Suallarımızı tarix elmləri doktoru Vəfa Quliyeva cavablandırdı.
– Biz bu gün İçərişəhər haqqında olan informasiyanı adi insanlara, Bakıda yaşayanlara, bölgələrdən Bakıya gələnlərə, yaxın-uzaq xaricdən gələn insanlara obyektiv çatdıra bilirikmi? Qız qalasının yaşından tutmuş, qala divarlarının struktur dəyişikliklərinə kimi bütün bunları yığcam şəkildə insanlara çatdıra bilirikmi?
– Bəli. On ildir mən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışıram. Rəisin elmi işlər üzrə müaviniyəm. Bu istiqamətdə əsas işlər mənim səlahiyyətimə aiddir. Biz İçərişəhərdə turist marşrutlarını müəyyən etmişik. Əsas abidələr Qoşa Qala qapılarından Qız Qalasına qədər olan ərazidədir. Asəf Zeynallı küçəsindən Məhəmməd məscidinə, Şirvanşahlar saray kompleksinə qədər olan marşrut üzrə bütün tarixi abidələri müəyyən etmişik. Biz bilirik ki, Şirvanın çox zəngin tarixi var. Şirvanşahlar min il ərzində Azərbaycanda qüdrətli feodal dövlət olub. Şirvanşahlar dövlətini bizim dövlətçilik rəmzi kimi, dövlətçilik ənənəsi kimi qəbul edirik. Azərbaycanın cənubunda min il ərzində neçə-neçə feodal dövlət biri-birini əvəz edib, amma şimalında Şirvanşahlar dövləti olub və müəyyən tarixi dövrlərdə Cənubi Dağıstanı, Dərbəndi əhatə edib. Sovet tarixşünaslığında Dağıstan alimləri müəyyən dövrə qədər bu faktı qəbul edirdilər. SSRİ dağıldıqdan sonra tarix elmində mənfi bir tendensiya yarandı. Yəni köhnə konsepsiyalar qırağa qoyuldu. O zaman biz Dağıstan alimlərinin regiondakı tarixi proseslərə qeyri-obyektiv, qeyri-tarixi baxışını hiss etdik. Hazırda biz “Şirvan tarixinə yeni baxış. Faktlar, mülahizələr” adlı beynəlxalq konfrans üzərində iş aparırıq. Konfransı bu ilin yay-payız aylarında keçirməyi nəzərdə tutmuşuq, işin gedişi ilə əlaqədar tarix dəqiqləşdiriləcək. Rusiya, Türkiyə, İran, Gürcüstan, Misir alimləri bizim bu çağırışımıza qoşulublar. Onların əksəriyyəti konfransda əyani iştirak edəcəklər. Onların artıq 95 məruzəsi toplanılıb və toplu üzərində iş bitib. Biz Şirvanın ədəbi mühiti, sufizm tarixi ilə bağlı çox maraqlı məruzələr toplamışıq. Toplunu konfransa qədər nəşr edəcəyik. Məni sevindirən fakt odur ki, artıq Rusiya və Dağıstan alimləri öz mühazirələrində Şirvanşahlar dövlətinin Cənubi Qafqazın və Dağıstanın iqtisadi-siyasi baxımından inkişafında çox böyük rolunu qeyd edirlər. Mən hesab edirəm ki, bu mühüm məsələdir.
– Vəfa xanım, bəs elmdən uzaq, adi insanlara İçərişəhəri təqdim edə bilirikmi?
– İstər öz vətəndaşlarımız, istərsə də xarici turistlər İçərişəhərə çox gəlirlər. İdarəmizin elmi-mədəni mərkəzinin xüsusi şöbəsi bu istiqamətdə fəaliyyət göstərir. Bizim Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən bələdçilərimiz var. Son araşdırmalarımız nəticəsində əldə etdiyimiz materiallardan bələdçi mətnlərində istifadə edirik.
– Sizin Qənirə xanım Pirquliyevanın həmmüəllifliyi ilə “Azərbaycan” qəzetində (red. -18 noyabr 2017-ci il tarixdə) çap olunmuş məqalənizin adı belədir: “Sirlərlə dolu İçərişəhər”. Qısa desək, hansı sirlərdən söhbət gedə bilər? İçərişəhərdə hansısa sirlər qalıb?
– Bizim məqaləmizin adı “Azərbaycan tolerantlıq məkanı” idi, redaksiyada bu ad dəyişdirilib.
– Amma, sirrlər var İçərişəhərdə?
– Artıq İçərişəhərdə sirlərin çoxu açılıb. Biz o, istiqamətdə tədqiqatlar aparırıq. Qız qalasının tarixinə gəldikdə memarlar onun tarixini VI əsrlə əlaqələndirirlər. Çünki onun yuxarı hissəsi memarlıq quruluşu baxımından Çıraqqala ilə eynilik təşkil edir, Çıraqqala isə Sasanilər dövrünə aiddir.
– Qalaaltındakı Çıraqqalanı nəzərdə tutursunuz?
– Bəli, Şabrandakı. Alimlərin bir çox hissəsi Qız qalasının tarixini VI-XII əsrlərə aid edirlər. XII əsrə aid etmələrinin səbəbi isə memarlıq abidəsinin üzərindəki kufi xətti ilə əlaqələndirilir. Kufi xəttinə Azərbaycanda XI-XIV əsrə qədər rast gəlinib.
– Bəs tikinti texnikası? Daşların bir-birinə birləşdirilməsində istifadə olunan materiallar nöqteyi-nəzərindən?
– Memarlar bu abidəni XII əsrə aid edirlər. Biz Qız qalasının tarixini niyə eramızdan əvvəl VIII-VII əsrlərə aparırıq? Çünki, Qız qalasının ətrafı atəşpərəstlik məbədlərinin qalıqları ilə doludur. Biz hesab edirik ki, tarixi reallıqlar dəyişdikdə ola bilsin abidənin funksional vəzifəsi də dəyişib. Yəni onun yuxarı hissəsi əlavə olaraq sonradan tikilib və orta əsrlərdə müdafiə qalası kimi istifadə olunub. Amma bu abidənin əzəli ön hissəsində sıra tağlı dini memarlıq kompleksi var. Hazırda orada bizim bədii daşyonma sənəti nümunələri nümayiş olunur. 1964-cü ildə həmin ərazidə təmir işləri aparılarkən yerin altında abidə aşkar olundu və bu da arxeoloji qazıntılara rəvac verdi. Yerin altından Sıra tağlı abidə və Hacı Bani hamamı aşkar edildi. Oradan 4,5 metr dərinlikdə səkkizguşəli üç pilləli daş sütun çıxdı. Həmin daş sütunun ortası oyuq idi, orada his izləri qalmışdı. Arxeoloqlar ehtimal edirlər ki, atəşpərəstlik dövründə burada qurbangah olub. Bundan başqa abidənin üzərində XII əsrin mədəni təbəqəsinə aid 2,5 metrlik 52 məzar aşkar edilib. Qız qalasının qabağında, ötən əsrin 90-cı illərdə arxeoloq Fərhad İbrahimov məscid qalıqlarını (red. – körpünün altında olan abidə) aşkar etdi.
– Qız qalası Bakının rəmzlərində, müxtəlif suvenirlərdə bizim öyrəşdiyimiz müdafiə istehkamı obrazına nə zamandan düşüb?
– Ola bilsin ki, XII əsrdən bu formaya düşüb.
– Amma əvvəl məbədgah olub.
– Biz ehtimal edirik ki, əvvəl aşağı hissəsi məbəd kimi fəaliyyət göstərib. Heç yerdə, heç bir mənbədə bu barədə məlumat yoxdur.
– Şirvanşahlar sarayının xanəgah olması fərziyyəsinə necə baxırsınız?
– Xeyr, mən bu fərziyyəni qəbul edə bilmirəm. Fərziyyə irəli sürürlər ki, Şirvanşahlar sarayı Seyid Yəhya Bakuvinin xanəgahı olub.
– Onun məzarı oradadır?
– Orada məzar aşkar olunmayıb.
– Bəs o türbə nədir?
– Bütün ədəbiyyatlarda ora Dərviş türbəsi kimi göstərilir. O türbədə arxeoloji qazıntılar aparılıb və orada məzar aşkar olunmayıb. Bu fərziyyəni irəli sürənlər Bakıxanova istinad edirlər. Bakıxanov yazıb ki, Seyid Yəhya Bakuvinin Bakıda türbəsi, xanəgahı olub, hətta onun oğlunun məzarı da həmin yerdədir. Amma bu məkanda biz məzar tapmadıq. Bundan başqa sarayda heç vaxt sufi xanəgahı fəaliyyət göstərə bilməzdi. Məşədixanım Nemət Azərbaycanda sufizmi geniş tədqiq edib. O sufizmin müəyyən ocaqlarını aşkar edib. Sufi ocaqları Azərbaycan ərazisində indiyə qədər pir kimi fəaliyyət göstərir və insanlar onlara sitayiş edirlərlər. Məşədixanım Nemət həmçinin sufizmin siyasi tarixini tətqiq edib və müəyyən edib ki, sufi şeyxləri Şirvanşahlara bir çox dövrlərdə müxalif olublar. Sufi ocaqlarına indiyə qədər sitayiş edilməsinin səbəbi onların bir ideoloji qüvvə kimi xalqa yardım etməsi olub. İslam ideoloji bir qüvvə idi. Onun daşıyıcıları da ruhanilər, o cümlədən sufilər olub. Sufilər ideoloji qüvvə kimi çox böyük sosial bazaya malik olublar. Heç zaman sarayda sufi xanəgahı fəaliyyət göstərə bilməzdi. Şirvanşahların ailəvi məzarı oradadır. Bu məzar xanəgahda niyə yerləşməlidir? Türklər də, Səfəvilər də ilk növbədə Şirvanşahlar sarayını tutub dağıdıblar. Əgər ora xanəgah olsaydı onlar bunu etməzdilər. Şirvanşahlar sarayının sufi xanəgahı olduğunu iddia edənlərin tutarlı arqumentləri yoxdur.
– İçərişəhər sirlərinin əksəriyyəti ilə paylaşıb, bir hissəsi ilə də yəqin heç zaman paylaşa bilməyəcək.
– İçərişəhərin harasını qazırsansa, orada abidə aşkar olunur. Bura şəhər üzərndə şəhərdir.
– Hansı istiqamətlərdə işlər görmək məqsədəuyğundur?
– Qoşa qala qapısından İçərişəhərə gedən yolun sağ tərəfində böyük bir ərazidə qazıntılar aparılıb. Orada hamam aşkar olunub və həmin ərazidə Bakı xanlarının evi, malikanəsi yerləşirdi. Bu malikanə bizim zəmanəmizə uçuq-sökük vəziyyətdə gəlib çatıb. Biz Moskva, Leninqrad arxivlərindən o malikanənin planlarını aşkar edib gətirmişik. Həmin planlar əsasında orada bərpa işləri gedir. Biz planlaşdırırıq ki, o malikanəni bərpa edib əvvəliki vəziyyətinə saldıqdan sonra orada Bakı şəhərinin tarixi muzeyini açaq. Azərbaycan tarixi muzeyi var, rayonlarda Diyarşünaslıq muzeyləri var, amma Bakı tarixi muzeyi yoxdur. Ona görə də biz bu istiqamətdə iş aparırıq. İçərişəhərdən aşkar edilən arxeoloji materialların hamısı bu muzeydə olmalıdır. Bizim əsas vəzifəmiz Moskvanın, Peterburqun, Ermitajın fondlarında toplanan maddi mədəniyyət irsimizi ala bilməsək də, onların fotoşəklini və ya 3D formatda maketini muzeyimizdə nümayiş etdirə bilək. O muzeydə Bakı tarixinin zənginliyini göstərək. Biz bu istiqamətdə iş aparırıq. Bu işin çətinliyi odur ki, xaricdəki arxivlərə, fondlara, muzeylərə düşmək çox çətindir.
– Bu həm də böyük maliyyə tələb
– Sevindirici haldır ki, həm elmi araşdırmalar aparılır, həm də onun təbliği gedir. Biz ekskursiya mətnlərimizdə xaricdən gələn qonaqlara, öz vətəndaşlarımıza bunu təbliğ edirik.
– İçərişəhərə qonaq gətirən hər hansısa turizm şirkətinin bələdçilərinə nəzarət etmək imkanınız var?
– Turizm şirkətlərinin tur bələdçiləri çox zaman qeyri-düzgün informasiya verirlər.
– Onu tənzimləmək mümkün deyil?
– Çox təssüflər olsun ki, xeyr. Biz bu məsələ ilə bağlı təklif etdik ki, turizm bələdçilərini yoxlayaraq onlara müəyyən sertifikat verək və onlar İçərişəhərdə öz ekskursiyalarını bizim mətnlərimiz üzərində qursunlar. Amma bizə o hüquq verilmir.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az
Material 17 may 2018-ci ildə dərc olunub.