Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni ilk dəfə raket atəşinə tutmasından üç il ötür.
AZƏRTAC xatırladır ki, 2020-ci il oktyabrın 4-də Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mülki əhali hədəfə alındı. Təxminən səhər saat 10 radələrində raket hücumları nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 dinc sakin yaralanıb. Erməni terroru nəticəsində yaşayış binaları ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Azərbaycan Respublikasının Baş prokurorunun hadisə ilə bağlı bəyanatında bildirilib ki, fakt üzrə qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1-ci, 116.0.6-cı, 116.0.7-ci, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1-ci, 120.2.4-cü, 120.2.12-ci (Qəsdən adam öldürmə), 186.3-cü (Əmlakı qəsdən məhv etmə), 214.2.1-ci, 214.2.3-cü (Terrorçuluq), 218.3-cü (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Ümumiyyətlə, 44 günlük müharibə dövründə Gəncəni oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.
AZƏRTAC – 04.10.2023