“Azərbaycanın Milli Qəhrəmanları” kitabının müəllifi Vüqar Əsgərov www.1905.az portalının suallarını cavablandırdı.
– 2010-cu ildə “Azərbaycanın Milli Qəhrəmanları” kitabının ikinci nəşri işıq üzü görüb (birinci nəşr 2005-ci ildə gerçəkləşib). Əvvəlcə bu kitabın ərsəyə gəlməsi barədə danışaq.
– 2001-ci ildən Respublika Xatirə Kitabı redaksiyasında çalışıram. Respublika Xatirə Kitabı redaksiyası əvvəllər Mətbuat və İnformasiya nazirliyinin tərkibində idi, hazırda isə Mədəniyyət və Turizm nazirliyinin tabelyindədir. Xatirə Kitabını bəziləri dərk etmir, elə bilirlər ki, Xatirə Kitabı kiminsə xatirəsindən yazır. Bu belə deyil. Xatirə Kitabı ümumilikdə Böyük Vətən Müharibəsindən üzü bəri 20 Yanvar, Xocalı, Qarabağ şəhidlərinin hamısı haqqında toplum halında məlumatlardır. Yəni şəhidlərin ensiklopediyasıdır. O redaksiyanın baş redaktoru əvvəllər Nəriman Həsənəliyev idi. O rəhmətə gedəndən sonra onun yerinə Nahid Hacızadə gəldi. O redaksiya Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 1989-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. II Dünya müharibəsinin əhatə etdiyi bütün ölkələrdə Xatirə Kitabı var. Biz onlarla əməkdaşlıq edirik.
– Yəni Sovet İttifaqı yoxdur, amma həmin əlaqələr qalıb.
– Təkcə postsovet məkanı deyil. Almaniyanın özündə, Polşada, Avstriyada, Fransada, İtaliyada bizim əlaqələrimiz var və indi yeni-yeni informasiyalar üzə çıxır. 2010-cu ildə Avstriyadan bizə göndərilən kitabda orada dəfn olunan azərbaycanlılar haqqında informasiya var idi. Araşdırma davam etdiyi üçün tam siyahısını hələ dəqiqləşdirə bilməmişik. Siyahı tam hazır olandan sonra mətbuata çıxarılacaq. Bu isə ola bilsin ki, hələ də itkin düşmüş sayılan şəxslərin siyahısına da müəyyən aydınlıq gətirəcək. Başqa bir misal. Bu yaxınlarda Moldovada dəfn edilmiş təxminən 209 nəfər azərbaycanlının siyahısını əldə etmişik. Ümummilli liderimizin 1997-ci ildə imzaladığı fərmanla Qarabağ müharibəsi şəhidlərini də bura daxil etdik. 2001-ci ildə mən bu redaksiyaya gələndə özüm hərbidə olmuş adam kimi Azərbaycanın Milli Qəhrəmanları haqqında kitab nəşrini təklif etdim. Düzdür mövzu ağır və çətin idi. O vaxt biz Milli Qəhrəmanların heç dəqiq siyahısını bilmirdik. Siyahını dəqiqləşdirdikdən sonra biz rayon-rayon, bölgə-bölgə onlar haqqında informasiya toplamağa başladıq. 2005-ci ildə bu kitabın birinci nəşrini ərsəyə gətirib, onun təqdimatını keçirdik. Kitabın birinci nəşrindən keçən 5 il müddətində ora iki Milli Qəhrəmanımız Mübariz İbrahimov və Elton İsgəndərov əlavə olundu, bəzi dəqiqləşdirmələr aparıldı, müəyyən səhvlər aradan qaldırıldı. Yəni əlavə və düzəlişlərlə bu kitabı 2010-cu ildə yenidən çap etdik. 2010-cu ildə mən bir problemlə qarşılaşdım. Mirbəşir Seyidzadə adlı şəxs mənim kitabımın 2005-ci il variantını olduğu kimi köçürüb öz adı ilə çap etdi, təqdimatını keçirdi. Biz onu məhkəməyə verdik və məhkəmədə də onun mənim kitabımı plagiat etdiyi üzə çıxdı. Məhkəmənin bizim haqlı olduğumuzu sübut etməsinə rəğmən müəyyən səbəblərdən biz də çox dərinə getmədik. Bir şeyə nail olduq ki, o kitab tam yayımlanmadı.
– Məhkəmənin hökmü necə oldu?
– Sözün düzü o kitabın tam şəkildə yayımlanmaması şərti ilə biz məhkəmədən imtina etdik.
– Jiroxov soyadlı bir Rusiya publisistinin postsovet məkanındakı silahlı münaqişələr, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü haqqında kitabları var. Onun “Məşhur olmayan müharibənin xronikası” (Михаил Жирохов: Меч и огонь Карабаха. Хроника незнаменитой войны. 1988-1994 – red.) adlı kitabında Ermənistanın və Azərbaycanın qəhrəmanları haqqında məlumatlar verilib. O kitabda səhv etmirəmsə, Azərbaycanın 200-ə yaxın, Ermənistanın isə cəmi 15 milli qəhrəmanının adı verilib. Onların içərisində kaliforniyalı milyarder Kirk Kerkoryan, məşhur şansonye Şarl Aznavur, 1999-cu ildə Ermənistan parlamentindəki terror aktı zamanı qətlə yetirilmiş Karen Dəmirçiyan, Vazgen Sarkisyan, ASALA-nın bizim hərbçilər tərəfindən zərərsizləşdirilmiş terrorçusu Monte Melkonyan və s. şəxslər var. Cəmi 15 nəfər.
– Bu sualı çox adam verir. Ancaq o zaman biz müharibəyə hazır deyildik. Ordumuz yox dərəcəsində idi. Milli ordumuz olmadığı üçün ilk milli qəhrəman adı 17 nəfər polisə verilib. Ondan sonra isə bu ada hərbçilər layiq görülüb. Bu nəyə görə lazımdır? Sovet dönəmində, II Dünya müharibəsi vaxtında da döyüşçüləri həvəsləndirmək üçün belə təltiflərə ehtiyac var idi. Bizim özümüzdə də o zaman belə adlara ehtiyac var idi. Həmin dövrdə Milli Qəhrəman adının statusu məlum deyildi, elə bir imtiyazı da yox idi. Milli Qəhrəman adı 1992-ci ildə təsis edildi. Onun üstünlüklərindən biri də özünü 1992-ci ildə Ağdərə döyüşlərində büruzə verdi. Ağdərə tamamilə düşməndən azad edildi. Demək bu meyarlar haradasa lazım idi. Mən deməzdim ki, bizim milli qəhrəmanlarımızın sayı çoxdur. Düzdür, işğal altında olan torpaqlarımız var. Amma, Ermənistanın arxasındakı qüvvələri də nəzərdən qaçırmaq olmaz.
– Vüqar müəllim, Sizin kitabda bioqrafik arayışlar yer alıb. 2005-ci ildə bu kitabın birinci, 2010-cu ildə isə ikinci nəşri işıq üzü görüb. Sizdə bu kitabın növbəti, üçüncü nəşrini bir qədər fərqli aspektdə çap etmək fikri varmı?
– Düzdür, bu kitabı öncə bioqrafik məlumatlar kimi çap etdik. Amma, növbəti nəşrləri bədii-publisistik tərtibatda verməyi nəzərdə tuturduq. Mən öz şəxsi vəsaitim hesabına Milli Qəhrəman Maşallah Abdullayev haqqında ayrıca kitab nəşr etdim. Amma, bunların hamısına vəsait çatdırmaq mümkün deyil. Hazırda hər bir Milli Qəhrəman haqqında ayrılıqda kitab buraxmaq Redaksiyanın qarşısına qoyduğu məqsədlərdən biridir. Ancaq bu kitabların nəşri müəyyən vəsait tələb edir. Bunun yazılması, elə də asan deyil. Bir kitabın ərsəyə gəlməsinə təxminən bir il vaxt sərf edilir. Mənə hər bir Milli Qəhrəman haqqında ayrılıqda kitab yazmaq təklif edildi. Amma, artıq mənim ona gücüm çatmır. Bir informasiya əldə etmək üçün bəlkə də yüz qapını döymək lazım gəlir.
– Kitab öz yerində internet müstəvisinə və televiziya ekranına keçid nə vəziyyətdədir?
– Mədəniyyət və Turizm nazirliyinin “Yaddaş” sənədli filmlər studiyası var. “Yaddaş” film studiyası 2 il bundan öncə Milli Qəhrəmanlarımız haqqında silsilə filmlər çəkməyə başlayıb. Mən orada 6-7 filmin ssenari müəllifi, bir neçə filmin isə redaktoru olmuşam.
– Bu kitabın üçüncü nəşri olacaqmı?
– Hələ ki, bilmirəm. Bu kitabın plagiat nəşrləri, müxtəlif saytlarda və qəzetlərdə kitabdakı materialların eynilə verilməsinin dəfələrlə şahidi olmuşam.
– Vüqar müəllim, kimsə sözügedən nəşrdən hər hansı informasiyanı Sizin kitaba istinad verməklə çap edirsə və ya saytda yerləşdirirsə Sizin buna da iradınız olur?
– Xeyr, qətiyyən. Məni yoran kitabımın “klon”larıdır. Əsərin surəti çıxarılaraq başqa müəllifin adı ilə çap edilir. Təzəlikcə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov da eynilə mənim kitabı köçürüb. Bu haqsızlıqlar məni yorur. Bir nəfəri cəzalandırmırlar. Əksinə, bu təriflə qarşılanır. Bu gün mənim haqqıma giribsə, sabah Sizin haqqınıza girəcək.
– Yüksək ada layiq görülməmiş minlərlə qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün nələr edilir və yaxud nələr etmək olar?
– Fərdi şəkildə yanaşılanda mən həm bir döyüşçü kimi, həm bir türk oğlu kimi öz üzərimə düşən işi görürəm. Hazırda polisdə işləyən Bilal Məmmədov adlı Qarabağ müharibəsinin iştirakçısı var. O Ağdərənin Sırxavənd kəndindəndir. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Mən onun haqqında kitab (“Sinəmdə yurd dağı var”, Bakı, “Araz” nəşriyyatı, 2012 – red.) yazana qədər onun iş yoldaşları da bilmirdi ki, o belə bir qəhrəmandır. Kitabın ön sözünün müəllifi Sərxan Xavəridir. Bilal Məmmədov təkcə özü 6 erməni tankını məhv edib. Bundan sonra “Bir ovuc torpaqdır yarama məlhəm” kitabını cəbrayıllı şəhid Səmədov Sabirə həsr etdik. Bu mənim üzərimə düşən işdir. Amma, Respublika Xatirə Kitabı sırf dövlət xətti ilə yarandığına görə onlar kompleks şəklində paylanılır. Şəhid ailələrinə həmin kitablar pulsuz verilir. Orada da qısa ensiklopedik məlumatlar gedir. Bir məsələyə də diqqət çəkmək istəyirəm. Şəhid, veteran və əlil adı altında çoxsaylı ictimai təşkilat və birliklər fəaliyyət göstərir. Bu sahədə onlar da öz öhdəsinə düşən işi görməlidir.
– Ermənilərdə necədir bu vəziyyət? Bayaq qeyd etdiniz ki, Xatirə Kitabı Redaksiyası olaraq Polşa ilə, Avstriya ilə, postsovet məkanı ilə əlaqələriniz var. Təbii ki, Sizin Ermənistanla belə bir əlaqəniz ola da bilməz. Amma, əks-sədası gəlməmiş olmaz. Onlarda Milli Qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi necədir?
– Mən Sizə deyim ki, ermənilər bu sahədə də bizi qabaqlayıblar. Onların saytlarına baxanda məlumatların zənginliyi diqqəti cəlb edir. Bu Xatirə Kitabının erməni analoqu da var. Ermənistana o vaxt biz telefonoqram göndərdik ki, biz burada olan ermənilərin siyahısını sizə verək, siz də orada olan azərbaycanlıların siyahısını bizə verin. Amma, onlar imtina etdilər. İndi internet informasiya əldə etmək imkanlarını xeyli sadələşdirib. Bizim artıq Moskva arxivləri ilə əlaqələrimiz var.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az