Həmsöhbətimiz Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovdur.
– Vaqif müəllim öncə, öyrənmək istərdik ki, Sizin “Qara Dəniz və Xəzər Regionu üzrə Siyasi və Sosial Tədqiqatlar İnstitutunun erməni tərəfgirliyi” məqaləniz həmin institutun direktoru Vladimir Zaxarovu niyə bu qədər narahat edib?
– Vladimir Zaxarov 2009-cu ildə yaranmış Qara Dəniz və Xəzər Regionu üzrə Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktorudur, professordur. Amma Qafqaz problemləri ilə məşğul olan həmin institutun əməkdaşlarına nəzər salsanız, görə bilərsiniz ki, bunlar əsasən ruslardan və ermənilərdən ibarətdir. Digər postsovet ölkələrindən və Azərbaycandan bu institutda bir nəfər də çalışmır. Bu fakt nəyə görə mənim diqqətimi cəlb etdi? Onlar Qafqazla bağlı bir neçə kitabça buraxıblar. Və həmin kitabçalarda Azərbaycanın tarixi, yaxud müasir mövqeyi ilə, Qarabağla bağlı çox yanlış fikirlər var. Vladimir Zaxarov adi insan deyil. Müxtəlif ali məktəblərdə mühazirələr söyləyir, elmi nəşrlərdə, internetdə çıxışlar edir. Amma diqqət etdikdə görmək olur ki, onun birbaşa hədəfi Azərbaycandır. 2010-2012-ci illərdə onların nəşr etdirdikləri kitablarda Azərbaycanla, tariximiz, millətimiz, mədəniyyətimizlə bağlı saxtalaşdırılmış, təhqiramiz məlumatların yer alması məni narahat etdi. Ona görə də tarixi faktlardan ibarət məqalə ilə İnternetdə çıxış etdim və bildirdim ki, institutun himayəsi və Zaxarovun redaktorluğu ilə çıxan kitablarda ölkəmizlə bağlı yanlışlıqlar var. Həmin yanlışlıqları düzəltmək üçün Rusiya tarixçilərinə və Rusiya sənədlərinə müraciət etmələrini tövsiyə etdim. Bildirdim ki, onda görərsiniz ki, düzgün yazmırsınız və artıq siyasətə keçmisiniz. Hətta yazmışdım ki, qeyd olunan institutu erməni institutu adlandırsanız, daha düzgün olar və faktlarla bu qurumun ermənilərə xidmət etdiyini göstərmişəm. Başqa heç bir təhqiramiz ifadə yazmamışam. Sadəcə olaraq rus alimlərindən, arxivindən iqtibaslarla onların mövqeyinin yanlış olduğunu bildirmişəm.Vladimir Zaxarov isə öz jurnallarında və həmin qurumun saytında mənim məqaləmə “cavab” olaraq 20 səhifəlik məqalə dərc etdirmişdi. Məqalədə tarixi sənədləri təkzib etmək əvəzinə, onların üstündən sükutla keçərək, şəxsiyyətin təhqirinə, ölkəmizin ünvanına təhqiramiz ifadələrə yer ayırmışdı. Ən maraqlısı isə odur ki, bizim çap etdirdiyimiz məqalələrdən ermənilərin törətdikləri soyqırım, onların bu bölgəyə gəlişləri, rəsmi sənədlərlə bağlı böyük iqtibaslar verib və onları şərh etməyə çalışıb. Ən əsası odur ki, bizim məqaləmizdə ermənilərin və onlara dəstək verən rus alimlərinin mövqeyi ifşa olunub. Yazmışam ki, tarix həqiqəti sevir və bu həqiqət gec-tez üzə çıxır. İndi tarixi saxtalıqlardan təmizləmək əvəzinə, bəzi rus alimləri də ermənilərlə onlarla əl-ələ verərək Azərbaycan tarixinə qara yaxmaqla məşğuldurlar. Bu siyasət bu gün də davam edir, Rusiyada tariximizi təhrif edən məqalələr çap olunur, kitablar nəşr edilir və dünyaya yayılır. Bütün bunların qarşısını almaq isə bir məqalə ilə mümkün deyil və bu iş sistemli xrakter daşımalıdır. V.Zaxarovu hiddətləndirən isə o idi ki, onun institutunun nəşr etdirdiyi kitabların əsil mahiyyəti faş edilmişdi. Buna görə də belə aqressiv münasibət nümayiş etdirdi.
– Siz həm də 1918-ci ildə İran ərazisində (Cənubi Azərbaycanda) törədilmiş qırğınlarla bağlı əsərlərin müəllifisiniz. Türkiyə və Azərbaycan ərazilərinə iddia edən ermənilər bu ərazilərdə qırğın törədirdilər. Bəs İran ərazisindəki erməni qırğınlarında məqsəd nə idi?
– Türkiyədə və Şimali Azərbaycanda ermənilər kütləvi qətliam-soyqırım törədiblər. Hətta fars tarixi mənbələri, bəzi erməni alimləri və eləcə də amerikalı alim Makkartninin kitablarında da etiraf olunur ki, o dövrdəki hadisələr zamanı daha çox türklər qırılıb, nəinki ermənilər. Bu barədə istər Türkiyədə, istərsə də Azərbaycanda kifayət qədər tədqiqatlar aparılıb və əsərlər yazılıb. Cənubi Azərbaycanda, İran ərazisində də ermənilərin türk-müsəlmanları kütləvi surətdə qətlə yetirmələrinə bir zəncirin halqası kimi baxmaq lazımdır. Yəni ssenari hazırlanıb və ermənilərin biçdikləri “Böyük Ermənistan” xəritəsinin bir hissəsinə Urmiya, Xoy, Səlmas, Maku əraziləri də düşüb. Məqsəd Türkiyənin böyük bir hissəsində, Şimali Azərbaycanda və İranın bir hissəsində erməni dövləti qurmaqdan ibarət idi. Onların planına görə Azərbaycan-türk dövləti olmamalı idi. Bu proqram çoxdan hazırlanıb və burada nəzərdə tutulmuş tədbirlər müəyyən dövriliklə təkrarlanır. 1878-ci ildə “erməni məsələsi”nin İngiltərə, Fransa və Rusiyanın köməkliyi ilə başlandığı gündən həmin proses davam edir və Qərb dövlətləri müəyyən məqsədlər üçün bundan istifadə edir. Ermənilər də bir şey qazanmaq naminə fəaliyyətə başlayırlar. Və nəticədə də Azərbaycan və türk torpaqları hesabına erməni dövləti qurmağa nail olublar. 1914-1918-ci illərdə Birinci Dünya müharibəsi dövründə ermənilər Rusiya qoşunları tərkibində döyüşürdülər. Rusiyanın Antanta üzvü idi, bu blokun digər üzvü İngiltərə isə Mesopatamiyadan İran ərazisinə daxil olmuşdu. Rusiyanın da Qafqazda Türkiyə ilə döyüşməsi ermənilərə əllərində silah, arxalarında isə dəstəkçi dövlətlər olmaqla, türk-müsəlmanları qırmaq, onların ərazilərini isə qeyd olunan dövlətlərin köməyilə özününküləşdirmək üçün imkan yaratdı. Nəticədə ermənilər Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Cavanşir və Cəbrayılda, Şuşada, İrəvanda, Qarsda olduğu kimi, İran ərazisində Xoyda, Urmiyada, Makuda, Səlmasda rus, daha sonra isə ingilis silahının köməyi ilə kütləvi qətliamlar törətdilər. Əhməd bəy Kəsravi Azərbaycan tarixinə mənfi münasibət bəsləsə də etiraf edir ki, Urmiyada bir gün ərzində 10 mindən artıq türk-müsəlman qətlə yetirilib. Həm fars tarixçiləri, həm də Azərbaycan tarixçiləri bu barədə yazıblar. Həm Şimali Azərbaycanda, həm də Cənubi Azərbaycanda erməni cinayətləri – qarət və qətliamlar eyni ssenari əsasında törədilirdi.
– Müasir İran tarixşünaslığı bu hadisələri tədqiq edirmi?
– Əvvəllər İran ərazisində erməni qətliamları haqqında tədqiqatlar çox məhdud sayda idi. Son 20 il ərzində İranda yaşayan tarixçilər bu hadisə ilə bağlı sanballı kitablar ortaya qoyublar. Yeri gəlmişkən bu əsərlər Azərbaycan dilinə də tərcümə edilib. Məsələn, görkəmli tarixçi Səməd Sərdariniyənin “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabı, Məhbub Dadaşpurun “Kazım xan Quşçu” adlı monoqrafiyası çapdan çıxıb. Bu kitab mənim rəyimlə Azərbaycanda da çap olunub. Yəni az da olsa, cənubda da bu hadisələrlə bağlı kitab və monoqrafiyaların yazılması genişlənib. Halbuki əvvəllər bunlar yox dərəcəsində idi. Deyirlər, cidanı çuvalda gizləmək olmaz. Ermənilərin törətdikləri cinayətləri də ört-basdır etmək mümkün deyil.
– Vaqif müəllim, hadisələrin baş verdiyi dövrdə Rusiya və İngiltərə İran ərazisinə girmişdi. Amma hər halda rəsmi İran hökuməti hələ fəaliyyət göstərirdi. Rəsmi İran hakimiyyətinin öz ərazisində baş verən qətliamlara münasibəti necə idi?
– Yaxşı bu məsələyə toxundunuz. Əslində bu, hadisələrin maraqlı tərəfidir. Məhbub Dadaşpurun “Kazım xan Quşçu” əsərində 1915-1918-ci illərdə Qacarlar hakimiyyətinin bitərəf mövqeyi çox güclü şərh olunur. Qacarlar İngiltərə və Rusiyanın bir növ əsarəti altında idi – istər maliyyə cəhətindən, istərsə də hərbi, siyasi cəhətdən. Və nəsə bir qüvvə tətbiq etmək imkanı yox idi. İran Birinci Dünya müharibəsində bitərəfliyini elan etsə də, ərazisində müharibə gedirdi. Əlbəttə Qacarlar hakimiyyəti qırğınların qabağını ala bilərdi, lakin bu onların marağında və gücündə deyildi. Buna görə də müxtəlif azərbaycanlılar silaha sarılaraq, dəstələr yaradaraq əhalinin kütləvi qırğından qorunmasında iştirak etmişdilər. Belələrindən biri də həmin Kazım xan Quşçu idi. Qacarlar isə çox zəif idilər və Rusiya və İngiltərənin təsiri altında idilər. Bu təsir həm də uzun müddət davam etdi. İran tarixçiləri də etiraf edirdilər ki, Qacarlar çox zəif salınmışdı və yalnız formal hakimiyyətləri qalmışdı, onlar siyasi proseslərdən uzaqlaşdırılmışdılar. Qətliamlar zamanı da rəsmi hökumət qoşunları öz vətəndaşlarını qorumaq üçün göndərilməmişdi.
– 1905.az saytına tövsiyələrinizi dinləmək istərdik.
– 1905.az saytı həddindən artıq vacib bir işlə məşğul olur. Belə bir saytın açılması xəbərini çox razılıqla qarşıladım və onun işində iştirak etməyə də həmişə hazıram. Düşünürəm ki, Azərbaycan MEA-nın Tarix İnstitutu ilə də əlaqələr qurulmalıdır. Çünki İnstitutun direktoru, Azərbaycan MEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə biz də xeyli kitablar, sənədlər çap etdirmişik bu mövzuda. Həmçinin, Yaqub Mahmudovun təşəbbüsü ilə əməkdaşlarımız Moskvaya ezam olunaraq tariximizlə bağlı Rusiya arxivlərindən dəyərli materiallar gətiriblər. Tarix İnstitutu ilə əlaqələrin qurulması saytın da fəaliyyətini gücləndirərdi. Sizə uğurlar arzulayıram.
Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 24 sentyabr 2014-cü ildə dərc edilib