2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
6 oktyabr – müharibənin 10-cu günü
• Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin zirehli texnikalarını, atəşə dəstək və təminat vasitələrini məhv edib. Ermənistan silahlı qüvvələrinin daha 3 tankı, 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli, Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.
• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib.
• Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunub, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.
• Müdafiə Nazirliyi döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin atıb qaçması və bölmələrimizin məhv etdiyi silah və hərbi texnikaların görüntülərini yayıb.
• Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini paylaşıb.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.
• Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi və Horadiz şəhərlərini, Goranboy rayonunu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Ağdam rayonunun Səfərli qəsəbələrini, Böyükbəyli və Təzəkənd kəndlərini, cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan, raketlərdən və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin xain hücumuna məruz qalmış yaşayış məntəqələrində olub, çəkilişlər aparıblar.