
Azərbaycanın İrandakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə bağlı “Vətən Fədailəri” adlı mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən məlumat verilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqının birliyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti ilə ərazi bütövlüyümüzün bərpası təmin edildi.
Səfir, döyüş meydanında məğlub duruma düşən Ermənistanın hər zaman olduğu kimi həmin dövrdə təxribatlara əl atdığını, davamlı şəkildə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə və digər yaşayış məntəqələrinə raket hücumları həyata keçirərək dinc əhaliyə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyini, günahsız insanları, qadın və uşaqları qətlə yetirdiyini bildirib.
Əli Əlizadə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində, daha sonra həyata keçirilən antiterror əməliyyatlarında Azərbaycanın 3000-dən artıq qəhrəman igidlərinin şəhidlik zirvəsinə ucaldığını deyib.
Diplomat tarixi ədaləti bərpa edən Azərbaycanın hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görüldüyünü qeyd edib.
O, İranın Azərbaycanla sərhəd ərazilərində yerləşən vilayətlərinin əhalisinin Vətən müharibəsi dövründə sərhəd kənarına toplaşaraq Azərbaycana göstərdiyi mənəvi dəstəyinin məmnunluqla xatırlandığını bildirib və bunun xalqlarımızın möhkəm həmrəyliyinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Mərasimdə 27 Sentyabr – Anım Gününün mahiyyəti və həqiqətlərini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.