Hərbi əməliyyatların nəticəsi olaraq bildirmək istəyirəm ki, hazırda qoşunların təmas xəttində əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, düşmənin infrastrukturuna, canlı qüvvəsinə və hərbi texnikasına vurulan zərbələrin videogörüntülərinin cüzi bir hissəsi tərəfimizdən yayımlandı. Xalqımız əmin olsun ki, Azərbaycanın əsgər və zabitlərinin qanı yerdə qalmadı. Düşmənə sarsıdıcı zərbələr endirildi.
“Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən konkret addımlar atılır. Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin bir qrup ali rütbəli zabiti şəhid general-mayor Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Hər iki ailəyə Ali Baş Komandan tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatları təqdim edilib. Bununla yanaşı, son döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaq. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu son döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinə qayğı göstərilməsini nəzarətə götürüb”, – deyə polkovnik V.Dərgahlı qeyd edib.