Şəhid ailələrinin və qazilərin sosial təminatı və problemlərinin həlli dövlətin əsas prioritetlərindəndir. “Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır”. Bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə bir daha bəyan edib.
Xalqımızın Qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə və müharibə başa çatandan dərhal sonra şəhid ailələri, müharibə iştirakçıları və xəsarət almış şəxslərlə bağlı ciddi tədbirlərin görülməsinə başlanıldı. Postmüharibə dövründə ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təşkili üçün sistematik və ardıcıl tədbirlər həyata keçirilir.
Bu barədə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə AZƏRTAC-a verdiyi müsahibədə deyib.
O, fikrinə davam edərək bildirib: “İlk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət edərək, lazımi məlumatlar toplayıb müvafiq sənədləşmələr aparıblar. Nazirliyin təşəbbüsü ilə Prezidentin aylıq təqaüdü və digər sosial müavinətlərin təyinatları aparılaraq, təqaüd kartları, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələri həmin ailələrə təqdim olunub. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları müvafiq dövlət qurumları ilə birgə bir çox qazının müayinəsini evdə apararaq, həmin şəxslərin əlilliyini təyin ediblər.
Həssas sosial qrupların mənafeyinin qorunması və xidmətin yüksəldilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb. Həmin mərkəzlərin fəaliyyətə başlamasından artıq 1 il keçir və ötən dövrdə 41 min şəxsə xidmət göstərilib. Bu mərkəzlər şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edir. Həssas sosial qrupdan olan şəxslərə 40-dək qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir”.
İctimai Birliyin sədri daha sonra deyib: “Dövlət tərəfindən aparılan sosial müdafiə tədbirlərinin həyata keçirilməsi ilə paralel olaraq bu xidmətlərin davamlı və yüksək səviyyədə aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən elektron bazanın formalaşdırlması işi aparılıb, çünki şəhid ailələrinin və qazilərin müxtəlif sosial müdafiə xidmətlərindən ardıcıl və ədalətli istifadəsi üçün vahid baza mühüm rol oynayır. Postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 2022-ci il iyulun 1-dək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib.
Həssas sosial qrupdan olan şəxslərə göstərilən mühüm dəstək mexanizmlərindən biri də şəhid ailələrinin və qazilərin mənzil və fərdi evlə təmin edilməsi və eyni zamanda qazilərin avtomobillə təminatıdır. Bu iki mexanizm müharibə aparan heç bir dövlətdə həyata keçirilməyən sosial müdafiə tədbiridir. Hər iki mexanizm tətbiqi son illər bir neçə dəfə genişlənib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili isə avtomobillə təmin olunub.
Prezident İlham Əliyevin göstərişi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti ilə müharibə ilə əlaqədar əlliliyi yaranan şəxslərin ən müasir 4-cü nəsil protezlə təminatı davamlı olaraq həyata keçirilib. Həmin protezlər kifayət qədər baha olsa da, yüksək funksionallığı ilə seçilir. Şəhid ailələrinə və qazilərə ödənilən müavinət və pensiyaların son bir neçə ildə dəfələrlə artırılması, eyni zamanda dövlətimizin iqtisadi gücü artdıqca həmin müavinətlərin həcminə yenidən baxılması həssas qrupdan olan şəxslərə diqqət və qayğı ilə yanaşı verilən mühüm qiymətin nəticəsidir. Həssas sosial qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyasına, bilik və bacarıqlarının inkişafına da böyük dəstək göstərir. Bu məqsədlə indiyə qədər 13 mindən çox qazi və şəhid ailəsi üzvünün məşğulluğu təmin edilib. Qazi və şəhid ailəsi üzvləri üçün həyata keçirilən sosial müdafiə tədbirləri geniş, əhatəli, şəffaf və əlçatandır. Onların sorğu və müraciətlərinə dərhal cavab verilir və ehtiyacları ilə əlaqədar tədbirlər görülür. Dövlət qurumları onu da nəzərə alırlar ki, şəhid ailələri və qazilərlə bağlı göstərilən xidmətlər bütün həssas qrup nümayəndələrini əhatə etməlidir. Ona görə də növbəlilik, daha çox ehtiyacı olanlara ilkin dəstək göstərilməsi çox vacibdir. Cəmiyyətin bütün sağlam qüvvələri həssas sosial qrupdan olan şəxslərin fikirlərinin dinlənilməsinə və düzgün istiqamətdə yönəldilməsinə kömək göstərməlidir”.