2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
7 oktyabr – müharibənin 11-ci günü
• Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
• Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Ermənistan silahlı qüvvələrinin 10-dək tankı, 6 ədəd D-20 topu, həmçinin “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına və “Euronews” televiziyasına müsahibə verib.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb. Bildirilib ki, sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
• Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.
• Oktyabrın 7-si saat 18:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb, 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.
• Baş Prokurorluq Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayıb.
• Azərbaycan Bayrağı Cəbrayılın mərkəzində dalğalanır – AZƏRTAC-ın fotosu
• AZƏRTAC Cəbrayıl rayonunun azad olunmuş Mehdili və Şükürbəyli kəndlərindən ilk fotoları təqdim edib.