«Kim insan qanı töksə, onun da qanı insan əli ilə töküləcək. Çünki Allah insanı öz surətinə görə yaradıb».
(«Tövrat»)
Çərşənbə axşamı
Narahat olma, Liza. Gəlib çıxmışam. Artıq buradayam, ana Vətənim sayılan, amma heç vaxt üzünü görmədiyim Qırmızı Qəsəbədə. Mən bura çatanda axşam idi, saat 16.50. Saat fərqi 2 saatdır. Orda – Qüdsdə demək, 14.50 imiş.
Qubaya mikroavtobusla yollandım. Bakıdan Qubaya məsafə elə də çox deyil, cəmi 168 kilometr. İki saata məsafəni qət etdik. Hətta məni Bakıdan gətirən mikroavtobusun sürücüsü Kamil Qubaya çatanda Qırmızı Qəsəbəyə girməmişdən öncə Quba şəhəri ilə də tanışlığımı təmin etdi. Bura – ölkənin əsas turizm məkanlarından sayılır, bütün dünyada öz alma bağları ilə tanınır. Burada dünyada təkrarı olmayan məşhur ağ alma yetişir (Təbii ki, səninçün gətirəcəyəm).
Liza, bu əyalət şəhərində yerləşən «Rixos» hotelini, qolf meydanını, «Cənnət bağı» adlanan istirahət guşəsini görsən, inan ki, ağzın açıla qalar.
Kamil təəssüfləndi ki, heyif, payızda gəlmisən. Mövsümdə gəlsəydim məni məşhur gəzinti yerlərinə, üstəlik də dəniz səviyyəsindən 2500 km yüksəklikdə yerləşən, orta əsrlərdən dəyişməyən, dünyada öz ayrıca dili mövcud olan yeganə kəndə – unikal Xınalıq kəndinə aparacaqmış…
İnşallah, növbəti dəfə gələndə mütləq yayda gələcəyəm ki, həmin yerləri görüm.
Qırmızı Qəsəbə – mənim ana yurdum Qubanın bir qəsəbəsidir, Qudyalçay adlı çayın sahili boyunca uzanır. Babam Davudla nənəm Sara məni qapılarının kəndarında görəndə şoka düşdülər. Onlar son dəfə dörd ay əvvəl İsraildə olublar, ağıllarına belə gəlməzdi ki, mən xəbərsiz-ətərsiz durub Qırmızı Qəsəbəyə gəlim.
Nabələd olduğum üçün mənim bura tək gəlmək fikrimi eşidəndə anam çox narahat olmuşdu. Axı necə olmasa da, Azərbaycan – bir müsəlman dövlətidir. İsrail isə müsəlman Fələstinlə müharibə şəraitində yaşayır. Anam qorxurdu yəhudi olduğumçün burada mənə xətər toxunar. Ancaq əsla belə bir təhlükə yoxdur. Burada insanlar çox mehriban, qonaqpərvərdirlər, dini ayrı-seçkilik qətiyyən hiss etməzsən.
Atamla anam Qırmızı Qəsəbəni düz 26 il öncə tərk edib İsrailə gediblər. Bildiyin kimi, mən İsraildə doğulmuşam. Bununla belə, indi burada özümü balıq suda hiss edən kimi hiss edirəm.
Liza, insanın vətəni özü doğulan torpaqdırsa, ana vətəni əcdadlarının doğulduğu torpaqdır. Odur ki, ağlım kəsəndən Qırmızı Qəsəbə məni çəkib. Həmişə arzulamışam bura gəlməyi.
Allaha çox şükür, bu mənə qismət oldu. Biz İsraildə yaşasaq da, bu qəsəbəylə sıx bağlıyıq. Ata-anam gəlib gedirlər bura. Baba-nənəm də İsrailə tez-tez gedirlər. Sənə indiyə qədər deməmişdim, mənə babamın 1918-ci ildə rəhmətə getmiş doğma əmisi Raufun şərəfinə Rauf adı qoyublar. Yazıq nişanlıymış, toyu ərəfəsində – 21 yaşında vəfat eləyib. Çox yaraşıqlı, pəhləvan cüssəli gənc imiş. Yeri gəlmişkən, sabah babamdan öyrənəcəyəm, görüm Rauf hansı səbəbdən belə gənc yaşında dünyasını dəyişib.
Yorğun olduğuma və axşamüstü gəldiyimə görə qəsəbəni gəzə bilmədim. Sabah, inşallah, doyunca gəzərəm. Ancaq elə babamgilin təmiz və yaraşıqlı küçəsini, gözəl mülklərini, baba-nənəmin, bizimlə görüşə gələn qohum-qonşunun milli xüsusiyyətləri və adət-ənənələri necə qoruyub-saxlamasını görməyim məni qanadlandırdı. Üstəlik, bir toyun iştirakçısı olaraq bəylə-gəlini təbrik etməyə də macal tapdım (O gün olsun, bizimçün də olsun).
Liza, əminəm ki, sən geniş dünyagörüşlü bir yəhudi xanımı olaraq mütləq buranı görməlisən. Nəzərə alanda ki, bura həm də sənin gələcək həyat yoldaşının vətənidir, onda bura gəlməyə, demək, ikiqat borclusan (Yeri gəlmişkən, gələcək həyat yoldaşın artıq səninçün darıxmağa başlayıb).
Bir dayan. Mən axı Bakı təəssüratlarımı söyləməmiş birbaşa Qubaya keçdim. Qayıdıram Bakıya.
Azərbaycan kifayət qədər inkişaf etmiş ölkəymiş, onun paytaxtı Bakı isə biz təsəvvür edəcəyimizdən xeyli gözəl və modern bir şəhər imiş. İnan ki, elə bildim Parisdəyəm. Vaxt az olduğuna görə şəhərin cəmi bir istiqamətini – Neftçilər prospekti boyunca sahilkənarı hissəsini gəzə bildim. Ancaq bir bilsən, nələri gördüm. Fantastik tikili adlandlırılacaq üç şüşə konstruksiyalı göydələndən ibarət Alov qüllələrini, tarixin daş yaddaşını özündə qoruyan əsrarəngiz Qız Qalasını, əyləncələrlə, sürprizlərlə dolu olan bulvarı, ən populyar dünya brendlərinin butiklərini, ultramüasir ticarət mərkəzi olan Park-Bulvarı sevə-sevə gəzdim.
İndi isə yenidən qayıdıram Qırmızı Qəsəbəyə. Bizim dağ yəhudilərinin çox maraqlı xüsusiyyətləri var. Dərhal geyimdən başlayım, nişanlımın dəb aludəçisi olduğunu unutmağa haqqım yoxdur. Gənclər (əfsus ki, onların sayı çox azdır, əksəriyyət İsrailə, ABŞ-a, Rusiyaya gedib, burada yaşayanların əsas hissəsi yaşlı adamlardır) Avropa dəbinə uyğun geyinirlər.
Yaşlılar isə əsl Şərq, Qafqaz və yəhudi kaloritini birləşdirərək milli libaslar geyirlər. Qadınlar enli don geyir, kəmər taxırlar. Ayaqlarında rəngbərəng toxunma corab olur, başlarına çutku taxırlar. Sırğa, üzük, qolbaq gəzdirirlər, saç və dırnaqlarına xına vururlar. Kişilər də saqqallarına xına vururlar, çuxa geyir, bayram libasında toqqalarına xəncər taxırlar.
Evləri çoxotaqlı olur. Otaq boyu divarda taxta rəflər qoyulur, üstünə saxsı, şüşə və tunc qablar düzülür. Divarlara iri şal vurulur, güzgü vurulur, silah asılır. Yerə xalça-palaz döşənir, künclərdə yorğan-döşək, iri sandıq qoyulur.
Liza, keçək mətbəxə. Bizimkilərin yeməklərini yesən, inan ki, barmaqlarının onunu da yalayarsan. Mətbəxlərində yeməklər 4 yerə bölünür: ətli, südlü, xəmir və bitki mənşəli.
Sara nənəm mənə düşbərə bişirdi. Sirkə-sarımsaqla. Bilirsən, necə ləzzət elədi? Sabaha xəngəl, biri günə də plov söz verib. Ay da, cümə qayıtmalıyam. Amma bir neçə saata bura elə öyrəşmişəm ki, heç buradan getmək istəmirəm.
Babam yeddiillik qırmızı ev şərabı qoydu masaya. İki şüşə boşaltdıq. Daha doğrusu, mən cəmi iki stəkan içdim, qalanının əziyyətini babam çəkdi. Deyəndə, baba, ziyan edər, çox içmə, kişinin xətrinə dəydi. Dedi, «dağ yəhudisi çox içər, amma heç vaxt yıxılmaz!». Doğrudan da, o qədər içən kişinin halında deynən heç dəyişiklik oldumu? Nitqi səlist, məntiqli! Özü ayıqdan da ayıq!
Liza, burada yemək öncəsi qonağa su və dəsmal verilir, əlini yuyub süfrəyə əyləşirsən. Ev sahibi dua oxuyur. Sonra çörəyi süfrə arxasında neçə nəfər varsa o sayda bölür. Hamı özlüyündə dua oxuyub çörək payını götürür, üç dəfə duza batırıb dişləm alır.
Dağ yəhudilərinin xüsusi qonaqpərvərliyi var, evin yuxarı hissəsi, ən təmiz, ən yaxşı otaq qonağındır.
Oyy… Bağışla, əzizim Liza. Sənin fikrin toyun yanındadır, mənsə hələ də toya keçməmişəm. Keçirəm. Toy bizim uzaq qohumların idi. Nənəmin xalası qızının nəvəsi evlənirdi.
Yudaizm icazə vermir digər dinlərlə ailə qurmağa. Bizim qohum da elə öz qohumlarından qız alırdı.
Əvvəllər burada 7 gün toy olarmış, indi cəmi 2 gün olur. Oğlan öncə qız evinə kalın – yəni haqq ödəyir, bol hədiyyə yollayır. Sinilərdə qızıl və gümüş, zinyət əşyaları, gözqaytaran şeylər göndərilir.
Toyda Ravvin də iştirak edir. Toyqabağı sinaqoqun həyətində kəbin mərasimi keçirilir. Bəylə-gəlini şahidlər əhatə edir. Bəylə-gəlin şərab badələrini toqquşdurub qurtumlayırlar, sonra üzüktaxma baş verir. Ravvin dua oxuyub kəbini kəsir.
Hamı arzulayır ki, 9 aydan sonra yeni evlənənlərin oğlu olsun, ata yeni şərab küpünü açsın, 8-ci gün isə şad-xürrəm yeni dağ yəhudisi vətəndaşının sünnətini etsinlər.
Liza, redaksiyada nə var, nə yox? Mənim yoxluğumu necə hiss edirsiniz orada? Bayaq beş-on dəqiqəlik məqam tapıb xəbərlərlə tanış oldum. Knessetdəki qızğın debatlardan, şekelin dollara münasibətdə kursunun dəyişilməsindən, Qüdsdəki sürətli tramvay sisteminin digər bölgələrdə də tətbiq ediləcyindən, kənd təsərrüfatında sitrus, tərəvəz və pambıq üzrə məhsuldarlığın artmasından, turizmdən gəlirin 40 milyard şekeldən çox olacağının proqnozlaşdırılmasından, quraqlığın, sənaye tullantılarının və əhali sıxlığının yaratdığı ekoloji problemlərdən, Xayfanın şimalındakı neft-qaz geoloji kəşfiyyat işləri ilə bağlı Livanla yaşanan gərginlikdən xəbər tutdum. Ən əsası, Fələstinlə münasibətdə müsbət meyillilik olması xəbəri məni çox sevindirdi. Əlbəttə ki, müharibdə olmasa yaxşı olar. Kim istəyər ki, şəhərlər, kəndlər viran qalsın, insanlar öldürülsün?
Liza, yeri gəlmişkən, səndən ötən həftə borc pul istəyən xallı rəfiqənə (hər dəfə adını unuduram) mütləq pul ver, xahiş edirəm. Hələ mən deyərdim ki, borc kimi də yox, təmənnasız ver. Sən ver, mən gələndə sənə qaytararam. Burada insanlar heç bilirsən bir-birilərinə necə əl tuturlar? Çox şey öyrəniləsidir bunlardan. Babam bir imkansızın cibinə pul basandan sonra mənə «Tövrat»dan belə bir şey söylədi: «Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Üzüm bağında tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları götürməyin. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm».
Nənəm çağırır. Gecdir. İkinin yarısıdır (Sizdə hələ on ikinin yarısıdır). Gedim yatım. Yorğunam. Sabah gecə yenə günümün təəssüratını elektron ünvanına yazacağam. Öpdüm. Gecən xeyrə qalsın!
Çərşənbə
Canım, gecən xeyir! Necəsən, nə var-nə yox? Mən yaxşıyam. Göylərdəyəm. Bir bilsən, buralara necə vurulmuşam.
Qudyalçayın üzərindəki körpü Quba ilə Qırmızı Qəsəbəni bir-biriylə birləşdirir. Qəsəbəyə girən kimi lk olaraq gözünə orta məktəb görünür. Bəlkə də, qəsdən məktəbi girişdə tikiblər ki, qoy bura gələnlər ilk olaraq elm məbədində biliklərin sirlərinə yiyələnən kiçik dağ yəhudilərini görsünlər…
Qəsəbənin mərkəzi küçəsi Fətəli xanın adını daşıyır. Bu, bir vaxtlar burada dağ yəhudilərinə sığınacaq vermiş, onları himayəsinə götürmüş Quba xanının adıdır. Küçənin hər iki tərəfindən gözoxşayan, təmtəraqlı evlər sıralanır. Biri digərindən gözəldir. Demək olar ki, hər bir evin damında altıguşəli ulduz parlayır. Havayı yerə buranı Qafqazın Qüdsü adlandırmırlar ki.
Liza, burada bir neçə sinaqoq var. Mən Davud babamgilin evinin yanındakı sinaqoqa gedəndə Ravvin içəridəki insanlara «Tövrat»dan hekayət söyləyirdi:
– Belə olduqda Musa peybəmbər dedi: «Əgər bu adamlar hər kəsin olduğu kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. Lakin rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». Musa peyğəmbər bütün bunları danışıb qurtaran kimi yer yarıldı. Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün malları uddu. Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər…»
Ravvin elə bir ahənglə bunları söyləyirdi ki, onun sözlərinin sehrinə düşməmək olmurdu.
Mərasimdən sonra o, mənə «Zəbur» kitabını bağışladı. Dedi, «Zəbur»da insan duyğuları bütün dolğunluğu ilə təsvir edilir. Həyat həqiqəti, Allah məhəbbəti sarsılmaz imanla bağlanır. İnsan hansı vəziyyətə düşərsə düşsün, Allah onunladır.
Liza, Qubanın dağ havası o qədər təmizdir ki. Qarlı Şahdağın zirvəsi, aramla axan Qudyalçayın şırıltısı çox füsunkardır. Babam məni buranın ən görməli yerlərinə – Qəçrəşə, Təngialtı dərəsindəki Afurca şəlaləsinə apardı, Qızbənövşə bulağının saf suyundan da içdim. Qubanın dünyaşöhrətli xalçalarını görmək bir ayrı aləm idi. «Xırdagül çiçi», «Ağgül çiçi» – hər bir xalça özlüyündə bitkin bir sənət əsəridir.
Davud babam, deməzsənmiş, həm də yarıtarixçi imiş. Dağ yəhudilərinin tarixini mənə elə xronoloji ardıcıllıqla danışdı ki. İndi mən asanca beynimə yazılmış bu ardıcıllığı başqalarına nəql edə bilərəm.
Yəhudilər Qafqazda, deməzsənmiş, ta qədimdən yaşayırlarmış.
Movses Kalankatvasiyə görə dağ yəhudiləri eradan əvvəl I əsrdə Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılıb Midiyada məskunlaşmış İsrail oğulları nəslindəndir. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olub.
Liza, yəqin sənə maraqlı olar, bəs niyə «dağ yəhudisi»? Bu «dağ» sözü bilirsən necə ortaya gəlib? Amiran Berketin yazdığına gorə XIX əsrdə Cənubi Qafqazı istila edən ruslar at belində, əyni yapıncılı yəhudiləri görəndə təəccüblə onları dağ yəhudiləri adlandırıblar.
Yəhudilər ilk dönəmdə indiki Dağıstan ərazisində Aba-Sava vadisində sıx məskunlaşıb yaşayırmış. 1797-ci ildə yerli Surxay xan vadiyə hücum edərək kişiləri qılıncdan keçirib. Qırılan qırılıb, qaça bilən özünü sərhədin o tayına – Quba xanlığına yetirib. Bax onda indi Qırmızı Qəsəbənin baş küçəsinə adı verilən Fətəli xan yəhudilərə Qudyalçayın sahilində, karvan yollarının qovuşağında yer verib. Deyilənə görə, Fətəli xan yəhudilərə evlərini elə tikməyi məsləhət görübmüş ki, onları sarayından görə bilsin. Və onu da məsləhət görübmüş ki, təhlükəsiz yaşayarkən bir ocaq qalasınlar, elə ki, nəsə bir təhlükə duydular, onda iki ocaq qalasınlar. Beləcə, azərbaycanlı Fətəli xan dağ yəhudilərinin himayədarına çevrilib, onları məhv olmaqdan xilas edib.
Liza, bizim xalq sayca azdır, ona görə də onların bax bu cür qırğına məruz qalmaları barədə faktları eşitməyim məni çox incitdi.
Bir insanın öldürülməsi günahdırsa, onda gör bütöv bir xalqı qırmaq nə deməkdir?
Qırmızı Qəsəbədə hafizəmə yazılan o qədər xoş təəssürat var ki, heç bilmirəm sənə hansını danışım. Burada yaşlıların qarşısında ayağa dururlar, ağsaqqallara hörmət edirlər. Oğurluq etmirlər, sələmə pul vermirlər, yalan danışmırlar. Müqəddəs kitabdan gələn «şənbə günü işləməmək» qanununa tam riayət edirlər.
Axşam televizora baxırdıq, gənc bir müğənni oğlan elə gözəl oxuyurdu ki. Babam qürurla dedi, bu bizim Xəyyamdır – Xəyyam Nisanov. Sonra xəbərlərdə bir çıxışçı diqqətimi cəlb etdi. Babam dedi, bu da bizim deputatdır, Yevda Abramov.
Başqa kanalda Ağdamdakı müqəddəs ocağı – Seyid Lazım Ağa ocağını göstərirdilər. Babam dedi, bu ocağı bizim Arzu müəllim abadlaşdırıb.
Liza, yəhudilərin yaşadıqları torpaq uğrunda canlarını vermək xüsusiyyətinin daha bir nümunəsi barədə eşitmək məni lap qürurlandırdı. Qırmızı qəsəbəli Albert Aqarunov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə tankıyla şücaət göstərərək şəhid olub, Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.
Babam mənə «Tövrat»dan bir müqəddəs kəlam da söylədi. Dedi, bu kəlamı qulaqlarında sırqa elə: «Oğula görə ata, ataya görə oğul öldürülməsin. Qoy qonşunun sərhədini dəyişdirənə lənət olsun!»
Dağ yəhudiləri sayca az olsalar da, sıralarından o qədər tanınmış simalar yetişib ki. Babam adlarını sadaladı, inran ki, fəxr duydum, gözlərim yaşardı. Liza, sən bir adlara bax: dünya şöhrətli cərrahlar Mardaxayev, İlizarov. Alimlər Yakubov, Aqaev, Abramov. İş adamları Matvey Elizarov, Qod Nisanov, Zarah İliyev, Yan Abramov, Telman İsmayılov, Qavril Yuşvayev. Rəssam Tsvaygenbaum, müğənni Jasmin. Kremldəki naməlum əsgər abidəsinin, «İzmaylovo» mehmanxanasının memarı Rabaev…
Babam deyir, daim bədxahlardan təhlükə hiss etdiklərindən dağ yəhudilərinin beyinləri gecə-gündüz işləyir. Odur ki, onlar daha faydalı düşünə bilirlər.
Canım, təəssüratlarım o qədər bol, deyiləcək sözlərim o qədər çoxdur ki, səhərədək danışsam belə hamısını çatdıra bilmərəm.
Orada vəziyyət necədir? Redaksiyada salamatçılıqdırmı?
Bayaq nənəmin bir rəfiqəsi gəlmişdi məni görməyə. Eynən bizim redaksiyadakı Annaya oxşayırdı, Annanın qoca variantı. Təsəvvür et ki, o da Anna kimi deyingən idi.
Sənə yazmamışdan öncə kiçik vaxt kəsimində saytlara baxdım. İsrailin «Merkava» döyüş tanklarının təkmilləşdirilməsi, Teodor Herslin siyasi sionizm təlimindən müasir dövrdəki sapıntılar barədə oxudum. Fələstinlə konfliktin nizamlanmasında bir qədər də irəliləyiş olmasına sevindim. Qabima teatrının repertuarı ilə də tanış oldum. İnşallah, qayıdıb gəlim, səninlə teatra gedərik.
Amma öz aramızdır, hər səhər «Yerusəlim Post» və «Ediot axronot» qəzetlərinin mətbəə qoxusu verən təzə saylarını oxumaq, Kanal 2-nin səhər proqramına baxmaq, xüsusən də sənin qonur gözlərinə tamaşa edə-edə işdə məxsusi mənim üçün dəmlədiyin qəhvədən içmək üçün darıxıram.
Gedim yatım. Sabaha planlar çoxdur, canım mənim. Sabah – ayrılığımızın sonuncu günündə yenidən sənə yazacağam. Gecən xeyrə qalsın!
Cümə axşamı
Liza, mən çox qəmginəm. Çox dərdli və kədərliyəm. Of, bilsən, bu gün mən nələrdən xəbər tutmuşam…
Sənə demişdim axı, mənə babamın gənc yaşlarında rəhmətə getmiş əmisi Raufun adını qoyublar. Bu gün axır ki, Raufun nə səbəbə rəhmətə getdiyini öyrəndim. Dəhşətə gəldim, Liza. Sən demə, Rauf 1918-ci ildə öldürülüb. Özü də tək yox, minlərlə qubalıyla, Qırmızı qəsəbəliylə birlikdə zabit Amazaspın başçılıq etdiyi ermənilərin hərbi birləşməsi tərəfindən qətliama məruz qalıb. Axı niyə, nə səbəbə? Bu dinc əhalinin axı günahı nə olub ki, həyatdan məhrum ediliblər?
Deməzsənmiş, nişanlı olan Rauf həmin gün – may ayının birində nişanlısı Sonanın ad gününə onun çox sevdiyi xrizantema güllərini hədiyyə etməyi planlaşdırıbmış. Səhər evdən çıxıbmış ki, gedib canından çox sevdiyi sevgilisinə Bazar küçəsindən bir dəstə xrizantema alsın.
Bulvar və Komendant küçələri, Qəza İdarəsi, Şəhər Duması, Barışıq Məhkəməsi, Cümə Məscidi səmtdə qubalıları gülləbaran edən quldurlar Raufu da vurublar. O, nişanlısına xrizantema hədiyyə edə bilməyib, cavan canını qurban verib…
Liza, babamdan xahiş etdim, indiyə kimi əsla haqqında eşitmədiyim bu qətliam barədə məlumat toplamağıma kömək etdi. Məni bir neçə alimlə, tədqiqatçıyla görüşdürdü. Xeyli sənədlə də tanış oldum, qeydlər apardım.
Demək, hər şey belə baş verib: 1918-ci il may ayının 1-də türklərə qarşı amansızlığı ilə tanınan erməni-daşnak zabiti Amazasp Srvandstyanın komandanlığı altında ermənilərdən ibarət 3 min nəfərlik hərbi birləşmə üç istiqamətdən Quba şəhərinə soxulub. Qarşılarına çıxanları ya tüfənglə gülləbaran edən, ya da xəncərlə doğrayan bu qaniçənlər meyitləri də eybəcər hala salırlarmış.
1918-ci ilin martında Bakıda qurulmuş və erməni Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti get-gedə bütün Azərbaycan ərazisində hakimiyyətə yiyələnməkdə israrlıymış. Aprel ayının 23-də onlar zorla Qubada öz hakimiyyətlərini elan ediblərmiş. Lakin yerli ləzgilər silaha sarılaraq bolşevik-daşnak hakimiyyətini deviribmiş. Qaniçən Amazasp bu hakimiyyəti bərpa etməkçün Qubaya göndərilibmiş. Lakin o, silahlı ləzgilərlə vuruşmaq əvəzinə, fürsətdən istifadə edərək, sadəcə, dinc əhalinin qətliamına başlayıb. Onun başkəsənləri pulemyot və tüfənglərlə şəhərə basqın edəndə dəhşətli çaxnaşma düşüb. Birinci gün şəhərin aşağı hissəsində 715, ikinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfər qətlə yetirilib. Qətlə yetirilənlərin xeyli hissəsi uşaq və qadınlar olub. Üçüncü gün də qətliam davam etdirilib.
Küçə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra quldurlar evlərə soxularaq hətta südəmər körpələrə belə rəhm etmədən ailələri qırıblar. Qiymətli əşyaları yığıb götürdükdən sonra isə evləri yandırıblar.
Dördüncü gün Amazasp camaatı Cümə Məscidinin qarşısındakı meydana toplayaraq deyib:
– Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onların mənafeyi üçün vuruşuram. Məni Sovet hökuməti burada qayda-qanun yaratmağa göndərib.
Ümumilikdə, Amazaspın hərbi birləşməsi tərəfindən Quba qəzasında 167 kənd yandırılaraq talan edilib. Quba şəhərində ölənlərin təxmini sayı 2900 nəfərə, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərə çatıb. Ölənlərin arasında yəhudilər də az olmayıb. Qaniçənlərin əlindən evlərini atıb ayaqyalın, başıaçıq halda qaçan yəhudilərin Xaçmaz istiqamətdə palçıq içindəki xarabalıqlarda sığınacaq tapması, yatalaq, çiçək kimi epidemiyalara məruz qalmaları, qarışqa kimi qırılmaları faktları da məlumdur.
Canım Liza, özü də bu faktlar maraqlı tərəf olan Azərbaycan tarixindən götürülməyib, bu faktlar 1918-ci ildə milliyyətcə rus olan bolşevik Aleksandr Novatskinin başçılığı ilə Quba qırğınını təhqid edən Fövqəladə Təhqiqat Komissiyasının istintaq sənədlərindən götürülüb.
Mən dəhşət içindəyəm, Liza. Babam mənə o insanlığa yaraşmayan faciənin sübutunu da göstərdi. 2007-ci ildə Qubada stadion tikiləndə yer qazarkən insan skeletləri aşkarlanıb. 5 və 2,5 metr diametrli iki arx skeletlə doluymuş. İndi burada memorial kompleks fəaliyyət göstərir. Qubaya gələn hər bir kəs bu bəşəri cinayətdən xəbər tutur.
Liza, yalnız öz haqqını tələb edən xalqımız tarixlər boyu zorakılığa, qırğına məruz qalıb. Bax, təbii ki, aşağıda sadaladığım 8 bəndlik qara tariximizi hər bir yəhudi gözəl bilir: XII əsrdə xristian kilsəsi yəhudiləri təqib edib; 1492-ci ildə yəhudilər İspaniyadan zorakılıqla qovulublar; 1881-ci ildə Şərqi Avropada qırğına məruz qalıblar; 1904-14-cü illərdə Kişinyov qətliamı baş verib; 1919-23-cü illərdə yenidən yəhudilər Şərqi Avropadan deportasiya olunublar; 1924-29-cu illərdə Polşa və Macarıstanda təqib ediliblər; 1930-1943-cü illərdə alman nasizminin genosid siyasətinin qurbanı olublar. Ən nəhayət, 1989-90-cı illərdə SSRİ-dəki antisemit qüvvələrin «Pamyat» təşkilatı yəhudiləri kütləvi mühacirətə məcbur edib.
Mən istəyərdim ki, bu qara tarixlərə bundan belə daha ikisi – bizim dağ yəhudilərinin qətliama məruz qaldıqları tarixlər də əlavə edilsin: 1797-ci ildə Dağıstanda – Aba-Sava vadisindəki, habelə 1918-ci ildə Qubadakı qətliamlar.
Sən bu barədə baş redaktorla danışa bilərsən, Liza? Bəlkə bu məsələni gündəmə gətirək?
İndi gecənin bir aləmidir. Yuxum ərşə çəkilib. Sabah sənin yanına qayıdanda, sanıram ki, bu gün çəkdiyim əzabı simamda görəcəksən. Məncə, bircə günə xeyli sınıxmışam.
Liza, o may günlərində amansızlıqla qətlə yetirilən həmin insanların axı nə günahı olub? Yazıq Raufun – həyatının ən gözəl, sevib-sevilmə anını yaşayan 21 yaşlı gəncin nə günahı olub? Başqasının torpağına göz dikən Şaumyanın, Amazaspın iştaha dişləri bir gör nələrin bahasına itilənib.
Eh, Liza. Pisəm, çox pisəm. İndi sənə yazıb qurtarandan sonra əsla yatmayacağam, «Zəbur»u oxuyacağam. «Zəbur» insana ümid verir, onda inam oyadır ki, hər qaranlıq gecənin mütləq bir işıqlı səhəri olur.
Cümə
Bağışla, Liza. Bu gün Qüdsə – ailəmin, kollektivimin və əlbəttə ki, sənin – canım-ciyərimin yanına dönməliydim, amma dönə bilmədim. Bir istək mənim bu gün geri dönməyimə mane oldu. Bütün Qubanı, sonra Xaçmazı ələk-vələk edib xrizantema axtardım, tapa bilmədim. Getdim Bakıya, iri bir xrizantema dəstəsi alıb yenidən Qubaya – Qırmızı Qəsəbəyə qayıtdım. Qəbristanlığa gedib Raufun ölümündən sonra əbədi yasa batan, qara geyinən, elçiləri geri göndərib ta ki ömrünün sonunadək ailə qurmayan nişanlısı Sonanın qəbrini ziyarət elədim, gülləri onun sinədaşının üstünə qoydum.
***
Bəziləri döyüş arabaları,
bəziləri atları ilə öyünür.
Biz isə Allahımız Rəbbin
adı ilə öyünürük.
Onlar büdrəyəcəklər,
yıxılacaqlar.
Biz isə qalxıb dik duracağıq.
(«Zəbur»)