1905.az portalının növbəti həmsöhbəti yazıçı Varisdir.
– Əvvəlcə ənənəvi sayıla biləcək sualı vermək istəyirəm. Necə oldu ki, yazmağa başladınız?
– Mən dövrünün kifayət qədər tanınan filoloqu, ədəbiyyatşünası Musa Yolçuyevin ailəsində dünyaya göz açmışam, evimizdə minlərlə kitab vardı, kitablar arasında böyümüşəm. Artıq 5 yaşımda dəftərdən kəsib ozümçün seçilmış əsərlərimdən ibarət kitab hazırlamışdım. Adını eşitdiyim bütün bədii ədəbiyyat növününü adını kitabın üzərinə yazmışdım. Özü də çap hərfləriylə yazırdım. Guya doğruçu kitab çap eləmişəm. Ədəbiyyata ilk gəlişim isə 90-ci illərin əvvəllərində Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlınin uğurlu yol diləyi və təqdimatıyla hekayələrimin “Ulduz” jurnalında dərci ilə oldu.
– Azərbaycan yazıçısı Varisin Azərbaycanda oxucuları çoxdur. Deyəsən, xarici auditoriyanı da başlamısınız fəth eləməyə?
– Fəth eləmək bir qədər gurultulu səslənir. Amma mənim “Sonuncu ölən ümidlərdir” və “Sənə inanıram” romanlarım tanınmış özbək yazarı Rustam İqbolun tərcüməsində Özbəkistanın “Darakçi” qəzetinin “Bestseller” buraxılışında 126 000 tirajla dərc edilib. Ötən il “Son məktub” romanım İstanbulda işıq üzü gördü və nüfuzlu “1000 Kitab.com” portalındakı “Ən populyar 1000 kitab” reytinqinə daxil oldu. Türkiyənin kitab bazarında dövriyyədə 60 000 adda kitab var.
– Sizin romanlardan biri Türkiyədə tədris proqramına daxil edilib səhv etmirəmsə.
– Doğrudur. “Yetmiş yeddinci gün” romanım Yozqat Bozok Dövlət Universitetində türk dili və ədəbiyyatı fənnindən dərs vəsaiti kimi təsdiqlənib.
– Qayıdaq Azərbaycana. Etiraz etmirsinizsə…
– (Gülür) Əlbəttə, etiraz etmirəm.
– Seriallar da çəkilir sizin romanlarınızın motivləri əsasında. Müəllif kimi razı qalırsınız seriallardan?
– 2 serial çəkilib romanlarım əsasında. “Bir ovuc torpaq” romanım 12, “Sənə inanıram” da 34 seriyalıq film kimi təqdim edilib. Birinci film – “Lider” telekanalında rejissor Sirac Mustafayev, ikinic film “Xəzər”də rejissor Şain Qəhrəman tərəfindən. Razıyam. Və minnətdaram rejissorlarımıza, aktyorlarımıza. Əlbəttə, televiziyalarımıza da.
– Bir qədər də Qarabağdan danışaq. Bu mövzuya kifayət qədər yer ayırmısınız əsərlərinizdə…
– “Son məktub” romanımda Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər də yer alıb. Yeri gəlmişkən, bu kitab Avropanın ən nüfuzlu universitetlərindən biri hesab edilən Böyük Britaniyadakı Birmingem Universitetinin kitabxanasının əsas fonduna qəbul edilib. ”Əzilmiş fotoşəkillər” romanımda Sumqayıt hadisələri ilə bağlı yazmışam. Əslində bu hadisələrin necə, kimlər tərəfindən törədilməsi açıqlanır bu romanda.
”Metamorfoza”da qəhrəmanların dili ilə ATƏT-in Mİsk qrupunun fəaliyyətsizliyini pisləyirəm, rəhmətlik Mübariz İbrahimov vəsf olunur bu romanda.
Yeri gəlmişkən, bu romanlarım Rusiyanın Proza. ru ədəbiyyat serverində yerləşdirilib.
Qarabağ mövzusunda ən böyük səs-küy qoparan romanım isə “Bir ovuc torpaq” olub. Bu romana görə Azərbaycan hökümətinin “Qızıl kəlmə” ali ədəbiyyat mükafatına layiq görülmüşəm. Qarabağ Azadlıq Hərəkatının rəhbəri Akif Nağı söyləyib ki, bu roman bütöv ordu qədər iş görüb. Hətta romana görə ermənilər sosial şəbəkədə məni lənətləmə kampaniyası da aparıblar.
– Sizin kitablarınızın cildində “lütfən pirat nüsxələrini almayın!” cümləsinə rast gəlmişəm. Piratlarla mübarizə apara bilirsinizmi?
– Düzü apara bilmirəm. Bunun konkret yolları hələ ki, yoxdur məncə. Qəribədir ki, çoxları deyirlər – pirat kitabların çıxırsa, demək kitablarına tələbat var, bunun nəyi pisdir?
– Sizi ciddi tənqid atəşinə tutanlar da var…
– Mən ədəbiyyata belletristika nümunəsi ilə gəlmişəm, etiraf edirəm. kitab oxunmayan bir ölkədə məşhur yazıçı olmaq istəyindən gələn zəruri bir addım idi bu. Amma sonralar ən müxtəlif – vətənpərvərlik, tarixi, psixoloji və s. mövzularda, ən müxtəlif formalarda romanlar ortaya qoyub daha mütaliəli, daha tələbkar oxucu təbəqəsini də öz oxucularıma çevirdim. Yaradıcı işdə mubahisələr də olar, obyektiv tənqid də. Əlbəttə ki, qocaman yazarlarımızın, tənqidçilərimizin istənilən iradını, tənqidini qəbul edirəm. Uğur qazana bilməyən, oxucusu olmayan yazarların hücumları paxıllıqdır, cümləni zorla quran hansısa bir oxucunun hücumu isə haqsızlıq.
–Uğurlar.
Fuad Babayev
1905.az