Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib, qonağa bu sahədə uğurlar arzulayıb.
Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdıran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq. BMT-nin çox fəal üzvü olan Azərbaycan həmişə təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir.
Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağrıldığını xatırladan S.Qafarova bu tədbirin əhəmiyyətini qeyd edib: “Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il martın 23-də BMT İnsan Hüquqları Şurasının 46-cı Sessiyası çərçivəsində və 2021-ci il dekabrın 16-da Baş Assambleyanın 76-cı Sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir”.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat verən Sahibə Qafarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü ilə həyata keçirib. Üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu diqqətə çatdıran Milli Məclisin sədri hazırda Cənubi Qafqaz regionunda yeni reallıq yarandığını, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparıldığını qeyd edib. Bildirilib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb. Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə UNESCO bu ərazilərdə qiymətləndirmə aparmayıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.
BMT-nin nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.
Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.
Vladanka Andeyeva BMT və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.