Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.
APA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Mərasimdə prezident İlham Əliyevçıxış edəcək, Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunacaq. Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri,UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcəklər.
Bu gün Forumun plenar iclası keçiriləcək. Plenar iclasda siyasi və dini liderlər, Nobel mükafatı laureatları, Dəyirmi masa rəhbərləri çıxış edəcəklər. Sentyabrın 30-da Forum çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında dəyirmi masalar keçiriləcək.
Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
Qeyd edək ki, 2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedev olublar.
http://www.apa.az/daxili_siyaset/v-baki-beynelxalq-humanitar-forumu-baslayib.html