İnsanlar çox vaxt özlərinə əziyyət verib araşdırmaqdansa , eşitdiklərinə inanmağı üstün tuturlar. Baş verən hadisələrin dərinliyinə getmədən, oxuyub, araşdırmadan müəyyən bir fikrə gəlirlər. Polyak mediasında apardığım araşdırmaya əsasən deyə bilərəm ki, polyaklar da Ermənistanın Azərbaycana təcavüzündən xəbərsizdilər, türklərin ermənilərə qarşı soyqırım törətdiklərinə inanırlar. Və onların bu inamları oxuduqlarına deyil, erməni dostlarından eşitdiklərinə əsaslanır. Bununla belə, polyak gənclərinin arasında insanları obyektiv düşünməyə, tarixdə nəyin necə baş verdiyini oxuyub, araşdırmağa çağıranlar, hadisələrin heç də bu cür cərəyan etmədiyini deyənlər də var. Azərbaycan xalqına qarşı törədilmiş soyqırım haqqında “Soyqırımın bir neçə adı var” (Holokaust niejedno ma imię) adlı məqalənin müəllifi yazıçı- publisist Vitold Mixaylovski belələrindəndir. Yazıçı dəfələrlə Azərbaycana səfər edib, ölkənin tarixi, mədəniyyəti və adət-ənənələri ilə yaxından tanışdır. Məqalədə e.ə 1-ci əsrdən başlayaraq bu günə qədərki hadisələr, habelə ermənilərin Azərbaycana köçürülməsi haqqında ətraflı məlumat verilib. Məqalədə qondarma erməni soyqırımı belə izah olunur: “Osmanlı İmperiyasında mühüm maliyyə işləri ermənilərin əlində idi. Ermənilərin Türkiyədə yaşadığı dövrdə baş verən vətəndaş müharibəsi yüzminlərlə insanın ölümünə səbəb oldu. Ermənilər Türkiyədə onlara qarşı soyqırım törədildiyini iddia etsələr də, yüz il keçməsinə baxmayaraq, kütləvi məzarlıqlar tapılmayıb.”
Yazıçı XIX əsrin əvvəllərində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasından sonra, Rusiyanın və ermənilərin Azərbaycan ərazisində erməni dövləti yaratmaq planlarından danışır, onların tarixi torpaqlarımıza – Yerevana, Qarabağa, Naxçıvana, Zəngəzura, Dərələyəzə, Ordubada, Vedibasara köçürülmələrindən bəhs edir. Müəllif 1905-1907-ci illərdə, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımın da üstünü açır. Ötən əsrin əvvəlllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri zorakılıq və qəddarlığın görünməmiş həddə çatdığını vurğulayan Mixaylovski, 1905-1907 və 1918-1920-ci illərdə ermənilərin 2 milyon azərbaycanlını evlərindən zorla çıxardıqlarını, işgəncəyə məruz qoyduqlarını və öldürdüklərini qeyd edir. Yazıçı 1918-ci il azərbaycanlılara Bakıda divan tutulmasında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunasının böyük rol oynadığına və Bakıda 12 min nəfərin qətlə yetirildiyinə diqqəti cəlb edir. Stalinin sərəncamı ilə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı soydaşlarımızın strateji əhəmiyyət daşıyan zonalardan çıxarıldığını qeyd edir. 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən V.Mixaylovski, azərbaycanlıların Ermənistandan qovulmasından, tarixi Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalından danışır. Bu münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımını Xatın, Liditse, Sonqmi, Oradur, Sabra və Şatila soyqırımları ilə bir cərgəyə qoyan müəllif, 613 nəfərin, o cümlədən 63 uşağın, 106 qadının, 70 yaşlı şəxsin ancaq azərbaycanlı olduğuna görə öldürüldüyünü vuirğulayır. Məqalədə soyqırımın xüsusi qəddarlıqla həyata keçirildiyi bildirilir, aşağıdakı siyasi və geostrateji məqsədlər daşıdığı bildirilir: “1. Rusiyanın regionda və Cənubi Qafqazda itirdiyi gücünü geri qaytarmaq və Azərbaycanı MDB-yə daxil olmaqdan imtina etdiyi üçün cəzalandırmaq; 2. Azərbaycanda ümumi psixoz yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq, etnik separatizmi gücləndirmək; 3. Azərbaycanı federalizmə sürükləmək; 4. Azərbaycana qarşı davamlı təcavüzü təmin etmək üçün ermənilərdən təşkil olunmuş ordu yaratmaq; 5. Azərbaycan xalqının torpaqlarını itirməsi faktı ilə barışmasını təmin etmək”.
Mixaylovski bildirir ki, Xocalı faciəsi haqqında həqiqətlər faciə qurbanları ilə birlikdə dəfn edilməməlidir. O, ermənilərlə azərbaycanlılar arasında münasibətlərin bərpası üçün Xocalı faciəsi barəsində istintaq işinin açılmasının və faciəni törədənlərin cəzalandırılmasının ilk addım olduğunu qeyd edir və bu məsələdə polyakların azərbaycanlıların ağrılarını başa düşdüyünü deyir. Çünki Sovet İttifaqı dağıldıqdan sonra, Katın hadisələri zamanı polyak xalqına divan tutulmasının etitaf edilməsi rus-polyak əlaqələrinin bərpasında ilk addım olmuşdu.
Qumral Hüseynzadə