdir. Bizim materiallarımız əsasında bu filmi İctima Televiziya ərsəyə gətirəcək. Uzun Həsən və onun oğlu Sultan Yaqub haqqında kitab nəşr edəcəyik. Bütün bunlar təbliğatın bir formasıdır. Sərgi müddətində maarifləndirici mühazirələrin təşkil edilməsi nəzərdə tutulur. Bu sərgi gələn il yanvarın 17-nə kimi davam edəcək. İlk dəfə olaraq bu sərgidə Əsgəri muzeyin eksponatları nümayış olunacaq. Əsgəri muzeyin eksponatları milli sərvət kateqoriyasına aiddir və Türkiyə qanunvericiliyinə görə onlar ancaq dövlət başçısının iczəsi ilə başqa ölkədə nümayiş etdirilə bilər.
Bu sərginin təşkili zamanı bir çox yeniliklərlə də rastlaşdıq. Məlimdur ki, Təbriz miniatür məktəbi XIII əsrin sonlarında yaranmağa başlayıb, inkişafı və çiçəklənməsi isə XVI əsrə təsadüf edib. Biz Topqapı sarayının kitabxana və arxivində saxlanılan miniatürlərlə bağlı müraciət edəndə təxminən 50-yə yaxın əsərin olacağını gözləyirdik. Həmin miniatürlər ilk dəfə olaraq sərgimizdə nümayiş olunacaq. Amma sonradan məlum oldu ki, Türkiyədə Ağqoyunlu dövrünə aid 400 miniatürün əks olunacağı kitab nəşrə hazırlanır. Qeyd edim ki, Türkiyə tarixşünaslığında bəzən Azərbaycanla bağlı məqamları İran və fars amili ilə bağlamaq meyilləri hələ də qalmaqdadır. Amma Topqapı sarayında saxlanılan miniatürlər hər zaman azərbaycanlı tədqiqiqatçıların üzünə açıqdır.
Tofiq Nəcəfli: Rəhmətlik Cəmilə xanım (Cəmilə Həsənzadə (1947-2022) – sənətşünaslıq doktoru, “Təbrizin sehrli nağılları” kitabının müəllifi – red.) Təbriz miniatür məktəbini tədqiq edirdi.
Səbuhi Əhmədov: Cəmilə xanımın əksər tədqiqatları Səfəvi dönəminə aiddir. Bir neçə məqaləsi isə Ağqoyunlu dövrünü əks etdirir. Bundan başqa biz Topqapı sarayından Ağqoyunlu dövrünə aid məktubların surətini əldə etmişik. Bu baxımdan Osmanlı imperiyası ilə Ağqoyunlu dövləti arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni, Uzun Həsənin yerli dekorativ sənətə olan qayğısını əks etdirən vilayət məktublarını xüsusuilə qeyd etmək istəyirəm. Diqqəti cəlb edən digər önəmli məqam Ağqoyunlu dönəminə aid abidələrlə bağlıdır. Anadolunun elə bir şəhəri yoxdur ki, orada Ağqoyunlulara aid abidə olmasın. Təəssüf ki, biz Ağqoyunlu memarlığını Azərbaycan memarlığının bir qolu kimi təbliğ etmirik. Şirvan-Abşeron, Naxçıvan, Təbriz memarlıq məktəbimiz olduğu halda Anadolu memarlıq məktəbimiz yoxdur. Misal üçün dördayaqlı minarə unikal bir abidədir. Bundan başqa Mardindəki Qasimiyyə mədrəsəsini göstərə bilərik. Bu abidə Anadolunun ən böyük mədrəsəsidir.
Tofiq Nəcəfli: Cahangirin oğlu Qasım tikdirib (Qasım bəy Cahangir – Həsən Padşahın qardaşı oğlu – red.). Həsən Padşahın sarayındakı kitabxanadan sonra ikinci ən böyük kitabxana Mardində Qasimiyyə mədrəsəsində idi.
Səbuhi Əhmədov: Çox maraqlıdır ki, bir çox dini komplekslərdə fərqli məzhəblərə aid məscidlər olub. Kompleksin bir tərəfində hənəfi, bir tərəfində şafii məscidi, bir tərəfində şiə, bir tərəfində isə sünni məscidləri yerləşib. Biz Ağqoyunlu dövlətinin multikultural dəyərlərə sadiqliyini çox zaman Uzun Həsənin həyat yoldaşı Dəspinə Xatunun xristian olması ilə əlaqələndiririk. Amma Ağqoyunlu dövlətində İslam dininin məzhəblərinə də ayrı-seçkilik qoyulmurdu.
Fuad Babayev: Dəspinə Xatunun etnik mənsubiyyəti?
Tofiq Nəcəfli: O Trabzon imperatoru IV İohannın qızı idi.
Səbuhi Əhmədov: Bəlkə dəDəspinə Xatunun sayəsində Avropa hökmdarları ilə sıx əlaqələr quruldu.
Tofiq Nəcəfli: Dəspinə Xatun uzun müddət Şərqi Anadoluda (Harputda) yaşadı və Həsən Padşah onu xristianlıqdan döndərmədi. Həsən Padşahın 4 həyat yoldaşından 7 oğlu olub. Hərəmin başında əmisi qızı Səlcuqşah bəyim dururdu. Səlcuqşah bəyim Xəlil, Yusif və Yaqubun anası idi. Məsih və Maqsudun anası Dəspinə Xatun olub. Uğurlu Məhəmmədin anası Dövlətşah Bulduqaninin qızı Can bəyim, Zeynalın anası isə Ömər Zarakinin qızı Tərcil bəyim idi. Həsən Padşahın 4 qızından biri Aləmşah bəyim isə bacısı oğlu Şeyx Heydərin (Səfəvi təriqətinin rəhbəri, Şah İsmayıl Xətainin atası – red.) arvadı olub.
Səbuhi Əhmədov: Yeri gəlmişkən, Hasankeyfdəki (Türkiyənin Batman əyalətində qədim tarixi rayon – red.) Zeynal bəy türbəsi haqqında da danımaq istərdim. Hasankeyfdə yerləşən Zeynal bəy türbəsinin yeri su anbarının tikintisi ilə əlaqədar dəyişdirilib. Müasir texnologiyalardan istifadə olunaraq abidə öz əvvəlki yerindən 2.5 kilometr uzaq məsafəyə yerləşdirilərək xilas edilib. Bütün bu amillərələ yanaşı onu da qeyd etmək istərdim ki, əksəriyyətimiz Uzun Həsənin adını bilsə də, demək olar ki, onun haqqında heç bir məlumata malik deyilik. Vikipediyada yerləşdirilmiş pirat şəklinin də Uzun Həsənə heç bir aidiyyatı yoxdur.
Tofiq Nəcəfli: Vikipediyada yerləşdirilən portret Sultan Süleymanın Həsən bəy adlı admiralına məxsusdur.Vaxtilə Con Vudsun əsəri türkcə nəşr olunan zaman naşirlər saxtakarlıq edərək o portreti kitabın üz qabığına (Con E. Vuds “Ağqoyunlular – Tayfa, Konfederasiya, İmperiya” – red.) vurulması həmin şəklin yayılmasına səbəb olub.
Fuad Babayev: 2012-ci ildə buraxılmış Azərbaycan poçt markasında da həmin portretə rast gəlirik.
Tofiq Nəcəfli: Elə mən də 2012-cü ildə nəşr olunan kitabımın (Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu Dövlətləri – red.) üz qabığında Vudsun əsərinə istinadən həmin portreti vermişəm. Amma sonradan Con Vudsun əsərində naşirlərin müraciət etdiyi portretin XVII əsrə aid orijinalını tapdım. Həmin kitabın latıncasının pdf variantı məndə var. Orada digər türk sultanları ilə yanaşı Şah İsmayılın, Şah Təhmasibin də şəklinə rast gəlirik. Amma hər yerdə Həsən Padşahın şəkli kimi göstərilən portret sözügedən nəşrdə türk sultanı kimi verilib. Əslində isə o şəxs Sultan Süleymanın admiralı Həsən bəydir.
Fuad Babayev: Ağqoyunlu dövləti indiki müasir xəritə ilə götürsək hansı ərazləri əhatə edib?
Tofiq Nəcəfli: Vaxtilə Milli Atlasa təqdim etdiyim 7 xəritədən biri də Azərbaycan Ağqoyunlu dövlətinə məxsus idi. Dövlətin qərb sərhədləri indiki Sivasa yaxın Su şəhərindən keçib. Fərat çayı boyunca Misir Məmlük Dövləti ilə həmsərhəd olub.
Fuad Babayev: Müasir Suriya ora aid idi?
Tofiq Nəcəfli: Xeyr. Qərbdə Bağdad da daxil olmaqla Dəclə və Fərat arasında yerləşən Ərəb İraqı Ağqoyunlu dövlətinin tərkibində idi, imperiyanın şərq sərhədləri isə Xorasanın qərbinə gəlib çıxırdı.
Fuad Babayev: Bakının bu dövlətə aidiyyatı yox idi?
Tofiq Nəcəfli: Şirvanşahlar dövründə Fərrux Yasar bac ödəyərək vassalığı qəbul etmişdi.
Səbuhi Əhmədov: Bu suallara da cavab vermək üçün biz interaktiv xəritə hazırlamışıq. Sərgidə nümayiş oluncaq interaktiv xəritədə ziyarətçilər həm dövlətin əhatə etdiyi sərhədlərlə, həm Böyük İpək Yolu ilə tanış olacaq, həm də orada istədiyi abidəni tapmaq imkanı əldə edəcəkdir.
Orta əsrlərdə dövlətlərin Yaxın Şərqi ələ keçirməkdə başlıca məqsədi məhz bu ticarət yolları idi.
Tofiq Nəcəfli: Həsən Padşahın II Mehmed ilə münasibətlərinin pisləşməsinin əsas səbəbi ipək yoluna nəzarət uğrunda mübarizə idi. Təsəvvür edin ki, XV əsrin 60-cı illərində Osmanlıların təkcə gömrük ticarətindən əldə etdiyi 3 milyon axçanın 2 milyonu ipəkdən gəlirdi. Həmin dövrdə hər 100 axçadan 2 axça gömrük vergisi alınırdı. II Mehmed 60-cı illərin axırında həmin rüsumu 4 axçaya qaldırdı. Eyni zamanda Bursadan əlavə, Toqatda da vergi yığılmağa başladı. 1467-cı ilin noyabrında Cahanşah üzərində qələbədən sonra Həsən Padşah Qaraqoyunluların müttəfiqi II Mehmedə göndərdiyi zəfərnamədə adıçəkilən qələbə haqqında ona məlumat verir. II Mehmedin Həsən Padşaha göndərdiyi cavab məktubunda isə ilk dəfə olaraq orta əsr qaynaqlarında Ağqoyunlu hökmdarı Uzun Həsən, “Həsən Draz” adlandırılır. Bundan sonra Osmanlı salnamələrində tirajlanan bu ifadə bizdə də yayılmağa başlayıb.
Həsən Padşah Əmir Teymurdan, II Mehmeddən sonra imperiya yaratdı və babası Qara Osman dövründə olan hakimiyyət anlayışını bir az da genişləndirdi. Əvvəllər türk adət-ənənlərinə əsaslanan hakimiyyət Həsən Padşah dövründə ilk dəfə olaraq İslama əsaslandı. Məmlüklərlə yanaşı müqəddəs şəhərlərə yiyələnməklə bağlı Həsən Padşah da ortaya iddia qoydu. Ona görə də orta əsr mənbələrində Həsən Padşah “zamanın xəlifəsi” adlandırılır. Ağqoyunlu hökmdarı 1469-77-ci illərdə Kəbəyə Həcc karvanları vasitəsilə Kəbə üçün xüsusi örtüklər göndərirdi. Buna mane olmağa çalışan Məmlüklərə 1472-ci ildə elçi göndərilərək onların da razılığı alındı. 1473-cü ildə Rüstəm bəyin rəhbərlik etdiyi Həcc karvanı Mədinəyə gedib. Mədinədə cümə namazı zamanı oxunan xütbədə Həsən Padşah iki müqəddəs şəhərin xidmətçisi kimi təqdim olunub. Ərəbcə mətində biz “Həsən Tavıl”, yəni Uzun Həsən ifadəsinə rast gəlirik. Həmin dövrdə oxunan xütbədə Uzun Həsənin adı Xilafətin sahibi Sultan Həsən kimi qeyd olunub.
Təmkin Məmmədli: Quranın türk dilinə tərcüməsi də Həsən Padşahın dövrünə təsadüf edir.
Tofiq Nəcəfli: Bəli. Biz bəzən belə məsələləri arxa plana keçiririk. Həsən Padşah yüksək milli şüura sahib olan bir hökmdar idi. Həmin dövrdə özünü Oğuz nəslindən hesab edən hökmdar içərisində yalnız Həsən Padşah özünü türk hökmdarı kimi təqdim edib.
Təmkin Məmmədli: Həsən Padşahın etnik mənsubiyyəti ilə bağlı nə demək olar?
Tofiq Nəcəfli: Həsən Padşah oğuzların Bayandur boyundandır və o bununla həmişə fəxr edib. Həsən Padşahın Rodosa, Kiprə göndərdiyi rəsmi məktubların əsli Topqapı sarayında saxlanılır. O məktübların hamısında üzərində Bayandur boyunun tamğası, içərisində isə “Sultan Həsən Bahadur” ifadəsi yazılıb. Eyni zamanda Bayandur boyunun tamğasına biz pulların və bayrağın üzərində də rast gəlirik. Bayandur boyunun ağ bayrağı həm də rəsmi dövlət bayrağı idi. Həmin bayraq İstanbulda Əsgəri Muzeydə saxlanılır.
Fuad Babayev: Ağqoyunlu dövlətinin adı ilə bağlı da fərqli fikirlərə münasibətinizi bilmək istərdim.
Tofiq Nəcəfli: XIV əsrin ərəb Məmlük qaynaqlarındaŞərqi Anadoluda fəaliyyət göstərən Bayandurilər kimi gedir. Ağqoyunlu ifadəsinə biz ilk dəfə Qara Osmanın (Qara Yuluq Osman Bəy – Ağqoyunlu tayfa birliyinin qurucusu – red.) dövründə rast gəlirik. Qazi Bürhanəddinin saray tarixçisi Əziz b. Ərdəşir Astrabadinin 1398-ci ildə yazdığı “Bezm u rezm” adlı əsərində Bayandurlar Ağqoyunlular adı altında təqdim olunur. Digər tarixlərdə də biz Ağqoyunlu ifadəsini görürük.
Təmkin Məmmədli: Yəni Ağqoyunlu adından imtina edilməsinin heç bir elmi əsası yoxdur.
Tofiq Nəcəfli: Bəli. Ümumiyyətlə, XIV-XV əsr qaynaqlarında Qaraqoyunlu və Ağqoyunlular türkman xalqı kimi qeyd olunub. Misal üçün bütün mənbələrdə Qara Yusif türkmandır. O Barani nəslindəndir. Bizim orta məktəb və ali məktəb dərsliklərində Qara Yusifin səhvən Baharlı nəslindən olması yazılıb. Baharlı adında dövlət yoxdur. Bunu dövrün heç bir qaynağı təsdiq etmir. Baharlı sülaləsi Qaraqoyunlu tayfa ittifaqına daxil olan 13 tayfadan biridir. Ancaq sülalənin başında Barani durur. 15-ci əsr mənbələrində də Qara Yusif Barani, Cahanşah Barani kimi tanınır. Əbubəkr Tehrani həm Əmir Teymurun oğlu Şahruxun, həm Qaraqoyunlu hökmdarı Cahanşahın sarayında, 1460-cı illərin sonunda isə Həsən Padşahın sarayında fəaliyyət göstərib və onun göstərişi ilə “Kitab-i Diyarbəkriyyə”ni yazıb.O Cahanaşahın nəsəbini səhv yaza bilməzdi.
“Baran” qədim türkcədə qoç, qüvvət mənasını verirdi. Şərqi Anadoluda bu söz indi də həmin mənanı verir. Fars dilində isə “baran” leysan yağış deməkdir, qoç və qüvvətlə heç bir əlaqəsi yoxdur. Ağqoyunlularda isə başlıca sülalə bayaq qeyd etdiyim ki, Bayandurlulardır. Həsən Padşah Fateh II Mehmedə göndərdiyi məktubunda yazır ki, necə özünü türk hökmdarı hesab edirsən ki, sənin ölkəndə türklərə qarşı qeyri-müsəlmanlar kimi davranılır, onlardan xərac alınır. Həsən Padşah türk dilinə xüsusi önəm verirdi. Mövlananın “Məsnəvisi”nin, Aşıq Paşazadənin “Qəribnaməsi”nin onun kitabxanasında olması, Quranın türkcəyə tərcümə etdirməsi bunu bir daha təsdiq edir.
Həsən Padşahın şəxsi kitabxanasında çalışan müxtəlif vəzifə sahiblərinin 58 nəfər olduğunu nəzərə alsaq, bu böyük Azərbaycan hökmdarının elmə necə böyük hörmət bəslədiyinin şahidi oluruq. Ağqoyunlu hökmdarı hərbi səfərlərində “Əhli tarab” adını verdiyi və 98 nəfərdən ibarət olan saz heyətini həmişə yanında aparırdı.
Fuad Babayev: Qərb tarixşünaslığında Həsən Padşaha münasibət necədir?
Tofiq Nəcəfli: Həsən Padşah Qərb tarixşünaslığında müəyyən qədər tədqiqata cəlb olunub. Ən mühümü Con Vudsun 1974-cü ildə müdadiə etdiyi doktorluq işidir. Bayaq qeyd etdiyimiz “Ağqoyunlular – Tayfa, Konfederasiya, İmperiya”kitabı 1976-cı ildə nəşr edilib, 1993-cü ildə türk dilinə tərcümə olunub. Bu kitab Azərbaycan dilinə tərcümə edilsə də indiyə kimi onun çapını gerçəkləşdirə bilməmişik.
Fuad Babayev: Həsən Padşahın anadan olmasının 600 illiyi qeyd olunduğu bir ildə həmin kitabın nəşrinin vaxtı deyilmi?
Tofiq Nəcəfli: Bu məsələni mən bir daha gündəmə gətirəcəm. Alman tədqiqatçısı Valter Hins öz əsərində (Uzun Həsən və Şeyx Cüneyd – red.) Ağqoyunlu, daha sonra Səfəvi imperiyasını İranda milli dövlətçiliyin bərpası kimi təqdim edib. Ağqoyunlular və Səfəvilər Sasani sərhədlərini bərpa etdiyi üçün Hins bu amili ön plana çəkir. Təbii ki, bu arqumentin gerçəkliklə heç bir əlaqəsi yoxdur. İranın Kembric tarixində də Həsən Padşah haqqında müəyyən məsələlərə yer ayrılıb, Ağqoyunlu dönəmi türkman dövrü kimi işıqlandırılıb. İranda və bölgədə türk amili mühüm əhəmiyyətə malik olub.
Maraqlıdır ki, İbrahim Gülşəni Təbrizə dəvət ediləndə dövrünün tanınmış şeyxlərindən dərs almaq üçün Xorasana getmək istəyirmiş. Amma Həsən Padşahın Qazıəsgəri Molla Həsən ona məsləhət bilib ki, Xorasana getməyə nə ehtiyac var, dövrün bütün şeyxləri saraydadır. Yeri gəlmişkən, İbrahim Gülşəni haqqında maraqlı bir əhvalat danışmaq istəyirəm.
Vaxtilə Təbriz qazısı Şərafəddin xalqa zülm edilməsini nəzərdə tutan və üzərində Həsən Padşahın möhürü olan xüsusi bir fərman hazırlatdırır. Divanda bu fərmanı oxuyan İbrahim Gülşəni məclisdəkilərdən soruşub: “Siz necə fikirləşirsiniz, belə bir fərmanın üzərində Adil hökmdar kimi tanınan Həsən Padşahın möhürü vurula bilərmi?” Divan üzvlərinin susduğunu görən Gülşəni: “Mənim tanrıdan başqa heç kimdən qorxum yoxdur. Sultanın möhürünün belə bir zülmnamədə olması uyğun deyildir” deyərək onun möhür qismini qoparıb öpdükdən sonra çalmasına taxıb. Cırılmış fərmanı alan Şərafəddin sultana şikayət edib və yenidən divanda sultanın iştirakı ilə müzakirə olunub. Gülşəni deyib ki, mən sultanın fərmanını cırmadım, əksinə onun möhürü zülm hökmünün üzərinə vurulmuşdu, onu ayırdım. “Sultanın adı budur” deyərək onu çıxarıb təqdim edib. Bu hadisədən sonra Həsən Padşah İbrahim Gülşəniyə “tərxan” rütbəsi verib.
Fuad Babayev: Bu dövrün tədqiqatçısı kimi media mənsublarına nə tövsiyə edirsiniz?
Tofiq Nəcəfli: Həsən Padşahın “Qanunnamə”sinin izləri dövrümüzə kimi gəlib çatıb. Bu mühüm sənədin əhəmyyətinə xusisi diqqət ayrılmasını tövsiyə edərdim. Bu “Qanunnamə” demək olar ki, yüz ilə yaxın Osmanlı dövlətində və onun Şərqi Anadoludakı 9 mühüm vilayətində istifadə olunub. Eyni zamanda yüz ilə yaxın, yəni 1557-ci ilə qədər Səfəvi dövlətində əsas kimi qəbul edilib. Həsən Padşahın “Qanunnamə”sinə Abdullah b. Fətullah Bağdadinin əsərində rast gəlirik. Abdullah Bağdadi tarixə həm də Qiyasi kimi düşüb. Onun“Tarixi Qiyasi” adlı əsəri 2010-cu ildə Beyrutda yenidən nəşr edilib. Biz bu məsələlərə orta və ali məktəb dərsliklərində də yer ayırmışıq. Həsən Padşahın «Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan torpaq və tamğa vergilərini qaydaya salmağı nəzərdə tuturdu. “Qanunnamə” torpaq vergisini azaldaraq məhsulun həcminin 1/6-i qədər müəyyən etdi. Tacirlərdən alınan gömrük vergisini, yəni tamğa vergisini Həsən Padşah ləğv etmək istəyirdi. Lakin əmirlərin etirazı ilə onu iyirmidə bir səviyyəyə salaraq (1/20) 20 dirhəmdən 1 dirhəmə endirdi.Xalqın şikayətlərini dinləmək üçün sarayda məclislər təşkil edirdi. İlk növbədə sıravi şəxslərin şikayəti dinlənərək həlli üçün yerindəcə qərar verilirdi.
XV əsrdə “Qanunnamə”nin hazırlanması və ona əməl edilməsi, cəmiyyətdə ədalətin qorunub saxlanılması Ağqoyunlu hökmdarının adı ilə bağlıdır. Ona görə də rəsmi tarixşünaslıqda Həsən Padşah Adil Sultan Əbu Nəsr Həsən Bahadur kimi tanınır. Ağqoyunlu hökmdarının əldə etdiyi qələbələri, onun cahangirliyini vəsf etmək üçün Həsən Padşah Qalib Sultan kimi də təqdim edilib.
Fuad Babayev: Səbuhi müəllim, söhbətimizin sonunda Heydər Əliyev Mərkəzində Həsən Padşahla bağlı təşkil ediləcək sərgi haqqında bir daha məlumat verməyinizi istərdim. Siz qeyd etdiniz ki, sərgi bu il noyabrın 1-dən gələn il yanvarın 17-nə kimi fəaliyyət göstətəcək. Sərgiyə giriş sərbəst olacaq?
Səbuhi Əhmədov: Heydər Əliyev Mərkəzi çoxfunksiyalı zallara malik universal xarakterli binadır. Orada eyni vaxtda müxtəlif səpkili tədbirlər – konsert, simpozium, sərgi və s. keçirmək mümkündür.Amma bununla yanaşı orada həm daimi, həm də müvəqqəti ekspozisiyalar fəaliyyət göstərir. Mən Mərkəzin daimi ekspozisiyalarının bir neçəsi haqqında məlumat vermək istərdim.
“Azərbaycan inciləri”sərgisndə etnoqrafiya, tarix və arxeologiya ilə bağlı eksponatlar nümayış etdirilir. “Musiqi alətləri: birlik və müxtəliflik” sərgimizdə Azərbaycanın musiqi alətləri və onların dünyadakı analoqları ilə tanış olmaq mümkündür. Yüksək peşəkarlıqla hazırlanmış “Kukla incəsənətdə”sərgimiz də daimi ekspozisiyamıza daxildir. Demək istədiyim odur ki, bir bilet əldə etməklə sadaladığım sərgilər hamısına baxmaq mümkündür. Noyabrın 1-dən yanvarın 17-nı kimi fəaliyyət göstərəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi də həmin biletə daxildir. Biz miniatıür rəsmlərdəki Həsən Padşahın təsviri əsasında Həsən Padşahın mumdan fiqurunu hazırlayırıq. Rəssamlıq Akademiyasına tövsiyə etmişik ki, sərgi müddətində rəssam və heykəltaraşlar arasında Uzun Həsən obrazı ilə bağlı müsabiqə keçirsin.
Bundan başqa sərgi çərçivəsində “Azərpoçt”un təqim edəcəyi yeni markada Uzun Həsənin tuğrasının (Gerb, dövlət nişanı – red.) təsviri və Təbrizin Cümə məscidinin ornamentləri əks olunacaq, Eyni zamanda “AzerGold”un xüsusi olaraq zərb etdiyi qızıl sikkənin də sərgidə nümayiş olunması nəzərdə tutulur.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 21 sentyabr 2023-cü ildə baş tutub.